
Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirir.
Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.
Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?
Layihə çərçivəsində növbəti yazını təqdim edirik:
Elnur Astanbəyli
1473-cü ildə Ağqoyunlu dövləti ilə Osmanlı İmperiyası arasında baş verən və birincilərin ağır məğlubiyyəti ilə nəticələnən Otluqbeli döyüşündən bir qədər sonra Uzun Həsən xəstələndi. Həsən padşahın xanımları işi belə görüncə dərhal hərəkətə keçdilər. Onların hər biri öz övladının Ağqoyunlu taxtına çıxması üçün qovğaya başladılar. Ağqoyunlu əyanları və əmirləri isə həmin xanımların ətrafında qruplaşdılar.

Bulduqxani xatun, Dəspinə xatun və Səlcuqşah bəyimin taxt-tac oyunu
Tanınmış tarixçi Əkbər N. Nəcəf yazır ki, başında Bulduqxani xatunun dayandığı birinci qrupun hökmdarlığa namizədi Uğurlu Məhəmməd idi. Ağqoyunlu bəyləri və əmirləri arasında Uğurlu Məhəmmədin böyük nüfuzu vardı (Qaynaq: Əkbər N. Nəcəf, Uzun Həsən, “Altun kitab” nəşriyyatı, Bakı – 2024). Otluqbeli döyüşündən sonra əsgərlər arasında belə söz-söhbət gəzirdi ki, əgər padşah ordunun ixtiyarını bu oğlunun əmrinə versəydi, osmanlılar mütləq uduzacaqdı...
Müəllif qeyd edir ki, Dəspinə xatunun başçılıq etdiyi ikinci qrup isə nisbətən zəif idi, lakin önəmli bir üstünlüyə malikdi. Söhbət Dəspinə xatunun Avropa ilə yaxşı əlaqələr qurmasından, eləcə də yerli xristian əhali arasında böyük nüfuza malik olmasından gedir. Bundan başqa, Dəspinə xatun qızı Aləmşah bəyim sayəsində Səfəvi təriqəti ilə güclü bağlar qurmuşdu. Məsələ burasındadır ki, Aləmşah bəyim təriqət rəhbəri Şeyx Cüneydin oğlu Heydərlə evlənmişdi. Nəticədə səfəvilərin Ağqoyunlu ölkəsindəki siyasi və hərbi nüfuzu xeyli artmışdı.
Dəspinə xatunun Uzun Həsəndən iki oğlunun olduğunu da xatırladaq: Maqsud mirzə və Məsih mirzə. Ancaq bu iki şahzadənin Uzun Həsəndən sonra taxta çıxmaq ehtimalı Həsən padşahın digər oğulları ilə müqayisədə çox az idi.
Hakimiyyət arzusu ən alovlu olan qadın isə Səlcuqşah bəyim idi. O, Uzun Həsəndən sonra taxta oğlu Xəlilin keçməsini istəyirdi. Bunun üçün əlindəki bütün imkanları səfərbər edən Səlcuqşah bəyimin əsas hədəflərindən biri Uğurlu Məhəmmədi aradan götürmək idi. O başa düşürdü ki, yalnız bu halda Xəlilin taxta çıxmaq şansı yüksələ bilər.

Uğurlu Məhəmmədə baha başa gələn səhv
Səlcuqşah bəyim bir yandan Uğurlu Məhəmmədi atasının gözündən salmağa çalışır, digər tərəfdən isə şahzadənin əsəbləri ilə oynayaraq onu yanlış addımlar atmağa məcbur etmək istəyirdi. Axırda onun istədiyi oldu: əsəblərini cilovlaya bilməməsi ucbatından Uğurlu Məhəmməd səhv qərar verərək atasına üsyan bayrağı açdı.
Lakin gəlin hadisələri qabaqlamayaq və bir az əvvələ qayıdaq: Uzun Həsən hicri 881-ci ildə (miladi 1476) Gürcüstana dördüncü və sonuncu səfərini həyata keçirir, bu yürüşün ardınca onun xəstələnərək öldüyü barədə şayiələr yayılır. Nəticədə Ağqoyunlu taxtına iddia edən iki şahzadə – Uğurlu Məhəmməd ilə Xəlil – arasındakı düşmənçilik daha da alovlanır.
