Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirir.
Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.
Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?
Layihə çərçivəsində növbəti yazını təqdim edirik:
Azərbaycanın məşhur hökmdarı doğrudanmı əvvəlcə qul olub? («Gizli Azərbaycan»)
Elnur Astanbəyli
Yazının sərlövhəsi bir çoxlarına təəccüblü və ziddiyyətli görünə bilər, lakin gerçəklik ondan ibarətdir ki, tarixdə köləlikdən hökmdarlığa yüksələn səltənət sahibləri az deyil.
Məsələn, 17 il boyunca – 1260–1277-ci illərdə – Misir taxtında əyləşən Baybars qıpçaq çöllərində – Dəşti-Qıpçaqda doğulmuşdu; monqol yürüşləri zamanı əsir götürülərək qul kimi satılmış, Dəməşqə gətirilmiş və məmlük hərbi sisteminə daxil olmuşdu. Sonradan azad edilmiş, öncə məmlük ordusunun aparıcı komandanlarından biri, 1260-cı ildə isə Misir sultanı olmuş, nəticə etibarilə orta çağ müsəlman Şərqinin ən görkəmli hərbi və siyasi xadimlərindən biri kimi şöhrət qazanmışdı. O, monqolların Yaxın Şərqdəki irəliləyişini dayandıran, bu səbəblə də tarixi dəyişdirən döyüşlərdən biri sayılan Əyn Cəllud savaşında Çingiz xan imperiyasının ordusunu məğlubiyyətə uğratmış, Misir və Suriyanın sultanı olaraq başında dayandığı dövləti öz dövrünün güc mərkəzlərindən birinə çevirmişdi.
Və ya Hindistan tarixinin parlaq simalarından biri kimi göstərilən Qütbəddin Aybəki götürək. Aybək türk əsilli hərbi əsir, əslində isə bir növ qul olaraq öncə Nişapur qazısına, ardınca – qazı ölüncə – Qurlu sultanı Məhəmməd Quriyə qulam kimi satılmışdı. Qurinin ən güvəndiyi sərkərdə mərtəbəsinə yüksəlmiş, 1206-cı ildə ağası həyata göz yumunca da ağlı və cəsarəti sayəsində bütün Əfqanıstan, Pakistan və Şimali Hindistan torpaqlarına hakim olmuşdu. Tarixdə Dehli türk sultanlığının ilk hökmdarı sayılır. “Encyclopaedia Iranica”da isə Hindistanın ilk müsəlman hökmdarı kimi təqdim edilir.
Yeri gəlmişkən, Aybəkin əsasını qoyduğu xanədan tarixə elə “Qul sülaləsi” (əslində, Məmlüklər) olaraq düşmüşdü. Belə ki, Aybəkdən sonra Şəmsəddin İltutmuş hakimiyyətə gəldi. O da əvvəllər qul olmuşdu. İltutmuş Dehli sultanlığının siyasi mövqelərini gücləndirmiş, bu dövlətin ən mühüm hökmdarlarından birinə çevrilmişdi. Daha sonra Qiyasəddin Balaban kimi məmlük mənşəli başqa şəxslər də taxta çıxmışdılar. Odur ki, haqqında danışılan xanədan “Qul sülaləsi” adı almışdı. Lakin burada “qul” sözü öz ilkin mənasından xeyli dərəcədə fərqlənir, daha çox hərbi xidmət üçün satın alınan, təlim keçmiş türk mənşəli məmlüklər (1) anlamına gəlirdi.
Maraq üçün deyək ki, qul, yəni məmlük sülaləsi Dehli sultanlığında təxminən 1206–1290-cı illər boyunca hökmranlıq sürmüşdü.
Yaxud yenə türk mənşəli Qalavun qıpçaq yeniyetmə ikən məmlük, yəni hərbi qul kimi Misirə gətirilib. Mənbələrdə onun təxminən 1000 dinara satın alındığı və buna görə “əl-Əlfī” (“minlik”) ləqəbi aldığı yazılır. Qalavun da bir müddət sonra əmirliyə, sonda da Misir (Məmlük) sultanlığına yüksəlib.
