
Ronni Stam azarkeşlərin sevimli futbolçularından birinə çevrilmək üçün bütün xüsusiyyətlərə malik idi. Breda şəhərində sadə şəraitdə böyüyən Stam uşaqlıqdan azarkeşi olduğu “NAC Breda” klubunda yerli ulduza çevrildi, “Tvente” ilə tarixi Erediviziya çempionluğu qazandı və karyerası ərzində “Uiqan Atletik”in gözlənilməz İngiltərə Kuboku zəfərində mühüm rol oynadı.
Sərt müdaxilələri və yüksək dözümlülüyü ilə seçilən sağ cinah müdafiəçisi Stam meydanın kənarı boyunca dayanmadan irəli-geri hərəkət edir, güclü zərbələri və dəqiq ötürmələri ilə rəqibləri üçün təhlükə yaradırdı. “Uiqan”ın baş məşqçisi Roberto Martines taktiki düşüncəsi ilə seçilən niderlandlı futbolçu haqqında belə demişdi: “İnsanlar onun oyununu izləmək üçün pul ödəməkdən məmnundurlar”.
Stam yüksək liqaya yüksəlmək uğrunda mübarizə aparan “NAC Breda”ya qayıdaraq başladığı yerə döndü və yerli qəhrəman statusunu daha da möhkəmləndirdi.
Lakin futbolçu karyerasını başa vurduqdan səkkiz il sonra Stam 2 000 kiloqramdan çox kokainin Avropaya qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil etməkdə və 2,6 milyon avronun yuyulmasında ittiham olundu. Niderland və İngiltərədə böyük rezonans doğuran hadisədən bir il sonra o, qardaşı ilə birlikdə təqsirli bilindi və yeddi il müddətinə azadlıqdan məhrum edildi.
Stamın vəkilləri onun qumar asılılığı nəticəsində yaranan böyük borcların təsiri ilə cinayət aləminə sürükləndiyini bildirdilər. Lakin onun hekayəsi Niderland futbolu ilə narkotik ticarəti arasındakı əlaqələrə dair narahatlığı artıran çoxsaylı acı nümunələrdən biridir.
Yerli əfsanə

Stam çalışqan müdafiəçi kimi “Tvente” və “Uiqan”la nadir kubok zəfərləri yaşayaraq uğurlu karyera qurmuşdu.
Niderland, Fransa və Belçika hüquq-mühafizə orqanlarının genişmiqyaslı əməliyyat çərçivəsində onu həbs etməsindən, şifrəli mesajlarda nəzarətində olduğunu iddia etdiyi böyük həcmdə kokain və inanılmaz pul məbləğləri ilə öyünməsindən, evinə əl qumbaralarının atılmasından və atəş açılmasından, qumar asılılığı ilə borcların həyatını nəzarətə götürməsindən xeyli əvvəl Ronni Stam Bredada yetişmiş istedadlı futbolçu idi.
Belçika sərhədindən avtomobillə qısa məsafədə yerləşən Şimali Brabant əyalətində doğulan müdafiəçi səkkiz yaşında “NAC”ın akademiyasına qoşuldu. Bir neçə il sonra isə “Feyenoord” tərəfindən transfer edildi. Klubun və milli komandanın müxtəlif yaş qruplarında irəlilədikdən sonra “NAC”a qayıtdı.
Stam Erediviziyada debütünü 2003-cü ilin mayında, 18 yaşında, “AZ Alkmaar” üzərində 4:0 hesablı qələbə qazanılan oyunda etdi.
“NAC”da keçirdiyi altı mövsüm ərzində sağ cinahdakı mübariz oyun tərzi ilə azarkeşlərin sevgisini qazandı. Onun ən yaddaqalan anlarından biri isə 2006-cı ildə “Herakles”ə 2:4 hesabı ilə uduzduqları matçda yaşandı. Həmin qarşılaşmada sol cinah müdafiəçisi mövqeyindən irəli çıxaraq mərkəzə doğru hərəkət edən Stam uzaq məsafədən gözlənilməz və möhtəşəm qol vurdu.
Sabit çıxışı 2008-ci ilin yayında Stiv Maklarenin rəhbərlik etdiyi “Tvente”yə 2,5 milyon avroya transfer olunmasına şərait yaratdı.
