
Çində iş tapmaqda çətinlik çəkən insanlar işsiz olduqlarını ailələrindən gizlədərək hər gün evdən işə gedirmiş kimi çıxır, vaxtlarını park, kitabxana və ticarət mərkəzlərində keçirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, sosial şəbəkələrdə bu tendensiya ilə bağlı paylaşımlar milyonlarla baxış toplayıb. İstifadəçilər qohumların işlə bağlı suallarından yayınmağın yollarını bölüşür, uğursuz iş axtarışlarından danışırlar.
Analitiklər bu vəziyyəti Çində əmək bazarının zəifləməsi ilə əlaqələndirirlər. İstehsalda sərt rəqabət, ixtisarlar, daşınmaz əmlak böhranı və süni intellektin sürətlə tətbiqi məşğulluğa mənfi təsir göstərir.
İşsizliyini gizlədən 32 yaşlı Li bildirib ki, altı aydan çox əvvəl yüksək iş yükü və əməyinin qiymətləndirilməməsi səbəbindən işdən ayrılıb. O, anasının narahatlığının vəziyyətini daha da çətinləşdirəcəyini düşündüyü üçün işsiz olduğunu ona deməyib.
Mütəxəssislərin fikrincə, işləyirmiş kimi davranmaq insanlara sosial təzyiqdən yayınmağa və nüfuzlarını qorumağa kömək edir. Lakin Çində sosial müdafiə imkanlarının məhdudluğu işsizlərin bu vəziyyəti uzun müddət gizlətməsini çətinləşdirə bilər.
Günay