
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında informasiya və texnologiyalar üzrə mütəxəssis işləmiş şəxs tanışının nəvələrinə əlillik dərəcəsi və sosial müavinət düzəltdirəcəyini vəd edərək ondan 25 min manatlıq əmlak alıb. Zərərçəkmişə vurulan ziyan tam ödənildikdən sonra məhkəmə onun barəsində amnistiya tətbiq edib.
Qaynarinfo.az xəbər verir ki, hadisə 2024-cü ildə baş verib. Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs tanışına beş nəvəsi üçün əlillik dərəcəsi və müvafiq sosial müavinət təyin etdirə biləcəyini bildirib. Bu işin həlli üçün ümumilikdə 25 min manat tələb edib.
O, ilkin olaraq zərərçəkmişdən 8 min manat nağd pul alıb. Qalan məbləğin əvəzi kimi isə qadının oğluna məxsus “BMW X5” markalı avtomobil tam etibarnamə ilə onun sərəncamına verilib. Təqsirləndirilən şəxs avtomobili sataraq əldə etdiyi 14 min manatı da özündə saxlayıb.
İttihama görə, xəstəxanada çalışdığı üçün ona etibar edən zərərçəkmiş qadın nəvələrinin sosial təminat məsələsinin həll olunacağına inanıb. Lakin vəd edilən iş görülməyib, alınan pul və avtomobilin satışından əldə olunan vəsait şəxsi ehtiyaclara sərf edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittihamı tam qəbul edib. O, pul və avtomobili əlillik sənədlərinin hazırlanmasına kömək edəcək tanışına çatdırmaq niyyətində olduğunu desə də, məhkəmə araşdırması zamanı vəsaitin bu məqsədlə başqa şəxsə verilmədiyi müəyyən edilib.
Cəlilabad Rayon Məhkəməsi əməli Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri (etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurma) ilə tövsif edib. Həmin maddələr üzrə qanunvericilikdə cərimə, azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bununla belə, məhkəmə qərar çıxarılana qədər zərərçəkmişə dəymiş 25 min manat ziyanın tam ödənildiyini, tərəflərin barışdığını və qadının heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alıb. Təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olması da məhkəməyə təqdim edilən hallardan biri olub.
Nəticədə, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 5.1-ci bəndi tətbiq olunub. Onun barəsində cinayət təqibinə xitam verilib və seçilmiş qətimkan tədbiri ləğv edilib.
Seyid