Xəbər lenti

Alp dağlarındakı böyük buzlaq rəsmi olaraq yoxa çıxmış hesab edildi
Dünya10:54 08.11.2026

Alp dağlarındakı böyük buzlaq rəsmi olaraq yoxa çıxmış hesab edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstriyanın Alp dağlarında yerləşən Şvarsmiltsferner (Schwarzmilzferner) buzlağı 2026-cı ilin isti yayından sonra rəsmi olaraq buzlaq statusunu itirib. Alimlər xəbərdarlıq edirlər ki, Şərqi Alp dağlarında buzlaqların tamamilə yox olması 2060–2070-ci illərdə baş verə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın “BILD” nəşri məlumat yayıb.

Məlumata görə, isti yay ayları ərzində buzlaqın qalınlığı 4 metrdən çox azalıb, ümumi həcminin isə təxminən yarısı əriyib. Bundan başqa, buz kütləsinin hərəkəti dayanıb. Bu xüsusiyyət buzlaqların əsas fərqləndirici əlamətlərindən biri hesab olunur.

Bavariya Elmlər Akademiyasının qlasioloqu Kristof Mayer son 26 ildə Şvarsmiltsferner üzərində müşahidələr aparıb. Onun proqnozuna görə, növbəti yay mövsümündən sonra buzlaq tamamilə yox ola bilər. 2022-ci ildən etibarən ərimə prosesinin sürətləndiyi, qış aylarında yağan bol qarın isə yayda itirilən buz kütləsini kompensasiya edə bilmədiyi bildirilir.

Alim Şərqi Alp dağlarında hər il bir neçə kiçik buzlağın yoxa çıxdığını vurğulayıb. Mövcud tendensiya davam edərsə, region 2060–2070-ci illərə qədər bütün buzlaqlarını itirə bilər.

Təhlükə Almaniyanın qalan dörd buzlağını da əhatə edir. Tədqiqatçıların məlumatına görə, 2025-ci ilə qədərki iki il ərzində onların ümumi sahəsi dörddə birdən çox azalıb, təxminən 1 milyon kubmetr buz kütləsi itirilib.

Buzayz (Blaueis) və Vatsmann (Watzmann) buzlaqlarının yaxın zamanda buzlaq statusunu itirə biləcəyi, Şimal Şnefernerin isə (Nördlicher Schneeferner) bu onilliyin sonunadək yox ola biləcəyi ehtimal olunur. Proqnozlara əsasən, Almaniyada ən uzun müddət Hellenthalferner buzlağı mövcud qala bilər. Lakin onun da ömrünə maksimum 10 il qaldığı bildirilir.

Mütəxəssislər buzlaqların sürətlə əriməsini iqlim dəyişikliyinin ciddi nəticələrindən biri kimi qiymətləndirirlər.

Aydın