Türkiyəli tarixçi Dr. Kazım Paydaşın qeyd etdiyi kimi, Şiraz valisi vəzifəsini tutan Uğurlu Məhəmməd atasından sonra Ağqoyunlu hökmdarı olmaq istəyirdi. Lakin onun qarşısında buna mane olmağa çalışan Uzun Həsən bəyin sevimli həyat yoldaşı, Xəlil və Yaqub bəylərin anası Səlcuqşah bəyim dayanırdı. Səlcuqşah bəyim daim Uğurlu Məhəmməd bəyin əleyhinə danışaraq atasını oğlundan soyutmuş, onun həyatını təhlükə altına atmışdı (Qaynaq: Kazım Paydaş, Osmanlılara sığınmış önemli bir Ak-Koyunlu şahzadesi: Uğurlu Mehmed bey, Türk Dünyası Araştırmaları, sayı: 199, ağustos 2012, s. 48).

Səlcuqşah bəyim oğlu Sultan Xəlilin qarşısındakı maneələri aradan qaldırmaq üçün Uğurlu Məhəmməd bəyin Şiraz valiliyindən uzaqlaşdırılaraq Bağdad valisi təyin edilməsinə nail oldu. Beləliklə, Uğurlu paytaxt Təbrizdən uzaqlaşdırıldı və Uzun Həsən bəyin öləcəyi təqdirdə şahzadənin hakimiyyətə yiyələnməsinin qarşısı alındı.
Taxt qovğasında qardaşının önə çıxması ilə barışmaq istəməyən, üstəlik, özünə qarşı təhlükənin getdikcə artdığını hiss edən Uğurlu Məhəmməd atasına qarşı üsyan qaldırdı və Məmlük dövlətinə sığınaraq onlardan yardım istədi. Uzun Həsənin Suriyaya qarşı iddialarından və planlarından xəbərdar olan Məmlük sultanı bu fürsəti qaçırmadı və Ağqoyunlu şahzadəsinin ixtiyarına bir qoşunu verərək onu İraq istiqamətinə göndərdi (Qaynaq: İbn Kemal, Tevârih-i Âl-i Osman, VII. Defter, Hazırlayan: Şerafettin Turan, s. 432-433, Ankara, 1991; İ. Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, s. 104-105).
Uğurlu Məhəmməd birbaşa Bağdada, qardaşı Maqsudun yanına gəldi. Bağdad hakimi olan Maqsud bəy və onun lələsi Dana Xəlil Bayandurlu tərəfindən hörmətlə qəbul edildi, hətta padşah kimi qarşılandı. Yenidən öz ətrafına qüvvələr toplamağa çalışdı. Hətta ona dəstək verən çakırlıların köməyi ilə Təbrizə hücum çəkdi. Şəhər yaxınlığında baş verən döyüşdə padşaha sadiq hərbi qüvvələri məğlub edən çakırlılar paytaxta daxil olub xoşagəlməz hərəkətlərə yol verdilər.
Həmin vaxt yürüşdə olan Uzun Həsən təcili geri qayıtdı və oğlunun tərəfdarlarını tam zərərsizləşdirdi. Belədə Uğurlu Məhəmməd bu dəfə atasının düşməninə – Osmanlı sultanı Fateh II Mehmedə sığındı. Əkbər N. Nəcəf qeyd edir ki, II Mehmed də ondan Ağqoyunlulara qarşı istifadə etmək niyyətində idi. Bu səbəbdən də Məhəmmədlə uzun-uzadı söhbətləşdi, Ağqoyunlu ölkəsinin vəziyyəti barədə ətraflı məlumat almağa çalışdı. Lakin Uğurlu Məhəmməd əsl şahzadə kimi davranaraq sultanın suallarına ehtiyatlı cavablar verdi.
K. Paydaş isə yuxarıda istinad etdiyimiz araşdırmasında yazır ki, “Fateh Sultan Mehmed xan Uğurlu Məhəmmədlə dəfələrlə görüşdü. Bu görüşlər zamanı Uğurlu Məhəmmədə “oğul” deyə müraciət edirdi. Fatehi bir neçə dəfə ziyarət etdikdən sonra Uğurlu Məhəmməd ondan Macarıstan sərhədində komandanlıq vəzifəsi istəmək fikrinə düşdü. Lakin Fateh ona Ağqoyunlu hökmdarı olması üçün kömək edəcəyini bildirdi. Daha sonra qızı Gövhərxan sultanı Uğurlu Məhəmmədlə evləndirdi və Osmanlı qoşunlarından ibarət bir ordu verərək onu Ağqoyunlu-Osmanlı sərhədində yerləşən Sivas şəhərinə göndərdi”.
