
Çernobıl təcrid zonasında yerləşən tərk edilmiş qəbiristanlıqlar alimlərin diqqətçəkən araşdırmasının mövzusuna çevrilib. Tədqiqatçılar 24 qəbiristanlığı araşdırarkən 400-dən çox bitki növü, yaşı yüzilliklərlə ölçülən nəhəng ağaclar, nadir flora nümunələri və qədim dəfn tikililəri aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Çernobıl Radiasiya-Ekoloji Biosfer Qoruğunun məlumatında deyilir.
Araşdırma “Askaniya-Nova” Biosfer Qoruğunun alimləri Nadiya Skobel və İvan Moyseyenko tərəfindən təşəbbüs edilib. Çöl tədqiqatlarına Çernobıl qoruğunun mütəxəssisləri, o cümlədən elmi şöbənin rəhbəri Denis Vişnevski də qatılıb.
Məlumata görə, Çernobıl AES-də baş vermiş qəzanın ardından bölgənin sakinləri təxliyə edilib, kəndlər boşalıb, qəbiristanlıqlar isə əvvəlki qayğı və nəzarətdən məhrum olub. Zamanla bu ərazilər təbii sığınacaqlara çevrilib və burada başqa yerlərdə azalmaqda olan bitki və ağac növləri qorunub saxlanılıb.
Alimlərin araşdırması zamanı qeydə alınan 400-dən çox bitki növünün 350-dən artığı yabanı və ya vəhşiləşmiş bitkilərdir. Ərazidə gövdəsinin çevrəsi 4 metrdən çox olan palıd ağacları da aşkarlanıb. Ən qalın canlı palıdın gövdəsinin çevrəsi 446 santimetrə çatır. Şam ağaclarında isə bu göstərici 259 santimetrdir.
Tədqiqatçılar nadir və qorunan bitkilər, o cümlədən göyçiçəkli başcıqlar, yaz novruzgülü və adi ardıc nümunələri də aşkar ediblər.
Qəbiristanlıqlar qədim tarixin izlərini qoruyur
Araşdırma zamanı ərazidə kiçik kurqanlar, arı saxlanılan ağac oyuqları və qədim möminlərin taxtadan hazırladığı dəfn tikililəri də qeydə alınıb. Bu tapıntılar Polesye bölgəsinin tarixi və qədim ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətli hesab olunur.
Alimlərin fikrincə, qəbiristanlıqlardakı iri ağacların günümüzədək qorunub qalmasında yerli adət-ənənələrin də rolu olub. İnsanlar dəfn yerlərinə müqəddəs məkan kimi yanaşdıqlarından, məzarları zədələməmək üçün buradakı ağacları kəsməkdən çəkiniblər. Nəticədə ətraf ərazilərdə köhnə palıd və şamlar tədricən yox olduğu halda, qəbiristanlıqlardakı ağaclar böyüməyə davam edib.
Tədqiqatçılar araşdırmaları davam etdirməyi və qəbiristanlıqları ilin müxtəlif fəsillərində yenidən yoxlamağı planlaşdırırlar. Xüsusilə yaz aylarında keçiriləcək ekspedisiyalarda səhləbkimilər və qısa müddət ərzində çiçəkləyən digər bitki növlərinin aşkarlanacağı gözlənilir.
Aydın