Xəbər lenti

Atanın iddiası qismən təmin edildi: Ananın verdiyi aliment artırıldı
Ölkə14:02 20.10.2026

Atanın iddiası qismən təmin edildi: Ananın verdiyi aliment artırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda iki azyaşlı uşağın saxlanılması üçün anadan tutulan alimentin məbləği və ödənilmə qaydası dəyişdirilib.

Qaynarinfo xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi İ.Ə. oğlunun alimentin tutulması qaydasının dəyişdirilməsi ilə bağlı iddiasını qismən təmin edib.

İş materiallarına görə, İ.Ə-nin cavabdehlə nikahı pozulduqdan sonra 2010-cu il təvəllüdlü Mahirə və 2014-cü il təvəllüdlü Abdulun atalarının yanında saxlanılması müəyyən edilib.

Binəqədi Rayon Məhkəməsinin 2022-ci ildə çıxardığı qətnaməyə əsasən, uşaqların anasından hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumilikdə 100 manat aliment tutulması qərara alınıb.

Ata sonradan alimentin tutulması qaydasının dəyişdirilməsi üçün məhkəməyə müraciət edib. O, uşaqların təhsil, hazırlıq məşğələləri, nəqliyyat və gündəlik saxlanılması xərclərinin artdığını bildirib. İddiaçı qeyd edib ki, illərdir övladları ilə birlikdə kirayədə yaşayır və onların maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir.

İddia ərizəsində anadan hər ay qazancının 1/3 hissəsinin, eləcə də hər uşaq üçün əlavə 200 manat sabit məbləğdə aliment tutulması tələb olunub. Ata, həmçinin 300 manat hüquqi xidmət haqqının və 60 manat mediasiya xərcinin qarşı tərəfdən alınmasını istəyib.

Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib. O, özü də kirayədə yaşadığını, atanın əvvəllər alimentdən imtina barədə notariat qaydasında təsdiqlənmiş ərizə verdiyini bildirib. Qadın hər uşaq üçün 100 manat, ümumilikdə isə 200 manat aliment ödəyə biləcəyini deyib.

İş materiallarında olan məlumata görə, cavabdeh özəl xəstəxanaların birində tibb bacısı işləyir və aylıq əməkhaqqı 420 manatdır.

Məhkəmə valideynlərin uşaqları saxlamaq vəzifəsinin qanunla müəyyən edildiyini, əvvəlki dövr üzrə alimentdən imtina barədə ərizənin gələcəkdə uşaqların saxlanılması öhdəliyini aradan qaldırmadığını nəzərə alıb. Qərar qəbul edilərkən uşaqların yaşı, təhsil və gündəlik ehtiyacları, eləcə də tərəflərin maddi vəziyyəti qiymətləndirilib.

Nəticədə məhkəmə əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin tutulması qaydasını dəyişdirib. Qərara əsasən, 2026-cı ildə məhkəməyə müraciət edilən tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək onların saxlanılması üçün anadan hər ay qazancının və digər gəlirlərinin üçdə bir hissəsi, əlavə olaraq isə hər uşaq üçün minimum əməkhaqqının 0,15 misli həddində sabit məbləğdə aliment tutulacaq.

Hazırda minimum əməkhaqqı 420 manat olduğundan, sabit məbləğ hər uşaq üçün aylıq 60 manat, iki uşaq üçün isə ümumilikdə 120 manat təşkil edir. Bu vəsait ananın gəlirinin 1/3 hissəsindən əlavə tutulacaq.

Məhkəmə atanın hər uşaq üçün 200 manat sabit aliment tutulması tələbini tam təmin etməyib və bu hissədə iddianı qismən təmin edib.

Bundan başqa, 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ataya ödənilməsi qərara alınıb. Hüquqi xidmət haqqı kimi tələb edilən 300 manatın ödənilməsini təsdiq edən sübutlar təqdim olunmadığından, həmin tələb təmin edilməyib. Cavabdehdən 51,20 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması da qət olunub.

Beləliklə, məhkəmənin qərarı ilə iki uşağın anasının aliment öhdəliyi dəyişdirilib. Bundan sonra aliment həm qazancın müəyyən hissəsi, həm də sabit pul məbləği şəklində ödəniləcək.

Aydın