Böyük oğlunun öncə üsyana qalxması, sonra isə Osmanlıya qaçması Uzun Həsəni dərindən sarsıtdı. Əkbər N. Nəcəfin fikrincə, Həsən padşahı başa düşmək olardı: bir oğlu (Zeynəl) məhz osmanlılarla döyüşdə öldürülmüş, başqa bir oğlu (Yusif) isə bir müddət onların əlində əsir qalmışdı. Bunlar azmış kimi, indi də böyük oğlu Osmanlı sultanına pənah aparmışdı...
Uğurlu Məhəmməd necə öldürülüb?
Uzun Həsənin bircə yolu qalırdı: oğlunu aradan götürtmək! Uzun məsləhətləşmələrdən sonra Ağqoyunlu əyanları Uğurlu Məhəmmədin şirniklənib ölkəyə qayıtması üçün padşahın ölüm xəbərini yaymaq qərarına gəldilər. Sonrası aydın idi – şahzadə həbs ediləcək və ölümlə cəzalandırılacaqdı.
Beləliklə, çox keçmədən xəbər yayıldı ki, böyük oğlunun davranışlarına dözə bilməyən Uzun Həsən melanxoliyaya qapılaraq sağalmaz bir xəstəliyə tutulub. Bu şayiələri yayanlar bir müddət sonra isə Həsən padşahın artıq öldüyü barədə xəbərlər yaymağa başladılar. Uğurlu Məhəmmədə məktublar göndərərək onu Təbrizə dəvət etdilər. Həmin məktublarda hökmdarlıq hüququnun ona məxsus olduğunu, dərhal hərəkətə keçməyəcəyi təqdirdə qardaşlarının bu hüququ onun əlindən alacaqlarını bildirdilər. Hətta inandırıcı olması üçün Uzun Həsənin saxta yas mərasimləri təşkil olundu. Bütün bunlardan sonra Uğurlu Məhəmməd vaxtilə onun sarayda gözdən düşməsinə və ölkəsindən uzaqlaşmasına səbəb olmuş şəxslərə bir daha inandı və Təbrizə doğru yola çıxdı (Qaynaq: Caterino Zeno, Travels in Persia, Trans. C. Grey, A Narrative of Travels of Italian in Persia, London, 1873, s. 38; Giovan Maria Angiolello, A Short Narrative of the Life and Acts of the King Ussun Cassano, Trans. C. Grey, A Narrative of Italian Travels in Persia, London, 1873, s. 96).
HƏMÇİNİN BAX:
Məşhur Azərbaycan şahı ilə bağlı böyük müəmma: Yusif Sərrac əhvalatı mifdir, yoxsa həqiqət?
Heç nədən şübhələnməyən Uğurlu Məhəmməd dərhal hərəkətə keçdi. Lakin Ərzincana çatdıqda şahzadə tələyə düşdüyünü anladı. Amma artıq çox gec idi. XVI əsrin tarixçisi Həsən bəy Rumlunun yazdığına görə, Səlcuqşah bəyimin əmri ilə Uğurlu Məhəmməd Ərzincanda öldürülməli idi. Əmri yerinə yetirmək isə şəhər hakimi Bayandur bəyə həvalə edilmişdi. Bayandur bəy tapşırığın öhdəsindən gəldi: şahzadəni hörmətlə qarşıladı və ilk fürsətdəcə qaçan dovşanı nişan almaq bəhanəsi ilə oxunu yaya qoyub çəkərək Uğurlu Məhəmmədi sinəsindən vurdu. Atın belindən yerə yıxılan şahzadə elə oradaca can verdi. Bayandur bəy onun başını kəsib Həsən padşaha göndərdi.
Osmanlı tarixçisi Hadidi isə Uğurlu Məhəmmədin at üstündə olarkən Səlcuqşah bəyimin qardaşı Bayandur bəy tərəfindən oxla vurulduğunu, sonra şahzadənin kəsilmiş başının atası Uzun Həsən bəyə göndərildiyini yazır (Qaynaq: Hadîdî, Tevârîh-i Âl-i Osman, s. 320).