Stamın karyerası Ensxedə yeni mərhələyə qədəm qoydu. İlk mövsümündə “Tvente” Erediviziyanı “Ayaks” və PSV-ni qabaqlayaraq ikinci pillədə başa vurdu. Komanda yalnız Lui van Qaalın rəhbərlik etdiyi “AZ Alkmaar”dan geri qaldı.
İngiltərə Premyer Liqasının klubları Stamla maraqlanmağa başlasalar da, futbolçu “Tvente”nin tarix yazmasına kömək etmək üçün komandada qalmağa qərar verdi.
2009–2010-cu illər mövsümünün son turunda “NAC Breda”nı məğlub edən “Tvente” tarixində ilk dəfə Erediviziya çempionu oldu. Komanda Martin Yolun rəhbərlik etdiyi “Ayaks”ı bir xal qabaqladı.
Bredada keçirilən oyundan sonra Stam boş meydanda gəzərkən onu alqışlayan “NAC” azarkeşləri futbolçunu ayaq üstə alqışladılar.
Yeni çağırış axtaran Stam Qreqori van der Vilin yerinə “Ayaks”a keçmək imkanı əldə etdi. Lakin Van der Vilin “Bavariya”ya transferi baş tutmadığından o, Premyer Liqa təmsilçisi “Uiqan”a üz tutdu.
Transfer prosesi asan keçmədi. “Tvente” Stamdan müqaviləyə əsasən transfer məbləğindən almalı olduğu paydan imtina etməsini tələb etdi. Futbolçu bununla razılaşmadı və hüquqi müstəvidə mübarizəyə başladı. Nəticədə məhkəmədə qalib gəldi. Klubun Arnhem Ali Məhkəməsinə şikayəti də uğursuz oldu və 150 min avro Stamda qaldı.
Stam “Uiqan”da Martinesin hücumameyilli və iddialı komandasında üç mövsüm keçirdi. O, Uqo Rodalyega, Viktor Mozes, Maynor Fiqeroa və Arouna Konye kimi futbolçularla birlikdə çıxış edirdi.
Martines 2010-cu ildə Stam haqqında belə demişdi: “Ronni həqiqətən də Niderland futbol məktəbinin yetirməsidir. Texniki və taktiki baxımdan komandamızın ən yaxşı futbolçularından biridir”.
Baş məşqçi onun milli komandaya dəvət edilməsinə də çağırış edirdi.
“Ronni futbol oynamaqdan çəkinmir. Sağ cinah yarımmüdafiəçisi kimi komandada ən çox orta ötürmə verən futbolçudur”, – deyə Martines bildirmişdi.
“Uiqan” mütəmadi olaraq Premyer Liqanı tərk etmək təhlükəsi ilə üzləşirdi. Komanda bir mövsümü 16-cı, digərini isə 15-ci pillədə başa vurduqdan sonra 2013-cü ildə aşağı liqaya düşdü.
Buna baxmayaraq, çətin keçən həmin mövsümün ən yaddaqalan hadisəsi “Uembli” stadionunda baş verdi. İngiltərə Kubokunun finalının son dəqiqələrində Ben Uotsonun vurduğu qol “Uiqan”a Serxio Aquero, Karlos Teves, David Silva və Yaya Ture kimi ulduzların yer aldığı “Mançester Siti”ni məğlub edərək tarixində ilk böyük kuboku qazandırdı. Lakin zədə səbəbindən Stam həmin oyunda iştirak edə bilmədi.
“Uiqan”ın aşağı liqaya düşməsindən sonra müdafiəçi Belçikanın “Standard Lyej” klubuna keçdi. O, sonradan həmin komandadakı iki gərgin mövsümü “eşşəkarısı yuvası” kimi xarakterizə etmişdi.
Klubdan ayrılmaq istəyən Stam 2015-ci ildə doğma şəhərinə qayıdaraq “NAC Breda”ya qoşuldu. Məqsədi komandanın 2015–2016-cı illər mövsümündə yenidən Erediviziyaya yüksəlməsinə kömək etmək idi.