Köləlikdən hökmdarlıq taxtına yüksəlməyin başqa bir parlaq nümunəsi Makedoniyalı I Vasileydir. O, IX yüzilliyin əvvəllərində Makedoniyada aşağı təbəqədən olan, yəni kasıb bir ailədə doğulmuşdu. Bəzi mənbələrə görə, iki yaşında – 813-cü ildə – bulqar xanı Krumun yürüşü zamanı ailəsi ilə birlikdə əsir götürülmüş və onun ölkəsində kölə olaraq yaşamışdı. Sonradan doğulduğu Bizansa qayıdaraq Konstantinopola getmiş, əvvəlcə xidmətçi və mehtər kimi çalışmışdı. Sonralar fiziki gücü, atçılıq bacarığı və siyasi qabiliyyəti sayəsində imperator III Mixailin diqqətini çəkmiş, onun ən yaxın adamlarından birinə çevrilmiş, 867-ci ildə isə III Mixaili öldürərək Bizans taxtını ələ keçirmişdi. Beləliklə, keçmiş əsir (bəzi qaynaqlara görə isə qul) və adi bir nökər öz dövrünün əzəmətli taxtlarından birinə oturmuş, Bizans imperatoru olmuşdu. Onun əsasını qoyduğu Makedon sülaləsi isə Bizans imperiyasını haradasa iki yüz il boyunca (867–1056-cı illərdə) idarə etmişdi.
Oxşar nümunələrin siyahısını kifayət qədər uzatmaq olar.
Lakin yuxarıdakı örnəklərdən də göründüyü kimi, hətta orta çağlarda belə, köləlik mərtəbəsindən hökmdarlıq məqamına yüksəlməyin kifayət qədər örnəyi vardı. Bu mənada Azərbaycanın həmin dövr tarixi də istisna deyil.

Şirvanşah I İbrahim Əmir Teymura “doqquzuncu qul mənəm” deyibmi?
Tariximizlə bağlı əslində ən məşhur “qul söhbəti” şirvanşah I İbrahimlə bağlıdır.
Məsələ burasındadır ki, mənbələrdə I İbrahimin 1386-ci ildə Əmir Teymurla görüşdüyü barədə məlumatlara rast gəlinir. Həmin dövr müəlliflərindən Ərəbşah və Cənnabinin yazdığına görə, şirvanşah bəhs edilən görüşdən əvvəl özünün ən inanılmış adamı – böyük vəziri Qazı Əbu Yəzidlə məşvərət etmişdi. Vəzir bu məşvərət zamanı şirvanşaha qaçıb dağlarda gizlənməyi məsləhət görmüşdü.
Lakin I İbrahim təhlükədən qaçmaqdansa, əmirlə dil tapmağı qərarlaşdırır. O, Teymurun adına xütbə oxunmasını və sikkə kəsilməsini əmr edir, üstəlik, öz itaətini bildirmək üçün bahalı hədiyyələrlə həmin vaxt əmirin qışladığı Qarabağa yollanır və onunla ittifaq bağlayır.
Teymurlu tarixçilərindən Şərafəddin Əli Yəzdi bu görüşü belə təsvir edir: “Zəmanə məliklərindən qədir bilməkdə, danışıq qabiliyyətində, əxlaqda, nəslinin qədimliyində çox üstün olan Şirvan valisi İbrahim ağlının gücü və dövlətinin nüfuzu ilə itaət və xidmət kəməri bağladı, mütilik və vəfa yolu ilə aləmpənah dərgaha tələsdi, dövrün sultanlarının arzusunda olduğu büsat-busluq (ətək öpmək) şərəfinə nail oldu. Layiqli doqquzluq hədiyyələr... gətirdi. Onun dövlətinin ilhamından xəbər verən bir lətifə də budur ki, o hər cür nəfis şeylərdən və mallardan “doqquzluq”ları təqdim etmə mərasimində bircə qullardan səkkizini təqdim etdi, özü də onların arasında doqquzuncu qulun əvəzinə dayandı. Onun səmimiyyəti Sahibqıran (2) həzrətlərinin (Əmir Teymur nəzərdə tutulur – E.A.) nəzərində yüksəldi və xosrovanə nəvaziş göstərib Şirvan məmləkətini bütün tabeliyində olan yerlərlə ona tapşırdı. Bu əmin-amanlıq şirvanşahın yüksəlməsinə səbəb oldu”.