Müasir alman tarixçisi və şərqşünası Rozmari Kvirinq-Tsoxe isə “Ağqoyunlu” adlı məqaləsində yazır ki, Uzun Həsən hakimiyyətinin son illərində həmin vaxt Şiraz hakimi olan oğlu Uğurlu Məhəmmədin dəfələrlə itaətsizlik göstərməsi ilə üzləşib: “Uğurlu Məhəmməd Bağdaddakı ögey qardaşı Maqsuddan və Rühada yaşayan əmisi Üveysdən dəstək alırdı. Uğurlu Məhəmməd başqa bir ögey qardaşı, Uzun Həsənin özündən sonra taxta çıxmasını nəzərdə tutduğu Xəlili dəstəkləyən qüvvələrlə döyüşdə öldürüldü” (Qaynaq: Quiring-Zoche, Rosemarie, Aq-Qoyunlū, Encyclopaedia Iranica, December 15, 1986). Alman araşdırıcının məqaləsində diqqətçəkən məqam bəzi müəlliflərin yazdığından fərqli olaraq, onun Uğurlu Məhəmmədin hiylə ilə deyil, savaş zamanı aradan götürüldüyünü yazmasıdır.
Venesiyalı səyyahlar isə şahzadənin qətlini tamam fərqli təsvir edirlər: onların yazdıqlarına görə, Uğurlu Məhəmməd həbs edilib atasının hüzuruna çıxarılaraq öncə təhqiramiz münasibətlə üzləşmiş, ardınca padşahın əmri ilə zindana atılmış, elə orada da öldürülmüşdür. İstənilən halda gerçəklik bundan ibarətdir ki, Uğurlu Məhəmməd 1477-ci ildə, cəmi 36 yaşında aradan götürüldü.
Burada maraqlı məqam oğlunun qətlində Uzun Həsənin iştirakıdır. Bəzi iddialara görə, Həsən padşah onun Osmanlıya sığınmasından çox qəzəblənsə və sarsılsa da, Məhəmmədin öldürülməsini nə istəyib, nə də əmr edib. Məsələn, Həsən Rumlu “Əhsənüt-təvarix” əsərində yazır ki, Uğurlu öldürüldükdən sonra onun kəsilmiş başı Uzun Həsənin yanına gətirilmişdi. Həmin vaxt xəstə olan hökmdar isə oğlunun ölümündən ağır sarsıntı keçirərək sağalacağı təqdirdə qatillərdən intiqam alacağını bildirmişdi. Rəvayətin davamında Səlcuqşah bəyimin bu sözlərdən qorxaraq Uzun Həsəni boğdurduğuna dair ehtimal irəli sürülür (Qaynaq: Doç. Dr. Ayşe Atıcı Arayancan, Akkoyunlu sarayında bir begüm ya da Mehd-i Ülya, Avrasya Uluslararası Araştırmalar Dergisi 7(20), December 2019).
Osmanlı tarixçisi İbn Kamalın rəvayətinə əsaslanan tarixçilər də Uğurlu Məhəmmədin qətlində təşkilatçı olaraq Səlcuqşah bəyimi göstərirlər. Buna sübut kimi isə onun Məhəmmədi aldadaraq Ağqoyunlu torpaqlarına qayıtmağa sövq etməsini və şahzadənin Ərzincan yaxınlığında pusquya salınaraq öldürülməsini, qətlin icrasında isə etibarlı adamlarından Süleyman bəy Biçən və Bayandur bəyin birbaşa iştirakını göstərirlər.
Nəticə etibarilə mübahisə doğuran başlıca məqamlardan biri budur: əgər Həsən padşah böyük oğlunun öldürülməsini əmr etməmişdisə, Uğurlu Məhəmmədin başı kəsildikdən sonra niyə ona göndərilmişdi? Bu sualın iki cavabı ola bilər:
Bir: Uğurlu Məhəmməd məhz onun əmri ilə aradan götürülüb və əmrin icra edildiyinə şübhə yeri qoymamaq üçün şahzadənin qoparılmış kəlləsi atasının hüzuruna aparılıb.
