Xəbər lenti

Süni intellekt insanın xatirələrini dəyişə bilər (ARAŞDIRMA)
Dünya23:00 19.10.2026

Süni intellekt insanın xatirələrini dəyişə bilər (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Süni intellektin hazırladığı mətnlərdəki yanlış məlumatlar insanların gördükləri hadisələri xatırlama tərzinə təsir edə bilər. Araşdırma göstərib ki, insanlar süni intellektin yaratdığı səhv məlumatları sonradan öz xatirələri kimi qəbul edə bilərlər.

Qaynarinfo xəbər verir ki, Corctaun və Vaşinqton universitetlərinin alimlərinin apardığı araşdırma bu qənaətə gəlib. Nəticələr “Gizmodo” nəşrində dərc olunub.

Təcrübədə ABŞ-dan olan 328 yetkin iştirakçı 25 saniyəlik avtomobil qəzası videosuna baxıb. Ertəsi gün onlara “ChatGPT” vasitəsilə hazırlanmış hadisə təsviri təqdim edilib. Mətn yolayrıcında hansı yol nişanının olduğunu düzgün və ya yanlış göstərib.

Düzgün təsviri oxuyan iştirakçıların 83,6 faizi yol nişanını doğru xatırlayıb. Yanlış məlumatla tanış olan qrupda isə bu göstərici cəmi 44,8 faiz olub. Mətnin süni intellekt, yaxud insan tərəfindən yazıldığının deyilməsi nəticələrə ciddi təsir göstərməyib.

Süni intellektin hazırladığı mətnin yanlış olduğunu düşünən iştirakçılar arasında belə, düzgün cavab verənlərin payı 46,3 faiz təşkil edib. Eyni mətnin insan tərəfindən yazıldığını düşünənlərdə isə bu göstərici 43,4 faiz olub. Beləliklə, araşdırma yanlış məlumatın yaddaşa təsirini göstərsə də, süni intellekt mətnlərinin insan yazısından daha inandırıcı olduğunu sübut etməyib.

Tədqiqatçılar həmçinin “ChatGPT” və “Gemini” modellərindən iki qısa videonu təsvir etməyi istəyiblər. Hazırlanan 20 mətnin hər birində 7-21 səhv qeydə alınıb. Modellər vacib detalların orta hesabla 51,6 faizini nəzərdən qaçırıb. Mətnlərin 95 faizində videoların əsas hadisəsi – avtomobilin piyadanı vurması qeyd olunmayıb.

Alimlər bildirirlər ki, nəticələr polis və tibb kimi sahələrdə xüsusi əhəmiyyət daşıyır. Video və audio yazılar əsasında süni intellektlə hazırlanan hesabatlardakı səhvlər yalnız sənədlərin dəqiqliyinə deyil, insanların hadisələri sonradan necə xatırlamasına da təsir göstərə bilər.

Bununla belə, araşdırmanın müəyyən məhdudiyyətləri var. Süni intellekt modellərinin təhlili cəmi iki qısa animasiya videosunu əhatə edib, təcrübədə isə bir yanlış detalın yaddaşa təsiri yoxlanılıb. İştirakçılara təqdim olunan mətn də “ChatGPT”yə verilən bir neçə sorğudan sonra seçilərək redaktə edilib.

Günay