
İnsanların yalan danışdığını müəyyən etmək üçün yalnız göz hərəkətlərinə və bədən dilinə diqqət yetirmək kifayət deyil. ABŞ Məxfi Xidmətində 25 il çalışmış Bred Bilerin (Brad Beeler) fikrincə, yalanın əsas əlamətləri insanın söz seçimində, suallara reaksiyasında və səs tonunda gizlənə bilər. Maraqlıdır ki, bəzi hallarda yalan danışan insanlar qarşı tərəflə göz təmasını hətta daha da artıra bilirlər.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Corc Buşun mühafizə qrupunda da çalışan Biler karyerasının 17 ilini yalan detektoru üzrə mütəxəssis kimi keçirib. O, federal araşdırmalar zamanı qazandığı təcrübələr əsasında yalanı müəyyənləşdirmək üçün LIARS adlı beşmərhələli metod hazırlayıb.
Mütəxəssis hesab edir ki, real hadisəni xatırlayan insan onu müəyyən ardıcıllıqla danışa, sonradan əvvəlki detallara qayıda və həmin vaxt keçirdiyi hissləri təsvir edə bilər. Hətta hadisə yerinin qoxusu kimi kiçik təfərrüatlar da yaddaşda qala bilər. Uydurulmuş hekayəni danışan şəxs isə bütün detalları bir-biri ilə uyğunlaşdırmaqda çətinlik çəkə bilər.
Yalanı üzə çıxara bilən 5 əlamət
Bilerin LIARS adlandırdığı metod aşağıdakı davranışlara diqqət yetirməyi tövsiyə edir:
1. Gecikmə (Latency): Sadə və konkret suala cavab verməzdən əvvəl qeyri-adi dərəcədə uzun müddət düşünmək və ya susmaq.
2. Uyğunsuzluq (Incongruence): İnsanın dedikləri ilə səs tonu və bədən hərəkətlərinin üst-üstə düşməməsi. Məsələn, müsbət cavab verərkən başını mənfi mənada yelləməsi.
3. Yayınma (Avoidance): Verilən suala birbaşa cavab vermək əvəzinə mövzunu dəyişmək, yaxud “adətən”, “normalda” kimi ümumi ifadələrdən istifadə etmək.
4. Müqavimət (Resistance): Sualın özünə cavab vermək əvəzinə müdafiə mövqeyinə keçmək, incimək və ya sualı verən şəxsə qarşı aqressiv reaksiya göstərmək.
5. Səs tonunun dəyişməsi (Shifting vocal inflection): Cavabın sonunda səsin gözlənilmədən yüksəlməsi və cümlənin sual formasında səslənməsi.
Mütəxəssis xüsusilə səs tonundakı dəyişikliklərə diqqət yetirməyi vacib sayır. Onun fikrincə, insanın nə deməsi ilə yanaşı, bunu hansı intonasiya ilə ifadə etməsi də əhəmiyyətlidir.
Yalan detektoru həqiqəti müəyyən edə bilirmi?
Bilerin diqqət çəkdiyi digər məqam yalan detektorlarının iş prinsipi ilə bağlıdır. Geniş yayılmış təsəvvürün əksinə, bu cihazlar insanın yalan danışıb-danışmadığını birbaşa müəyyən etmir. Onlar ürək döyüntüsü, tənəffüs, tərləmə və qan dövranı kimi fizioloji göstəriciləri ölçürlər.
Bu dəyişikliklər stresslə də əlaqəli olduğundan nəticələrin düzgün şərh edilməsi vacibdir. Biler özü də poliqrafın qüsursuz vasitə olmadığını qəbul edir, lakin şəxsi təcrübəsinə əsaslanaraq onun istintaq zamanı faydalı olduğunu düşünür.
Mütəxəssis vurğulayır ki, sadalanan beş əlamətdən heç biri təkbaşına insanın yalan danışdığını sübut etmir. O, bu göstəriciləri avtomobildə yanan mühərrik xəbərdarlıq lampasına bənzədir: işığın yanması nasazlığın mütləq mövcud olduğu anlamına gəlmir.
Buna görə də ailə və dostluq münasibətlərində belə davranışları ehtiyatla qiymətləndirmək lazımdır. İnsanların həyəcanlanması, sual qarşısında susması və ya müdafiəyə keçməsi onların mütləq yalan danışdığı demək deyil.
Aydın