
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib.
Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqların əriməsinə səbəb olur. Süxurlardan ayrılan ağır metallar isə ərazinin əsas içməli su mənbəyi olan İsdammen gölünə qarışır.
Alimlərin sözlərinə görə, torpağın əriməsi pirit mineralı olan süxurların su və oksigenlə təmasına şərait yaradır. Nəticədə yaranan turşu ağır metalların suya qarışmasına səbəb olur.
2025-ci ilin sentyabrında aparılan yoxlamalar zamanı suda manqanın miqdarının tövsiyə edilən həddi 25 dəfə üstələdiyi müəyyənləşdirilib. Təxminən 2 600 sakinin yaşadığı qəsəbədə təmiz suyun pulsuz paylanmasına başlanılıb.
Manqanın səviyyəsi sonradan azalsa da, bu ilin əvvəlində aparılan ölçmələrdə sulfat və nikelin miqdarının da tövsiyə edilən hədləri keçdiyi aşkarlanıb. Buna görə kran suyunun içilməsi qadağası qüvvədə qalır.
Qəsəbənin meri Terje Aunevik problemin həlli üçün yeni su təchizatı şəbəkəsinin qurulmasının lazım gələ biləcəyini bildirib. Alternativlər arasında göldə filtrasiya sisteminin yaradılması və dəniz suyunun duzsuzlaşdırılması üçün qurğunun tikilməsi var. Lakin hər iki variantın baha başa gələcəyi bildirilir.
Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi nəticəsində daimi donmuş torpaqların əriməsi Arktikanın digər ərazilərində də içməli su ehtiyatlarını çirkləndirə bilər. Kanadanın şimal bölgələri və Alyaska da bu risklə üzləşə bilər.
Günay