İki: Uzun Həsən həmin vaxt ağır xəstə olduğu üçün oğlunun ondan xəbərsiz qətlə yetirilməsinə sərt reaksiya verə bilməyəcəyi nəzərə alınıb, hətta bəlkə də bununla öncə onun ölümünü, ardınca da Xəlilin taxta çıxmasını sürətləndirmək planlaşdırılıb.
Əlbəttə, üçüncü cavab da mümkündür: Uğurlu Məhəmmədin kəsilmiş başının Həsən padşahın hüzuruna aparılması bəzi müəlliflərin iddiasıdır.
Nəzərə alsaq ki, Məhəmmədin hansı şəraitdə aradan götürüldüyünə dair bir neçə versiya var, hadisələrin sonrakı inkişafı haqqında fərqli fərziyyələrin irəli sürülməsi təəccüblü deyil.
İstənilən halda, Uzun Həsənin bu qətllə bağlı fərman verdiyinə dair mənbələrdə hər hansı bilgiyə rast gəlinmir, əvəzində qaynaqların əksəriyyəti Uğurlu Məhəmmədin öldürülməsində Səlcuqşah bəyimə və onun yaxın ətrafına fokuslanırlar.
(Haşiyə: Maraqlıdır ki, Səlcuqşah bəyimin öz ölümü ilə bağlı da mübahisəli məqamlar var. Bir iddiaya görə, o, Uzun Həsənin Dəspinə xatundan doğulan oğlu Məsih mirzəni də aradan götürmək istəmiş, bunun üçün zəhərli şərbət hazırlamış, ancaq bu şərbət yanlışlıqla Səlcuqşah bəyimin öz oğulları – Sultan Yaquba və Yusif mirzəyə təqdim olunmuşdu. Hadisədən gec xəbər tutan Səlcuqşah bəyim isə dözə bilməyib qalan şərbəti içərək intihar etmişdir. Ancaq onun və oğullarının ən azı 2 həftə arayla vəfat etmələri bu iddianın doğruluğuna dair müəyyən şübhələr yaradır).
Uzun Həsənin ölümünü tezləşdirən qətl
Böyük oğlunun faciəli sonluğu Uzun Həsəni çox sarsıtdı. Həmin vaxt Ağqoyunlu sarayında olan Venesiya elçiləri padşahın yaşadığı ağır ruhi əzabların, iztirabların şahidinə çevrilmişdilər. Hətta Katerino Zeno hökmdarın “qüsursuz ağlından və şöhrətindən” əsər-əlamət qalmadığını qeyd edir. Böyük zəfərlərə imza atan, ağqoyunluları bir bayraq altında birləşdirən və zamanının ən böyük dövlətini quran bir hökmdar ata kimi uğursuz olmuşdu...
Əkbər N. Nəcəf yazır ki, Uğurlu Məhəmmədin qətli Uzun Həsəni əzablara qərq etdi və onun ölümünü tezləşdirdi. Hətta bir rəvayətə görə, oğlunun kəsilmiş başı saraya gətirilərkən Həsən padşah xəstə vəziyyətdə yataqda imiş. Sonuncu dəfə oğlunun solğun çöhrəsini görən Ağqoyunlu sultanı tamamilə sarsılır.

Məşhur türkiyəli tarixçi Faruq Sümer isə “İslam ensiklopediyası”ndakı məqaləsində baş verənləri belə ümumiləşdirir: “Həsən bəy Gürcüstan yürüşündən xəstə halda qayıtdı. Onun ağır xəstələnməsi xəbərini alan Səlcuqşah bəyim vəliəhd Xəlili Şirazdan gətirtdi. Bundan sonra Həsən bəyin öldüyü barədə xəbərlər Uğurlu Məhəmmədə də çatdırıldı. Ərzincana gələn Uğurlu Məhəmməd burada qətlə yetirildi (882-ci ilin ramazan ayı/1477-ci ilin dekabrı).
“Əbün-Nəsr” (anlamı: “Zəfər sahibi”) ləqəbi ilə tanınan Uzun Həsən 882-ci ilin Ramazan bayramı gecəsində (6 yanvar 1478-ci il) vəfat etdi”.
Bir sözlə, Uzun Həsən böyük oğlunun faciəli aqibətinə heç bir ay da dözə bilməmişdi, bu isə Uğurlu Məhəmmədin qətl əmrini məhz onun verdiyinə dair şübhələri bir az da dərinləşdirir.