Xəbər lenti

Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub
Ölkə14:37 20.10.2026

Xanəndə Araz Məmmədovun vəziyyəti ağırlaşıb - Aparata qoşulub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qarabağ bülbülləri” ansamblının üzvü, xanəndə Araz Məmmədovun səhhəti kəskin pisləşib.

Xanəndənin həyat yoldaşı Xatirə Əliyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, Araz Məmmədov böyrək çatışmazlığından əziyyət çəkir.

Onun sözlərinə görə, xanəndə oktyabrın 2-də infarkt keçirib və ürəyinə üç stent qoyulub. Sonradan vəziyyəti ağırlaşıb, ağciyərlərində maye toplanıb.

"Dünən reanimasiyadan çıxarılmışdı. Bu gün isə vəziyyəti yenidən pisləşib və hazırda aparata qoşulub”, deyə Xatirə Əliyeva bildirib.

O, həyat yoldaşının müalicəsi ilə bağlı çətinliklər yaşadıqlarını da qeyd edib. Xatirə Əliyevanın sözlərinə görə, Araz Məmmədovun dializ proseduru üçün başqa xəstəxanaya aparılmasına ehtiyac var, lakin bunun təşkili mümkün olmur.

“Araz özəl xəstəxanada dializ olunmalıdır. Amma mərkəz imtina edir, aparmır. Deyirlər ki, təcili yardımı özünüz təşkil edin. Bizim isə buna imkanımız yoxdur. Dövlətdən dəstək istəyirik. Arazın dövlət xəstəxanalarının birində dializ olunmasını istəyirik. Dövlət xəstəxanalarında dializ olunması üçün Araz özü getməlidir. Amma o, yerindən qalxa bilmir”, deyə Xatirə Əliyeva bildirib.

Qeyd edək ki, xanəndə Araz Məmmədov Xalq artisti Arif Babayevin və Əməkdar müəllim Qəzənfər Abbasovun tələbəsi olub.

Bahar Rüstəmli