Eyni mənbələrə istinadla tarixçi Sara Aşurbəyli (1906–2001) yazır: “Monqol hökmdarlarında dəb olduğu üçün İbrahim hər hədiyyədən Əmir Teymura doqquz ədəd təqdim etdi. Lakin yalnız səkkiz qul bağışladı və bildirdi ki, doqquzuncu mən özüməm. Bu, Teymurun çox xoşuna gəldi, İbrahimi oğlu adlandırıb fəxri paltar bağışladı və öz torpaqlarına qayıtması üçün icazə verdi. Şirvanşaha hədsiz iltifat göstərən Əmir Teymur bəzi mülkləri də onun torpaqlarına qatdı, öz xələflərinə isə İbrahimin övladlarının təhlükəsizliyini təmin etməklə bağlı vəsiyyət xarakterli fərman imzaladı” (3).
Tarixçi Samir Həsənov hesab edir ki, şirvanşah I İbrahimin məntiqli seçimi, müdrik qərarı nəticəsiz qalmır – Şirvan viran olmaqdan və qırğınlardan qurtulur (4).
Lakin bu deyilənlərin əksini iddia edənlər də var. Məsələn, Zaur Əliyev adlı müəllif yazır ki, Əmir Teymurla görüşə şirvanşah o vaxtkı monqol ənənəsinə görə “tokkuz” – doqquz qiymətli hədiyyə gətirir. Sitat: “Bu hədiyyələr içərisində İbrahim Nizami Gəncəvinin “7 gözəl”i timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymur hədiyyələr qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olur və İbrahimin ilk görüşdə davranışını yüksək qiymətləndirir... Şirvanşah I İbrahim əsla Teymura “mən sənin qulunam” deməyib. Çünki Teymura o, müttəfiq kimi lazım idi və Teymura Şirvana hücum etmək qəti sərf etməzdi” (axar.az, 10.11.2024).
Əslində, yuxarıda yazdıqlarımız bu araşdırmanın məzmunu ilə birbaşa bağlı deyil. Biz tariximizdə köləlikdən hökmdarlığa yüksəlişin nümunəsindən danışmağı hədəfləmişdik.
Sadəcə, əsas mətləbin üstünə gəlmədən bəhs etdiyimiz mövzuda bir növ “qulaq assosiasiyası” yaradan maraqlı bir iddianın üstündən səssiz keçmək istəmədik.
İndi isə araşdırmamızın sərlövhəsinə qayıdaq.

“Qırxıncı qul” nə demək idi?
Deyilənə görə, orta çağlarda qıpçaqların qul bazarında belə bir qayda vardı. Əgər bir tacir bir dəfəyə qırx qulun hamısını alsaydı, qul alverçisi yalnız otuz doqquzunun pulunu alır, qırxıncı qulu ona bağışlayırdı.
Səlcuqlu hökmdarı Sultan Mahmudun zamanında (1118–1131) iraqlı bir qul taciri eyni qayda ilə qırx qulu birdən almışdı. Qul alverçisi də tacirdən otuz doqquz qulun pulunu götürmüş, qırxıncını isə hədiyyə etmişdi. Həmin qul həddən artıq çəlimsiz olduğundan tacir onu könülsüz qəbul eləmişdi. Sonra da qulları arabaya mindirib İraqın yolunu tutmuşdu. İlin yay fəsli olduğundan karvan ancaq gecələr hərəkət edir, gündüzlər dincəlirdi. Qırxıncı qul yolboyu elə hey yuxuladığından arabadan üç dəfə yerə yıxılmışdı. İki dəfə onu qaldırıb arabaya qoysalar da, üçüncü dəfə tacir əmr eləmişdi ki, onu yolda buraxsınlar. Nə də olsa, bu qula pul verməmişdi, üstəlik, belə sısqa, çəlimsiz biri çətin ki, tacirin işinə yarayardı. Əksinə, bu qulun qarnını doyurmaq boş yerə məsrəf demək idi.
