Xəbər lenti

1962-ci il: ABŞ kosmosda nüvə bombası partlatdı, Havayda yüzlərlə lampa söndü
Dünya22:00 06.11.2026

1962-ci il: ABŞ kosmosda nüvə bombası partlatdı, Havayda yüzlərlə lampa söndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın 1962-ci ildə kosmosda keçirdiyi nüvə sınağı gözlənilməz nəticələrə səbəb olub. Sakit okean üzərində, təxminən 400 kilometr yüksəklikdə partladılan bomba Havay adalarında elektrik və rabitə sistemlərinin işində ciddi nasazlıqlar yaradıb, yüzlərlə küçə lampasının sönməsinə səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə “Science et Vie” jurnalı yazıb.

1962-ci ilin iyulunda keçirilən “Starfish Prime” adlı sınaq zamanı “Thor” raketi vasitəsilə 1,4 meqaton gücündə nüvə başlığı kosmosa çıxarılaraq partladılıb. ABŞ hərbçiləri partlayışın təxminən 400 kilometr yüksəklikdə baş verməsinin yer səthində ciddi fəsadlara yol açmayacağını düşünürdülər. Lakin nəticələr gözləniləndən xeyli fərqli olub.

Adi nüvə partlayışlarından fərqli olaraq, kosmosdakı partlayış zamanı göbələk formasında bulud yaranmayıb. Bunun əvəzinə, minlərlə kilometr məsafədən görünən, demək olar ki, kürə formasında parlaq işıq müşahidə edilib.

Partlayışın təsirləri sınaq məkanından təxminən 1400 kilometr uzaqda yerləşən Havay adalarının Oahu adasında da hiss olunub. Burada təxminən 300 küçə lampası qəfil sönüb, telefon xətləri sıradan çıxıb, mühafizə siqnalizasiyaları isə səbəbsiz yerə işə düşüb. İlk vaxtlar hadisənin elektrik şəbəkəsindəki nasazlıq və ya maqnit fırtınası ilə bağlı olduğu düşünülsə də, sonradan səbəbin nüvə partlayışının yaratdığı elektromaqnit impulsu olduğu müəyyənləşib.

Elektromaqnit impulsu partlayış nəticəsində atmosferin yuxarı qatlarında elektronların sərbəst buraxılması və onların Yerin maqnit sahəsinin təsiri altında hərəkət etməsi nəticəsində yaranıb. Güclü elektrik impulsu elektron avadanlıqlarda gərginlik artımına, radioəlaqə və digər sistemlərdə fasilələrə səbəb olub.

Sınaq nəticəsində süni qütb parıltısı da yaranıb. Qırmızı və yaşıl rəngli bu işıq effektləri Ficidən Yeni Zelandiyaya qədər müşahidə edilib.

Lakin ən ciddi fəsadlar sonrakı aylarda üzə çıxıb. Elektronların bir hissəsi Yerin maqnit sahəsində ilişib qalaraq süni radiasiya qurşağı yaradıb. Bu radiasiya bir neçə ay ərzində mövcudluğunu qoruyub və nəticədə azı altı peyk sıradan çıxıb. Onların arasında transatlantik televiziya əlaqəsinin ilk peyklərindən biri olan “Telstar” da olub.

“Starfish Prime” sınağı kosmosda nüvə partlayışının təkcə yaxın ərazilərə deyil, Yerətrafı orbitdəki texnologiyalara və minlərlə kilometr uzaqdakı infrastruktura da ciddi təsir göstərə biləcəyini nümayiş etdirib.

Aydın