
Bakıda gümüş aksessuarların satıldığı mağazadan 750 manat dəyərində boyunbağı oğurlamaqda təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əlavə, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı cəza Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin əvvəlki hökmü ilə təyin edilmiş 1 il 7 aylıq azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılıb. Nəticədə təqsirləndirilən şəxsə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ildə Nəsimi rayonunda yerləşən “Vef Plus” mağazasında baş verib.
İttihama görə, təqsirləndirilən şəxs mağazaya müştəri qismində daxil olub. O, gümüş aksessuarların satıldığı piştaxtanın nəzarətsiz qaldığını görərək mismarla bağlanmış vitrini açıb və oradan bir ədəd gümüş boyunbağı götürüb. Daha sonra hadisə yerindən uzaqlaşıb.
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs bildirib ki, həmin gün qutu və paket almaq üçün “Sədərək” bazarına gedib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs mağazaya yaxınlaşaraq məhsulun qiymətini soruşub, daha sonra ətrafdakı şəxslərin diqqətinin başqa işlərə yönəlməsindən istifadə edərək vitrini açıb və oradakı ən qalın gümüş sepini götürüb.
Zərərçəkmişin ifadəsinə əsasən, oğurlanan boyunbağının çəkisi 80 qram, dəyəri isə 750 manat olub. O, dəymiş ziyanın ödənilmədiyini bildirərək şikayətçi olduğunu qeyd edib.
Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib.
Seyid