Yenə deyilənə görə, elə ki səhər açıldı, qul yuxudan ayıldı, sağa-sola boylandı, ətrafda kimsəni görməyib karvanın getdiyini yəqin elədi. Ayağa qalxıb arabanın izlərini təqib edərək qızmar günəşin altında bütün günü yol getdi, axırda axşama doğru karvanı haqladı. Qulun bu fərasəti və ağlı taciri çox heyrətləndirdi.

Qaydaya görə, Səlcuqlu dövlətinin o vaxtkı paytaxtı İsfahana gətirilən qul karvanlarını əvvəlcə dövlət adamları gözdən keçirirdilər. Onlar sağlam, bacarıqlı qulları seçib alır və orduya cəlb edirdilər. Haqqında danışılan tacir də qullarını sultanın vəziri Kəmalülmülkə təqdim elədi. Vəzir onları bir-bir gözdən keçirdi, aralarından bəzilərini seçdi. Seçmədiyi qullar arasında, şübhəsiz ki, barəsində bəhs elədiyimiz həmin sısqa, çəlimsiz qul da var idi. İşi belə görən qul vəzirin ətəyinə yapışıb yalvar-yaxar etdi ki, onu da özü ilə aparsın.
Aradan illər keçəcək, bu qul Səlcuqlu sultanlığının ən böyük əmirləri və atabəyləri sırasında yer alacaq, tarixə Şəmsəddin Eldəniz kimi düşəcəkdi...
Şəmsəddin Eldənizlə bağlı bu rəvayət doğrudurmu?
Çağdaş Azərbaycan tarixçiliyinin görkəmli nümayəndəsi Əkbər N. Nəcəfin araşdırmasından Şəmsəddin Eldənizin, həqiqətən də, qul kimi satıldığı aydın olur (5). Bununla belə, o yazır ki, Eldənizin qul kimi aparıldığı yol mübahisəlidir. Birinci ehtimala görə, onun olduğu qul karvanı indiki Türkmənistan torpaqlarından keçərək Xorasana, oradan da Həmədana gəlib.
İkinci ehtimala görə, Eldəniz Qara dənizin şimalından Dərbənd yolu ilə Azərbaycana gətirilib. Hər iki ehtimal ağlabatan görünür. Lakin Eldənizin gətirildiyi karvan yolu haqqında mənbələrin verdiyi təsvirdən belə başa düşmək olar ki, söhbət daha çox Orta Asiya-Xorasan yolundan gedə bilər. Çünki məhz həmin yolun keçdiyi ərazilərdə bərk istilər olurdu. Belədə karvanlar gündüz dincəlib gecə hərəkət eləmək məcburiyyətində qalırdı.

(Yeri gəlmişkən, Ə. Nəcəfin qeyd etdiyinə görə, Azərbaycandakı ən böyük qul bazarı Dərbənd idi. O yazır ki, Dərbənd uzun əsrlər boyu şimal ölkələri ilə müsəlman ölkələri arasında ticarət xəttinin əsas dayanacağı, həm quru, həm də dəniz yollarının kəsişdiyi nöqtədə yerləşməsi səbəbindən önəmli liman şəhəri idi. Bunun başlıca səbəbi Xəzər dənizi üzərində əlverişli mövqeyə sahib olması idi. Üstəlik, bu dənizin Dərbənd sahilləri gəmilərin quruya yanaşması baxımından çox əlverişli sayılırdı: orada gəmilərə əngəl yarada biləcək sualtı mərcan qayalıqlarına rast gəlinmirdi. Deyilənləri ümumiləşdirdikdə, güclü qala divarları ilə əhatə olunan şəhərin şimalla cənub arasındakı ticarətin birləşdiyi nöqtəyə çevrilməsi təəccüb doğurmur. Çox sayda bazarı ilə tanınan Dərbəndin bir başqa xüsusiyyəti isə şimal-cənub marşrutu üzrə qul ticarətinin də mərkəzinə çevrilməsi idi. Məşhur səyyah Yaqut əl-Həməviyə görə, bu şəhər “hər cinsdən (millətdən – E.A.) qulun satıldığı” yer idi.)