Stam doğulub böyüdüyü şəhərin komandasının pley-off mərhələsinə yüksəlməsində mühüm rol oynadı. Lakin finalda “Villem II”yə məğlubiyyət onların yüksək liqaya qayıtmaq üçün daha bir il gözləməli olacağı demək idi.
Stam üçün isə bu, son nöqtə oldu. Xroniki bud-çanaq problemləri onu 32 yaşında futbolçu karyerasını başa vurmağa məcbur etdi.
O, həmin vaxt belə demişdi:
“Uşaq olanda çoxlu arzularım vardı. Hamısı gerçəkləşdi. Ən yüksək səviyyədə oynadım, kuboklar qazandım və mühüm transferlər etdim. Son arzum “NAC”a qayıtmaq idi. O da ötən il gerçəkləşdi. Bundan böyük zövq aldım. Bredada öz azarkeşlərimin qarşısında oynamaq möhtəşəm idi.
Bud-çanaq nahiyəmdə anadangəlmə problem var və son vaxtlar bu problem məni getdikcə daha çox narahat edir. Həkimlər bildirdilər ki, artıq məcbur deyiləmsə, sağlamlığımı düşünərək futbolu dayandırmalıyam. Ən yüksək səviyyədə oynamağa hələ də gücüm çatır, lakin həmin səviyyəni qorumaq üçün getdikcə daha çox çalışmalı olduğumu hiss edirəm. Bədənim artıq müqavimət göstərir. Buna görə də bu qərarı verdim”.
Həmin vaxt Stamın valideynləri də çirkli pulların yuyulması şübhəsi ilə istintaqa cəlb edilmişdilər. Polis onların paltaryuyan maşınlarının arxasında gizlədilmiş çantalarda 40 min avro nağd pul aşkar etmişdi.
Hüquq-mühafizə orqanları, həmçinin sosial müavinətlərlə dolanan valideynlərin 50 min avro dəyərində nağd pulla alınmış “BMW X5” avtomobilini də müəyyən etmişdi.
Valideynlər pulları Stamın futbolçu kimi yüksək maaş aldığı dövrdə onlara verdiyini bildirdilər və nəticədə barələrindəki bütün ittihamlardan bəraət aldılar.
Cinayət aləminə sürüklənmə

Qumar borcları və cinayət aləminin nümayəndələri ilə əlaqələr Stamın təhdidlərlə üzləşməsinə və cinayətkar fəaliyyətə cəlb olunmasına səbəb oldu.
Stam Belçikada məşqçilik kursuna başlayacağını söyləmişdi, lakin onun məşqçilik karyerası baş tutmadı. Peşəkar futbolun yaratdığı həyəcan aradan qalxdıqca, bu həyatla birlikdə gələn maddi rahatlıq da yox oldu. Onun yerini şəxsi problemlər və şübhəli çevrə tutdu.
Məhkəmədə səsləndirilən məlumatlara görə, Stamın ağır qumar asılılığı onun təhlükəli şəxslərə böyük məbləğlərdə borclanmasına gətirib çıxarmışdı.
“Tvente”də çıxış etdiyi dövrdə 15 il əvvəl bir dostuna borc verdiyi 200 min avronu geri ala bilməməsi də getdikcə dərinləşən maliyyə böhranını ağırlaşdırmışdı.
Özü də yüz minlərlə avro borclu olan Stam onu narahat edən kreditorlardan uzaqlaşmaq üçün ailəsi ilə birlikdə Eyndhoven şəhərinə köçdü. Lakin borc verənlər onu tapdılar və təhdidlərini gücləndirdilər.
Stam iddia edirdi ki, özü və uşaqları yatarkən evlərinə atəş açılıb, başqa bir hadisədə isə evə əl qumbarası atılıb. Həmin şəxslər hətta onun oğlunun PSV-nin uşaq komandasında oynadığı matç zamanı meydanın kənarında futbolçunun qarşısına çıxacaq qədər irəli gediblər.
Cinayət aləminin nümayəndələri keçmiş futbolçunu onlarla birbaşa əlaqə saxlamaq üçün şifrəli mesajlaşma tətbiqi yükləməyə də məcbur ediblər.
