
Bəzi insanların yüksək kalorili qidalar qəbul etsələr də, kökəlməməsi genetik xüsusiyyətlərlə bağlı ola bilər.
Qaynarinfo-nun “Futura” nəşrinə istinadən məlumatına görə, 1 milyon 32 min 116 nəfərin məlumatlarını əhatə edən araşdırmada maddələr mübadiləsinə təsir edən 59 gen müəyyən edilib.
Alimlərin xüsusi diqqətini FNIP1 geni cəlb edib. Bu genin fəaliyyətini zəiflədən nadir varianta sahib insanlarda bədən çəkisi, yağ faizi, qanda şəkər və lipidlərin səviyyəsi, eləcə də qaraciyərdə yağ toplanması daha aşağı olub.
Siçanlar üzərində aparılan təcrübələrdə də FNIP1 geninin qaraciyərdəki fəaliyyətinin zəiflədilməsi müsbət nəticə verib. Yüksək yağ və şəkər tərkibli qidalarla 30 həftə bəslənən siçanlar çəki almayıb və qaraciyərlərində yağ toplanmayıb.
Tədqiqatçılar hesab edirlər ki, FNIP1 genini hədəf alan dərmanların hazırlanması gələcəkdə piylənmə və diabetlə mübarizədə yeni imkanlar yarada bilər. Bununla belə, bu yanaşmanın insanlarda təhlükəsizliyini və effektivliyini təsdiqləmək üçün əlavə araşdırmalar lazımdır.
Məqalədə bildirilir ki, təxminən hər 7 min insandan biri FNIP1 geninin bir nüsxəsini təsirsiz hala gətirən nadir genetik varianta malikdir. Bununla yanaşı, alimlər sağlam çəkinin qorunmasında balanslı qidalanma və fiziki aktivliyin əhəmiyyətini vurğulayırlar.
Günay