Orta çağ tarixçiləri Eldənizin məhz “qırxıncı qul” kimi satıldığına dair iddiaları təkrarlayırlar. Bu sırada “Rövzət əs-səfa” əsərinin müəllifi Mirxondla (1433–1498) onun nəvəsi, məşhur “Həbib əs-siyar” əsərinin müəllifi Xondəmir (1475–1536) də var.
Azərbaycan şərqşünası və tarixçisi Ziya Bünyadov da orta çağ müəlliflərinə istinadən Şəmsəddin Eldənizin məhz 40-cı qul kimi satıldığına dair fərziyyəyə yer verir (6).
Mənbələrdə bu fərziyyənin əleyhinə hər hansı fikrə, yaxud bilgiyə isə rast gəlinmir.
Bu da Eldənizlə bağlı məlum iddiada həqiqət payının kifayət qədər yüksək olduğunu düşünməyə əsas verir.

“Qırxıncı qul”un sahibi kim idi?
Mirxondun yazdığına görə, İraqda aralarında Şəmsəddin Eldənizin də olduğu qulları Səlcuqlu sultanının vəziri Kəmalülmülk satın alıb.
Ə. Nəcəfin yazdığına görə, bir çox tarixçilər bu hadisənin 1121-ci ildə baş verdiyini yazır. Belədə güman etmək olar ki, Kəmalülmülk Eldənizi satın alarkən onun 11 yaşı var imiş. Qəznəvi hökmdarı olan Səbüktəginin də 11 yaşında qul olaraq satıldığını və 7 illik fəaliyyətdən sonra 18 yaşında 200 nəfərlik dəstəyə rəhbərlik etdiyini nəzərə alsaq, bu məlumat inandırıcı görünür.
Beləliklə, Eldənizin təxmini olaraq 1110-cu ildə doğulduğu, 1119, yaxud 1120-ci ildə qul kimi əsir alındığı söylənilir. Bundan bir, ya da iki il sonra isə vəzir Sümeyrəminin xidmətinə daxil olduğu ehtimal edilir.
Onu da deyək ki, əsl adı Əli ibn Əhməd əs-Sümeyrəmi olan Səlcuqlu vəziri ağıllı və istedadlı biri idi. Elə ona görə də “Kəmalülmülk” ləqəbi ilə çağırılırdı. Əslən isfahanlı olan vəzirin atası Böyük Səlcuqlu hökmdarı Sultan Məlikşahın (1055–1092) arvadı Təkən xatunun İsfahandakı torpaqlarına nəzarət edirdi. Atasının imkanlı olması səbəbindən yaxşı təhsil alan Sümeyrəmi tezliklə Səlcuqlu sarayında məmurluğa başlamışdı. Ağıllı, bacarıqlı və bir qədər də hiyləgər olduğundan qısa müddətdə divan vəzirlərindən birinə çevrilmişdi. İraq Səlcuqlu sultanlığının ilk vəziri olan Rəbib öldükdən sonra isə Sultan Mahmud onu baş vəzir təyin etmişdi.
Sümeyrəmi üç il vəzirlik məqamında qalmışdı. İsmaililərə qarşı barışmaz mövqeyi ilə seçildiyindən o, 1122-ci ildə Həsən Sabbahın (7) fədailəri tərəfindən öldürülmüşdü. Kəmalülmülkün həyatda ən böyük uğuru isə Şəmsəddin Eldənizi yetişdirmək olmuşdu...