Şantaj qarşısında çıxılmaz vəziyyətə düşən və ailəsinin təhlükəsizliyindən narahat olan keçmiş müdafiəçi sonradan hədəfə çevrildiyi mövqedən cinayətkar fəaliyyətin iştirakçısına çevrildiyini bildirib. Onun sözlərinə görə, Avropa limanlarına böyük həcmdə narkotik maddələrin daşınmasına vasitəçilik etməyə başlayıb.
2024-cü ilin iyununda polis Stamı Eyndhovendə saxladı. Valideynləri də saxlanıldı, sevgilisi isə Belçikanın Xoqstraten şəhərində həbs edildi.
Qardaşı Rudinin də tutulması barədə qərar çıxarıldı. Lakin Rudi həmin ilin martında başqa bir böyük narkotik qaçaqmalçılığı işi üzrə 54 ay həbs cəzasına məhkum edildikdən sonra artıq gizlənirdi.
Polis Breda, Eyndhoven və Xoqstratendə altı evdə və bir karvanda axtarış apardı. Nəticədə 100 min avro nağd pul, bir yaxta, üç ev, üç avtomobil, altı lüks saat, fitnes avadanlıqları və gizli bank hesablarına dair məlumatlar müsadirə edildi.
Məhkəmə başlayır

Əldə edilən şifrəli mesajlar prokurorlara Stam və qardaşını böyük narkotik partiyaları və külli miqdarda nağd pulla əlaqələndirməyə imkan verdi.
Stamın Rudi ilə birlikdə Cənubi Amerikadan 2 217 kiloqram narkotikin qaçaqmalçılığı və 2020–2021-ci illərdə 2,6 milyon avronun yuyulmasında “həlledici və koordinasiyaedici rol” oynadığı müəyyən edildi.
Qardaşlar, həmçinin 2023-cü ildə Parisə 5 kiloqram kokain və 5 kiloqram MDMA göndərməyə hazırlaşmaqda ittiham olundular.
Əvvəlcə məhkəmə iclaslarında iştirak etməkdən imtina edən Stam hadisələrlə heç bir əlaqəsinin olmadığını bildirdi və məhkəməni gözlədiyi müddətdə azadlığa buraxılmasını istədi. Lakin hakim onun müraciətini rədd etdi və o, həbsdə saxlanıldı.
Qaçmaq niyyətində olmadığını bildirən Stam belə demişdi:
“İki oğlum da yüksək səviyyədə futbol oynayır və özlərini göstərmək istəyirlər. Mən də həmin vaxtlarda onların yanında olmaq istəyirəm”.
Prokurorun onun üçün 13 il həbs cəzası tələb etməsi isə futbolçunu təəccübləndirmişdi.
“Mən narkotik aləmində mühüm fiqur deyiləm. Buna görə uşaqlarım ağladı. Kiçik oğlum məni bir daha heç vaxt görə bilməyəcəyini, böyük oğlum isə onun bütün futbol karyerasını qaçıracağımı düşünür”.
Daha sonra məhkəmədə Stam tələb edilən cəzanın “ən böyük narkotik cinayətkarlarına verilən cəzalardan belə ağır olduğunu” bildirdi və bunun yeganə səbəbinin futbolçu kimi tanınması və işin mediada böyük maraq doğurması olduğunu iddia etdi.
Nəhayət, Stam danışmağa hazır olduğunu bildirdi, lakin müəyyən şərtlər irəli sürdü. O, yalnız öz fəaliyyəti barədə danışmaq və cinayət ortaqlarının adlarını açıqlamaq məcburiyyətində qalmamaq şərti ilə 4 kiloqram kokain və MDMA ticarətinin hazırlanmasındakı rolunu izah etməyə razılaşdı.
Stam 2020-ci ildə Braziliyadan Frankfurt şəhərinə göndərilən 20 kiloqram kokain partiyasının daşınmasına vasitəçilik etdiyini etiraf etdi. Onun iddiasına görə, bunun müqabilində bir kiloqram kokainin dəyərinə bərabər ödəniş almışdı. O, həmçinin narkotik aləmindəki şəxslərlə əlaqə qurduğunu təsdiqlədi.
Lakin cinayətkar şəbəkədə mühüm fiqur olduğunu və ya tədarük marşrutlarına rəhbərlik etdiyini qəti şəkildə rədd etdi. Onun sözlərinə görə, qorxduğu şəxslərlə razılaşırmış kimi davranmağa məcbur olub.
