Xəbər lenti

Alimlərdən xəbərdarlıq: Yer kürəsinin 9 ekoloji həddindən 7-si artıq aşılıb
Dünya21:17 08.11.2026

Alimlərdən xəbərdarlıq: Yer kürəsinin 9 ekoloji həddindən 7-si artıq aşılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yer kürəsində ekoloji tarazlıq getdikcə pisləşir. Alimlərin son araşdırmasına görə, planetin həyat üçün əlverişli vəziyyətini qoruyan doqquz əsas ekoloji həddən yeddisi artıq təhlükəsiz səviyyəni keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Planetary Guardians” təşkilatının Potsdam İqlim Tədqiqatları İnstitutu ilə birgə hazırladığı yeni hesabatda bildirilir.

Sentyabrın sonunda dərc olunan hesabatda 60-dan çox alim Yer kürəsinin ekoloji vəziyyətini qiymətləndirib. Tədqiqatçılar iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, okeanların turşulaşması, şirin su ehtiyatlarının vəziyyəti, stratosferdə ozon qatının zəifləməsi və digər mühüm göstəriciləri təhlil ediblər.

Qeyd olunur ki, 2009-cu ildə planetin təhlükəsiz fəaliyyət sərhədləri müəyyənləşdirilərkən bu göstəricilərdən yalnız üçü normadan kənara çıxmışdı. 2023-cü ildə isə artıq altı ekoloji həddin aşıldığı açıqlanmışdı. Son hesabatda okeanların turşulaşmasının da 2025-ci ildə təhlükəsiz həddi keçdiyi təsdiqlənib.

Beləliklə, hazırda yalnız stratosferdəki ozon qatının vəziyyəti və atmosferdə aerozolların konsentrasiyası müəyyən edilmiş təhlükəsiz çərçivədə qalır.

Potsdam İqlim Tədqiqatları İnstitutunun hesabatın əsas müəllifi Boris Sakşevskinin sözlərinə görə, təhlükəsiz həddi keçmiş ekoloji sistemlərə təzyiq artır. Bu isə genişmiqyaslı, uzunmüddətli və hətta geri dönməz dəyişikliklərin baş verməsi riskini yüksəldir.

Okeanların turşulaşması dəniz canlılarını təhlükə altına alır

Alimlərin diqqət çəkdiyi əsas problemlərdən biri okeanların turşulaşmasıdır. Buna başlıca səbəb atmosferə atılan karbon qazının artmasıdır. Bu proses dəniz suyunun kimyəvi tərkibini dəyişdirərək bir çox canlıların yaşamasını çətinləşdirir.

Xüsusilə mərcan rifləri, molyusklar və dəniz ilbizləri təhlükə ilə üz-üzədir. Çünki bu canlılar qabıqlarını və skeletlərini formalaşdırmaq üçün suda olan karbonat minerallarından istifadə edirlər. Okeanın turşulaşması isə həmin prosesə mane olur.

Hesabatda bəzi dəniz canlılarının qabıqlarında zədələnmə və ərimə əlamətlərinin müşahidə edildiyi, tropik mərcan riflərinin isə bərpa qabiliyyətinin zəiflədiyi bildirilir.

Alimlər ekoloji problemlərin nəticələrinin artıq dünyanın müxtəlif bölgələrində hiss olunduğunu vurğulayırlar. Pakistanda musson yağışlarının yaratdığı fəsadlar, Karib hövzəsində qasırğalar, Avropada quraqlıq və istilik dalğaları bu təhlükələrin nümunələri kimi göstərilir.

“Planetary Guardians” təşkilatının rəhbəri Hindu Umaru İbrahimin fikrincə, müxtəlif qitələrdə baş verən bu hadisələr ayrı-ayrı təbii fəlakətlər deyil, planetin ekoloji tarazlığını itirdiyini göstərən ümumi siqnallardır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud tendensiyalar davam edərsə, Yer kürəsində həyat üçün əlverişli şəraitin qorunması daha da çətinləşə bilər.

Aydın