
44 günlük Vətən müharibəsi Azərbaycanın yalnız ərazi bütövlüyünün bərpası ilə nəticələnən hərbi qələbəsi deyil, həm də ölkənin siyasi və geosiyasi mövqeyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu müharibədən sonra Azərbaycanın regiondakı siyasi çəkisi artıb, ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyi dəyişib və uzun illər davam edən münaqişənin həlli istiqamətində yeni reallıqlar yaranıb.
Politoloq Azər Qasımov Qaynarinfo-ya bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dövlətçilik baxımından tamamilə yeni mərhələnin əsasını qoyub:
“44 günlük müharibə adı ilə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi Azərbaycanın dövlət kimi yenidən doğuşu, onun bütün siyasətinin yenidən formalaşdırıldığı bir dövrdür. Bu tarixdən sonra Azərbaycan dünyada davam edən müharibələr və konfliktlər arasında uzun illərdən sonra ilk dəfə tam və qəti qələbə çalmaqla düşmənə kapitulyasiya aktı imzaladan, ardınca on illər davam edən konflikti kökündən həll edən ölkə olaraq bir Azərbaycan nümunəsi yaratdı.
Tarixi olaraq Azərbaycan bu qələbə ilə dünyada siyasi və hərbi doktrinasını illərlə təkmilləşdirib nəticədə öz istəyinə nail olan tək ölkə olmaq ünvanını özündə cəm etdi”.
Politoloqun fikrincə, Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib. Onun sözlərinə görə, ölkə artıq regionda siyasi və hərbi güc amili kimi daha fərqli mövqedən çıxış edir:
“Bu qələbə Azərbaycanı regional və geosiyasi aləmdə xüsusi yerə çıxardı. Azərbaycan hər kəsə onunla güc və ya siyasi təzyiq yolu ilə danışılmasının mümkün olmadığını başa saldı. Artıq hamı Azərbaycanla dost olmağa, onun təcrübələrindən yararlanmağa can atır”.

Azər Qasımov əldə olunan nəticələrin arxasında Prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycan Ordusunun gücünün dayandığını vurğulayıb:
“Bütün bu uğurların arxasında təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi dayanır. Bu qələbənin memarı İlham Əliyev və onun qurub yaratdığı Azərbaycan Ordusu, onun qəhrəman ordu mənsublarıdır. Azərbaycan Prezidentinin dik duruşu, siyasi manevrləri müharibənin gedişində xüsusi əhəmiyyət daşıdı. Hərtərəfli düşünülmüş addımlar müharibənin nəticəsini təmin etdi”.
Azər Qasımov hesab edir ki, müharibədən sonrakı proseslər də Azərbaycanın əldə etdiyi qələbənin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. O, Azərbaycanın hərbi qələbədən sonra da siyasi təşəbbüsləri davam etdirdiyini və regionda yeni münasibətlər sisteminin formalaşmasına çalışdığını diqqətə çatdırıb:
“Sonrakı proseslər isə bu qələbənin möhkəmləndirilməsinin kulminasiya nöqtəsi oldu. Azərbaycan öz ərazilərini separatizmdən təmizlədi. Sonra isə indi də bir çoxlarında heyranlıq yaradan düşmənə sülh platformasını təqdim etdi. Hesab edirəm ki, bu siyasətin əsl nəticəsinin region ölkələrinin gələcəyini təmin edəcək daha yaxşı əməkdaşlıq platforması yaratması oldu”.
Günay İlqarqızı