“Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin Qarabağa səfəri və tədbirin Ağdam məscidində davam etdirilməsi təsadüfi seçim deyildi. Bu məscidin Azərbaycan xalqının yaddaşında xüsusi yeri var. Vaxtilə burada şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilib. İşğal dövründə məscid ciddi dağıntılara məruz qalıb, azadlıqdan sonra isə bərpa olunan mühüm dini abidələrdən birinə çevrilib".
Bunu siyasi şərhçi Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında Prezident İlham Əliyevin sentyabrın 15-də dini liderləri qəbul etməsindən sonra onların Ağdama səfər etməsini şərh edərkən deyib.
Əlimməməd Nuriyev qeyd edib ki, azad edilmiş ərazilərdə dini-mədəni irsin bərpası istiqamətində mühüm işlər görülür:
"Prezidentin açıqladığı məlumatlara görə, indiyədək azad edilmiş ərazilərdə 12 məscid bərpa edilib və ya yenidən inşa olunub. Dini liderlərin Ağdam səfəri zamanı Xocalı Soyqırımı Memorialını ziyarət etməsi də xüsusi əhəmiyyət daşıyır. Onlar Qarabağda həm işğalın yaratdığı dağıntıları, həm də Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa prosesini yerində görmək imkanı əldə etdilər".

Siyasi şərhçinin fikrincə, Qarabağdakı reallıqları yalnız toplantı və konfrans salonlarında müzakirə etməklə onların mahiyyətini tam şəkildə çatdırmaq mümkün deyil:
"Dağıntını da, bərpanı da yerində görmək tamam başqa təsir yaradır. Ağdamda bu iki mənzərə bir-birinin fonunda görünür. Bu baxımdan dini liderlərin səfəri təkcə protokol xarakterli tədbir deyil, həm də onların Qarabağdakı reallıqlarla birbaşa tanışlığı baxımından əhəmiyyətlidir".
Əlimməməd Nuriyev Azərbaycanın dini liderləri müxtəlif platformalarda bir araya gətirməsini də geniş əməkdaşlıq kontekstində dəyərləndirib:
"Azərbaycanın Türk dünyası, Qafqaz xalqları və İslam aləmi ilə tarixi və mədəni əlaqələri var. Bu münasibətlər bu gün müxtəlif beynəlxalq və regional qurumlarla əməkdaşlıq çərçivəsində də inkişaf etdirilir. İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əlaqələr, Bakıda fəaliyyət göstərən İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi və İƏT-in Əmək Mərkəzi bunun nümunələrindəndir".
Şərhçi vurğulayıb ki, Prezident İlham Əliyevin dini liderlərlə görüşdə sülh və barışıq çağırışı da mühüm mesaj kimi qiymətləndirilə bilər:
"İslam dünyasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqlarının mövcud olduğu bir vaxtda dini liderlərin sülh və qarşılıqlı anlaşma ideyası ətrafında bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu məsələdə dialoqun və əməkdaşlığın təşviqinə yönəlmiş platformaların formalaşmasında iştirak edir".
Əlimməməd Nuriyev islamofobiya məsələsinin də beynəlxalq gündəmdə saxlanılmasının vacibliyini qeyd edib:
"Azərbaycan islamofobiya ilə mübarizə məsələsini beynəlxalq müzakirələrdə daim gündəmdə saxlayır. Bakıda bu mövzuya həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi də bunun göstəricilərindəndir. Eyni zamanda, Qarabağda işğal zamanı dağıdılmış məscidlərin və digər dini-mədəni abidələrin taleyi dini və mədəni irsin qorunması ilə bağlı müzakirələrdə diqqətdən kənarda qalmamalıdır".
Siyasi şərhçinin fikrincə, Ağdam məscidinin bərpası Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma prosesinin nümunələrindən biridir:
"Ağdam məscidi artıq bərpa olunub. Lakin şəhərin işğal dövründən qalan izləri hələ də göz önündədir. Dini liderlərin Qarabağ səfərinin əsas məqamlarından biri də məhz bu iki reallığı - dağıntını və bərpanı - eyni vaxtda görmələridir. Səfərin əhəmiyyətini qiymətləndirərkən ilk növbədə bu məqam nəzərə alınmalıdır".
Siyasət şöbəsi
Şərhlər