
Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd göstərildiyi barədə yayılan iddialara münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, mərkəzin sosial şəbəkə hesablarında yayımlanan açıqlamada görüntülərin köhnə tarixə aid olduğu vurğulanıb.
"Bəzi media orqanlarında və sosial şəbəkə hesablarında yer alan "Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd" barədə iddialar dezinformasiya xarakteri daşıyır. Sözügedən görüntülər köhnə tarixə aiddir.
Görüntülərin çəkildiyi dövrdə bayrağımıza qarşı xoşagəlməz hərəkət etməyə çalışan təxribatçıya ilk və ən sərt reaksiyanı məhz azərbaycanlı qardaşlarımız veriblər. Türkiyə bayrağının endirilməsi kimi bir hadisə baş verməyib", - deyə açıqlamada bildirilib.
Mərkəz qeyd edib ki, köhnə görüntüləri montaj edərək və kontekstdən çıxararaq yeni hadisə kimi təqdim edənlər Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini hədəfə alırlar.
Açıqlamada ictimaiyyətə bu cür informasiya manipulyasiyalarına qarşı diqqətli olmaq çağırışı edilib.