Xəbər lenti

Ərzurumda sərt qışa hazırlıq: 500 qəbir indidən qazılır (FOTO)
Dünya21:18 20.10.2026

Ərzurumda sərt qışa hazırlıq: 500 qəbir indidən qazılır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qış aylarında havanın temperaturunun mənfi 35-40 dərəcəyədək düşdüyü Türkiyənin Ərzurum şəhərində torpağın donması səbəbindən dəfn mərasimlərində problem yaranmaması üçün qəbiristanlıqlarda qış hazırlıqları aparılır.

Qaynarinfo xəbər verir ki, Ərzurum Böyükşəhər Bələdiyyəsinin Qəbiristanlıqlar şöbəsinin əməkdaşları havalar daha da soyumamış Asri və Əbdürrəhman Qazi qəbiristanlıqlarında qəbir yerlərinin qazılması işlərini sürətləndiriblər.

Qışda torpağın donması qəbir qazmağı çətinləşdirdiyindən payızda başlanan hazırlıq işləri çərçivəsində indiyədək təxminən 200 qəbir yeri hazırlanıb. Qış boyunca yarana biləcək ehtiyacı qarşılamaq üçün ümumilikdə 500 qəbir yerinin qazılması planlaşdırılır.

İşlər zamanı ağır texnikadan, eləcə də külüng, bel və kompressorlardan istifadə olunur.

“Qar səbəbindən qışda qəbir hazırlamaq çətinləşir”

Qəbiristanlıq əməkdaşı Sərhat Çinici bildirib ki, Ərzurumun sərt qış şəraiti və qar yağışı səbəbindən soyuq aylarda qəbir hazırlamaq çətin olur.

O, qışa hazırlıq çərçivəsində indiyədək 200 qəbir yeri qazdıqlarını qeyd edərək deyib:

“Ümumilikdə 500 qəbir yeri qazacağıq. Qəbirləri indidən hazırlamaqla qışa hazırlıq görmüş oluruq. Qəbirlərin uzunluğu 2 metr 10 santimetr, eni isə 1,5 metrdir”.

“Gələcəkdə çətinlik çəkməmək üçün indidən hazırlaşırıq”

Əbdülbasit Yayla da Ərzurumda qış aylarında havanın temperaturunun mənfi 25-40 dərəcə arasında dəyişə bildiyini bildirib. Onun sözlərinə görə, qəbiristanlıqda işləri soyuqlar başlamazdan əvvəl başa çatdırmağa çalışırlar.

Qar, çovğun və fırtınanın qəbir qazmağı çətinləşdirdiyini deyən Yayla qəbiristanlıqda bir nəfərlik, eləcə də iki, üç və ya dörd nəfərlik qəbir yerlərinin hazırlandığını bildirib.

Hər il qışdan əvvəl oxşar hazırlıqlar gördüklərini vurğulayan Yayla sözlərini belə yekunlaşdırıb:

“Əlbəttə, gedəcəyimiz yer buradır, bundan qaçış yoxdur. Bura qışı sərt keçən bölgədir. Gələcəkdə çətinlik çəkməmək üçün indidən hazırlığımızı görürük”.

Aydın