“Mən heç vaxt həqiqətən narkotik ixrac etməmişəm”, – deyə Stam bildirib.
Prokurorluğun ittihamları narkotik maddələrin və ya silahların fiziki olaraq aşkarlanmasına əsaslanmırdı. Axtarışlar zamanı bunların heç biri tapılmamışdı.
İttiham tərəfi hüquq-mühafizə orqanlarının şifrəli “SkyECC” mesajlarını deşifrə etməsi nəticəsində əldə olunan, qalınlığı yarım metrə çatan sənədlərə əsaslanırdı. Bu vəziyyət Kvinci Promesin cinayət fəaliyyəti ilə bağlı istintaqı xatırladırdı.
Mövqe məlumatları vasitəsilə dörd hesabın Stamla əlaqəli olduğu müəyyənləşdirildi. Həmçinin Rudi ilə cinayət fəaliyyəti barədə apardığı geniş yazışmalar üzə çıxdı.
Mesajlar arasında üzərində möhürlər olan kokain bloklarının fotoları, konteyner nömrələri və yüklərin “sağ-salamat çatdığını” təsdiqləyən yazışmalar var idi.
Polisin məlumatına görə, qardaşlar nağd pul, kriptovalyuta hesabları və qeyri-rəsmi bankçılıq vasitəsilə həyata keçirilən köçürmələr barədə ətraflı məlumat paylaşır, Cənubi Amerika pesosunun məzənnəsini müzakirə edirdilər.
Prokurorlar pul axınını izləməyin, vəsaitlərin harada gizlədiləcəyini müəyyənləşdirməyin və kriptovalyuta hesablarını idarə etməyin tam ştatlı işə çevrildiyini iddia edirdilər. Bu mənzərə Stamın öz izahatı ilə ziddiyyət təşkil edirdi.
Dəlillərlə üzləşən Stam mesajların real narkotik əməliyyatlarını idarə etməkdən daha çox, ağılsız “öyünmə”, “cəfəngiyat” və “özünü göstərmək” xarakteri daşıdığını bildirdi.
O, əlavə etdi:
“Həmin adamlara uyğunlaşmağa çalışmaq axmaqlıq idi. Amma böyük kokain partiyaları və ya tədarük marşrutlarının yaradılması ilə heç bir əlaqəm olmayıb. Bütün bunları onlar edirdilər və məni işin kənarında saxlayırdılar.
Nə bir kiloqram narkotik, nə də bir avro mənə məxsus idi. Tədarük marşrutu yaratmamışam, heç kimə rəhbərlik etməmişəm. Sanki bunu edə bilərdim! Hətta 893 kiloqramlıq bir partiya üçün 7 milyon avro sərmayə tələb olunur. Məndə o qədər pul yoxdur. Heç 10 kiloqram üçün də yoxdur”.
Vəkili isə polis axtarışları zamanı tapılan nağd pulun Stamın uğurlu futbolçu karyerasından əldə etdiyi qanuni gəlirlərdən və ona qaytarılan şəxsi borclardan ibarət olduğunu bildirdi.
“Pul tapılmayıb, kokain tapılmayıb, odlu silah tapılmayıb, polis forması tapılmayıb, heç nə tapılmayıb”, – deyə vəkil söylədi.
“Sadəcə bəzi yazışmalar var və onlar da tam deyil. Ronni futbol oynamaqla milyonlar qazanıb, həmçinin böyük məbləğlərdə nağd pul əldə edib. O, yarım milyon avro borc vermişdi və bunun bir hissəsi ona nağd şəkildə qaytarılmışdı.
O, peşəkar cinayətkar deyil. Həyatda nələrəsə nail olmaq istəyir. Cəzaya layiqdir, amma bu qədər ağır cəzaya yox. Təkcə həmin 20 kiloqramlıq partiyaya görə altı il həbs cəzası verilməz”.
Breda Rayon Məhkəməsi 2025-ci il avqustun 12-də qərarını açıqladı.
