
Sudanın şimalında, qumların altında qalmış nəhəng kafedralın qalıqları arxeoloqlar tərəfindən araşdırılır. Bir vaxtlar Makuriya Krallığının paytaxtı olmuş Qədim Donqola şəhərində yerləşən tikilinin ölçülərinin Vaşinqtondakı Ağ Evdən daha böyük olduğu bildirilir. Qazıntılar zamanı həmçinin kafedralın yuxarı mərtəbəsində yerləşən kiçik kilsənin divarlarından dini yazılar aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.
Nil çayının şərq sahilində yerləşən Qədim Donqola orta əsrlərdə Nubiyanın əsas dini və siyasi mərkəzlərindən biri olub. VI əsrdə xristianlığı qəbul edən Makuriya Krallığı XIV əsrə qədər mövcudluğunu qoruyub. Həmin dövrdə şəhərdə çoxsaylı kilsələr, monastırlar və monumental tikililər inşa edilib.
Hazırda Varşava Universitetinin və Sudanın Milli Antik Əşyalar və Muzeylər İdarəsinin mütəxəssisləri ərazidə yerləşən İsanın Böyük Kilsəsində arxeoloji tədqiqatlar aparırlar.
Qazıntıların ilkin mərhələsində geniş pilləkən üzə çıxarılıb. Arxeoloqlar, həmçinin ilk dəfə kafedralın ilkin döşəmə səviyyəsinə çatmağa nail olublar. Pilləkənin yaxınlığında aşkarlanan bəzi divarların hündürlüyü təxminən 11 metrdir.
İlkin hesablamalara əsasən, kafedralın eni 47, uzunluğu isə 57 metr olub. Tikilinin hündürlüyünün 21 metrə çatdığı ehtimal edilir. Bu göstəricilər onun dövrünün ən möhtəşəm dini tikililərindən biri olduğunu göstərir.
Ayasofya ilə müqayisə edilir
Qazıntılara rəhbərlik edən Varşava Universitetinin Aralıq dənizi Arxeologiyası Mərkəzinin professoru Artur Obluski bildirib ki, kafedralın tutduğu sahə Vaşinqtondakı Ağ Evin ərazisindən də böyükdür.
Arxeoloq tikilinin memarlıq əhəmiyyətini izah edərkən İstanbulda yerləşən Ayasofyanı nümunə göstərib. Onun fikrincə, Ayasofya öz dövründə təkcə İstanbulun deyil, sonrakı memarlıq ənənələrinin də formalaşmasına təsir göstərib. İsanın Böyük Kilsəsi isə Nubiya və Şərqi Afrika memarlığında oxşar əhəmiyyətə malik olub.
Qazıntılar zamanı kafedralın yuxarı mərtəbəsində daha kiçik bir kilsənin qalıqları da tapılıb. Həmin hissənin böyük bölümü dağılsa da, bəzi divar bəzəkləri və yazı nümunələri dövrümüzədək qorunub.
Yarım santimetrlik hərflərlə yazılmış dua tapılıb
Kiçik kilsənin divarlarından götürülən suvaq parçaları üzərində yunan dilində yazılar və boya izləri aşkarlanıb. Mətnləri araşdıran doktor Aqata Deptula yazılardan birinin “Əhdi-Ətiq”də yer alan Hannanın duası olduğunu müəyyənləşdirib. Bu dua peyğəmbər Samuelin anası Hannaya aid edilir.
Tapıntının diqqətçəkən xüsusiyyəti yazıların olduqca kiçik və incə işlənməsidir. Hərflərin ölçüsünün təxminən yarım santimetr olduğu bildirilir. Bu nümunə orta əsrlərdə bölgədə dini mətnlərin hazırlanması və yazı sənətinin inkişafı barədə yeni məlumatlar verir.
Sudandakı müharibə tarixi irsi təhlükə altına salır
Varşava Universitetinin Qədim Donqoladakı araşdırmaları 1960-cı illərdən başlayır. Lakin Sudanın müstəqillik əldə etməsindən sonra ölkədə yaşanan siyasi qeyri-sabitlik və silahlı münaqişələr arxeoloji fəaliyyətə dəfələrlə mane olub.
2023-cü ilin aprelində başlayan sonuncu daxili müharibə isə ölkənin mədəni irsi üçün ciddi təhlükəyə çevrilib. Məlumata görə, münaqişə nəticəsində 100-dən çox tarixi və mədəni abidənin zərər gördüyü ehtimal edilir.
Qədim Donqola indiyədək dağıntılardan qorunmağı bacarıb. Arxeoloqların üzə çıxardığı pilləkənlər, hündür divarlar və dini yazılar isə Makuriya Krallığının memarlıq və mədəniyyət tarixinin hələ tam öyrənilmədiyini göstərir.
Aydın