
Slovakiyada artilleriya mərmiləri istehsal edən zavodlar artan tələbat səbəbindən tam gücü ilə fəaliyyət göstərir. Ölkə müdafiə sənayesinin sürətlə inkişafı ilə Avropanın əsas sursat istehsalçılarından birinə çevrilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Çexiya və Slovakiyanın özəl müdafiə sənayesi holdinqi olan “Czechoslovak Group” (CSG) cəmi bir neçə il ərzində Avropanın nəhəng müdafiə şirkətlərindən birinə çevrilib. 2025-ci ildə Slovakiyanın patron, ehtiyat hissələri və hərbi texnika komponentləri ixracı 2,1 milyard avroya çatıb. Bu, əvvəlki illə müqayisədə 138,6 faiz artım deməkdir.
Ölkənin müdafiə sənayesində əsas müəssisələrdən biri ZVS Holding şirkətidir. Slovakiya dövləti ilə CSG-nin törəmə qurumu olan MSM Group şirkətinin hər birinin müəssisədə 50 faizlik payı var. Slovakiyanın şərqində, Ukrayna sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Snina şəhərindəki zavod Avropada 155 millimetrlik artilleriya mərmilərinin istehsal zəncirinin mühüm həlqələrindən sayılır.
“Le Monde” qeyd edir ki, Slovakiya silah sənayesinin yenidən dirçəlməsinə NATO üzvü olan ölkələrin müdafiə xərclərini artırması da təkan verir. Bu tendensiya ölkənin hərbi istehsal və ixrac imkanlarının genişlənməsinə şərait yaradır.
Aydın