Məhkəmə bir sıra ittihamlar üzrə birbaşa iştirakını sübut edən kifayət qədər konkret dəlil olmadığına görə Stamı iki əsas ittihamdan – Kosta-Rikadan göndərilən 893 kiloqramlıq narkotik partiyası və 2021-ci ilin fevralında daşınan 600 kiloqramlıq partiya ilə bağlı ittihamlardan – bəraət aldı.
Bununla belə, hakimlər onun müdafiəsini ümumilikdə “inandırıcı hesab etmədilər”. Stam Çilidən Rotterdam limanına göndərilmək üçün 700 kiloqram kokainin idxalında iştirak etdiyinə, həmçinin Frankfurt istiqamətindəki 20 kiloqramlıq partiya və 2,6 milyon avronun yuyulması ilə bağlı ittihamlara görə təqsirli bilindi.
Hakim qərarı belə əsaslandırdı:
“O və qardaşı Rudi uzun müddət diqqətdən kənarda qala biləcəklərini və narkotik ticarətindən böyük gəlir əldə edə biləcəklərini düşünürdülər”.
“Ronni və müəyyən dərəcədə onun qardaşı ağır narkotiklərin qlobal ticarətində bir halqa rolunu oynayıblar”.
Stam yeddi il, qardaşı Rudi isə məhkəmədə iştirak etmədiyi üçün qiyabi olaraq üç il yarım müddətinə azadlıqdan məhrum edildi. Hər ikisinə təxminən 3 milyon avro məbləğində qanunsuz gəliri dövlətə qaytarmaq və 30 min avro cərimə ödəmək öhdəliyi qoyuldu.
Həbsxanadan məhkəməyə mikroavtobusla aparılmasını “cəhənnəm” adlandıran Stam hökm elan edilərkən Middelburqdakı kamerasında qalmağa üstünlük verdi.
Narahatedici tendensiya

Stam Niderlandda cinayət aləminə qarışan çoxsaylı futbolçulardan biridir.
Stamın narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə bağlı məhkum edilməsi “Tvente”nin digər keçmiş futbolçusu Promesin kokain qaçaqmalçılığında iştirakına görə altı il həbs cəzasına məhkum edilməsindən cəmi il yarım sonra baş verdi. Hər iki keçmiş futbolçu ailə üzvü ilə birlikdə təqsirli bilinmişdi.
Promesin məhkum edilməsindən bir il əvvəl isə Stamın “NAC Breda”da keçmiş komanda yoldaşı David Mendes da Silva iki ayrı daşınma ilə ümumilikdə 179 kiloqram kokain idxal etməkdə və yükdaşıma əməkdaşına rüşvət verməkdə təqsirli bilinərək yeddi il həbs cəzasına məhkum edilmişdi.
Polis onun cinayət fəaliyyətindəki rolunu da Stam və Promesdə olduğu kimi, şifrəli mesajlar vasitəsilə üzə çıxarmışdı.
Bu ilin martında “Feyenoord”un keçmiş cinah oyunçusu Romeo Kastelen Amsterdamdakı Sxiphol hava limanında üzərində təxminən 140 min avro nağd pul olduğu halda saxlanıldıqdan sonra 18 ay həbs cəzasına məhkum edildi. Ona, həmçinin 2 milyon avronu geri qaytarmaq öhdəliyi qoyuldu.
Kastelen Çində futbol oynadığı müddətdə saat almaq istədiyini, pulun mükafat olduğunu və bərbərliklə də əlavə gəlir qazandığını bildirmişdi. Lakin müstəntiqlər onun Çindəki futbol klubunun rəhbərlərindən biri ilə birlikdə pulu yumağa çalışdığı qənaətinə gəlmişdilər.
Daha ağır hadisələr də baş verib. 2019-cu ildə “Volendam” və “Royal Antverpen”in keçmiş sağ cinah müdafiəçisi Kelvin Meynardın 400 kiloqram kokainlə bağlı mübahisəyə görə güllələnərək öldürüldüyü ehtimal edilir.
Peşəkar futbolçularla cinayət aləmi arasındakı əlaqələr, ehtimal ki, hüquq-mühafizə orqanlarının bildiyindən daha dərindir. Böyük narkotik işi üzrə təqsirləndirilən şəxslər “Ayaks”ın futbolçusu Məhəmməd İhattarenə məxsus avtomobillə məhkəməyə gələcək qədər irəli gediblər. “De Telegraaf” qəzeti sonradan həmin avtomobilin yandırıldığını yazıb.