İZAHLAR:
1. Misirdə Əyyubilər sülaləsi (1171–1250) hökmdarlarının seçmə qoşun dəstələrini təşkil edən döyüşçü-qullar məmlüklər adlanırdı. Məmlüklər, əsasən, türklər, gürcülər, çərkəzlər və digər Qafqaz xalqlarından ibarət olublar. Sayı təxminən 9–12 minə çatan məmlüklərə 24 bəy başçılıq edib. Məmlük bəyləri ən yaxşı torpaqlara sahib olublar, gömrükdən gələn gəlirlərə, bəzi dövlət müəssisələrinə və s.-yə nəzarəti ələ alıblar. 1250-ci ildə məmlüklərin başçıları Əyyubilər sülaləsini devirərək hakimiyyətə gəliblər. Onlar Suriyada (1516-cı ilədək) və Misirdə (1517-ci ilədək) müstəqil hökmranlıq sürüblər. 1516–1517-ci illərdə Suriya, Fələstin və Misiri fəth edən Osmanlı sultanı I Səlim məmlüklərin hakimiyyətinə son qoyub. Lakin bu məğlubiyyətə baxmayaraq, Misir torpaqlarının bir hissəsi məmlük feodallarının nəzarətində qalıb və onlar Osmanlı xəzinəsinə vergi ödəyiblər. XVII əsrdə Osmanlı dövlətinin zəifləməsi məmlüklərə hakimiyyətə qayıtmaq imkanı verib. Yalnız Misir paşası Məhəmməd Əlinin dövründə (1805–1848) torpaqlar məmlüklərdən alınıb (1808), məmlük bəyləri isə məhv edilib (1811) (Qaynaq: Azleks.az, “Tarix terminləri lüğəti”).
2. Müştəri (Yupiter) ilə Zöhrə (Venera/Çobanulduzu) planetlərinin bir bürcdə birləşdikləri zaman dünyaya gələn şəxsiyyətlər, xüsusilə hökmdarlar orta əsr müəllifləri tərəfindən “sahibqıran” adlandırılırdı. Həmin adın ilk sahibi isə Makedoniyalı İsgəndərdir.
3. Sara Aşurbəyli, “Şirvanşahlar dövləti”. Bakı: “Əbilov, Zeynalov və oğulları”, 2006.
4. Samir Həsənov, “I İbrahim”. “Altun kitab” nəşriyyatı, Bakı, 2025.
5. Əkbər N. Nəcəf, “Şəmsəddin Eldəniz”. “Altun kitab” nəşriyyatı, Bakı, 2024.
6. Ziya Bünyadov, “Azərbaycan Atabəylər dövləti (1136–1225-ci illər)”, “Elm” nəşriyyatı, Bakı, 2006.
7. Həsən Sabbah (1037–1124) Ələmut qalasında qurulan Nizari-İsmaili dövlətinin banisi və ilk hökmdarıdır. Onun rəhbərliyi altındakı silahlı qruplar (fədailər) rəqiblərinə qarşı sui-qəsdlərlə bilinir. Bu qrupların qurbanları arasında Böyük Səlcuq dövlətinin məşhur vəziri Nizammülk daxil olmaqla, öz dövrünün bir çox tanınmış şəxsləri göstərilir. Hərçənd, Nizammülkün məhz Sabbah tərəfindən öldürüldüyünə şübhə ilə yanaşan qaynaqlar da var.
Qeyd: Məqalədə yer alan şəkillər süni intellektlə yaradılmış və məlumat xarakteri daşıyır
Oxucuların diqqətinə!
Növbəti yazımızda bu suala cavab axtaracağıq: Güney Azərbaycanda 1945–1946-cı illərdə mövcud olmuş milli hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin ölüm səbəbi adi avtomobil qəzası, yoxsa sui-qəsd idi?
Şərhlər