
ABŞ alimləri Yer üçün təhlükə yarada biləcək asteroidlərin nüvə partlayışı vasitəsilə istiqamətini dəyişdirmək və ya onları parçalamaq imkanlarını kompüter modelləşdirməsi ilə araşdırıblar. Nəticələr göstərib ki, müəyyən şəraitdə nüvə qurğusunun yaratdığı təsir asteroidin ciddi zədələnməsinə və parçalarının onun cazibə qüvvəsindən kənara çıxmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.
Araşdırma Lourens Livermor Milli Laboratoriyasının alimləri tərəfindən aparılıb. Tədqiqatçılar nüvə qurğusunun asteroidin yaxınlığında partlaması zamanı yaranan rentgen şüalarının səthdəki materialı sürətlə qızdıraraq buxarlandırmasını və nəticədə cismin hərəkətinə necə təsir göstərməsini modelləşdiriblər.
Alimlər əvvəlcə Spheral proqramının nəticələrini mövcud modellərlə müqayisə ediblər. Daha sonra diametri təxminən 160 metr olan, qeyri-müntəzəm formaya malik asteroid üçün üç fərqli parçalanma ssenarisi sınaqdan keçirilib. Modellərdə partlayışın asteroidə olan məsafəsi və onun materialının parçalanmaya davamlılığı kimi amillər nəzərə alınıb.
Ən uzunmüddətli simulyasiyada asteroid materialının təxminən 98 faizinin ciddi zədələndiyi, təxminən 97 faizinin isə cismin cazibəsindən qurtulmaq üçün lazım olan sürəti aşdığı müəyyən edilib. Tədqiqatçılar bunu asteroidin parçalanma prosesinə girdiyinin göstəricisi kimi qiymətləndiriblər.
Alimlər asteroid təhlükəsinə qarşı iki əsas yanaşmanı nəzərdən keçirirlər. Birinci üsul cismin sürətini cüzi dəyişərək onun Yerə çırpılmasının qarşısını almaqdır. İkinci üsul isə asteroidi parçalara ayıraraq təhlükəni azaltmağa çalışmaqdır. Bununla belə, parçaların Yerə təhlükə yaradıb-yaratmayacağı onların ölçüsündən, sürətindən və hərəkət istiqamətindən asılıdır.
Qeyd edək ki, NASA 2022-ci ildə DART missiyası çərçivəsində kosmik aparatın Dimorfos asteroidinin peyki ilə toqquşmasını təmin edərək səma cisminin hərəkət istiqamətini dəyişməyin mümkünlüyünü nümayiş etdirib.
Tədqiqatçılar vurğulayırlar ki, yeni nəticələr kompüter modelləşdirməsinə əsaslanır. Nüvə partlayışının real asteroidə qarşı istifadəsi hələ praktikada sınaqdan keçirilməyib. Təhlükənin qarşısını almaq üçün əsas amillərdən biri isə potensial təhlükəli asteroidin mümkün qədər erkən aşkarlanmasıdır.
Aydın