Aktiv futbolçularla bağlı başqa qəribə əlaqələr də mətbuatda işıqlandırılıb. Bu hadisələr futbol mühitində narahatedici bir mədəniyyətin formalaşdığına işarə edir.
Niderland Futbolçular İttifaqının rəhbəri, “Qroningen”in keçmiş yarımmüdafiəçisi Yevgeni Levçenko futbolçuların bu tələlərə necə düşdüyünü izah edərkən “BN De Stem” nəşrinə bildirib:
“Bəzilərini bu işə cəlb edirlər: ‘Avtomobilini bir müddətlik mənə verə bilərsən?’ Sonra həmin avtomobillə cinayət törədirlər. Yaxud deyirlər: ‘Onsuz da çox səyahət edirsən, mənim üçün başqa ölkədən bahalı saatlar gətirə bilərsən? Bunun müqabilində yaxşı pul ödəyərəm’.
Bəziləri nəticələri düşünmür və bu cazibəyə aldanırlar. Nə baş verdiyini anlamadan tələyə düşürlər. Amma cinayət aləminə şüurlu şəkildə qoşulan futbolçular da var. Məsələn, narkotikə sərmayə yatırır və ya danışılmış oyunlarda iştirak edirlər. Hər iki halda reallıq budur ki, onlar bir daha həmin dünyadan çıxa bilmirlər”.
Levçenko sözlərini belə davam etdirib:
“Sosial baxımdan əlverişsiz məhəllələrdə böyüyən peşəkar futbolçuların bəzən gənclik illərindən tanıdıqları yanlış dostları olur. Onlara həmin dostlarla görüşməyi qadağan edə bilməzsiniz. Lakin sərhəd çox incədir.
Digər tərəfdən, uşaqlıq dostları və ya ailə üzvləri arasında pis niyyətli insanlar olsa da, cinayətə qarışmayan çoxlu futbolçu da var”.
Amsterdamın keçmiş detektivi Arno van Löven həm Niderland futbolunun idarəedici orqanının, həm də prokurorluğun tədbir görməli olduğunu bildirərək “De Gelderlander” nəşrinə deyib:
“Bunlar artıq ayrı-ayrı hadisələr deyil. Problem getdikcə sistemli xarakter almağa başlayır. Bəs klublar və Niderland Kral Futbol İttifaqı bunun qarşısını almaq üçün niyə real addımlar atmırlar?”
Van Löven əlavə edib ki, hüquq sistemi peşəkar futbolçuların iştirak etdiyi belə işlərdən bir neçəsini prioritet qaydada araşdırmalıdır.
“Axı onlar nümunə göstərilən şəxslərdir və gənclər onları özlərinə örnək götürürlər. Cinayətkarlarla əlaqə saxlamaq normal qəbul edilməməlidir. Buna dözümlülük göstərmədiyinizi nümayiş etdirin”.
Bir çox gənc üçün futbol karyerası çətin həyat şəraitindən çıxmaq üçün nadir fürsət yaradır. Lakin cinayət fəaliyyəti ilə əlaqələndirilən futbolçuların sayının artması göstərir ki, bəziləri problemli mühitdən heç vaxt uzaqlaşa bilmirlər.
Stamın nümunəsi bunu xüsusilə aydın göstərir. Səkkiz yaşında “NAC”ın akademiyasına qoşulan, sonradan Erediviziya və İngiltərə Kubokunun qalibi olan futbolçu sonda cinayət aləminin cazibəsinə qarşı həssaslığın yalnız aztəminatlı mühitdən gələn insanlara xas olmadığını nümayiş etdirdi.
Stam yeddi illik həbs cəzasını çəkməyə başlayarkən qardaşı Rudi hələ də gizlənir.
Onun hekayəsi insanın necə asanlıqla tənəzzülə uğrayaraq cinayət bataqlığına sürüklənə biləcəyini göstərən sarsıdıcı nümunə kimi yadda qalır.
Mənbə: Goal.com
Tərcümə: Qaynarinfo