
Fransada dərinləşən büdcə böhranı və sosial narazılıqların digər Avropa ölkələrinə də yayılması Avropa İttifaqının (Aİ) gələcək quruluşu ilə bağlı suallar yaradıb. İqtisadi çətinliklərin davam edəcəyi təqdirdə bəzi ölkələrin birlikdən ayrılmaq məsələsini gündəmə gətirə biləcəyi istisna edilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Inveo Portföy” şirkətinin Fondların İdarə Edilməsi üzrə rəhbəri Eral Karayazıcı Fransadakı vəziyyəti şərh edərkən danışıb.
Avropanın ikinci ən böyük iqtisadiyyatına malik Fransada hökumət büdcə kəsirini ümumi daxili məhsulun 5 faizinə endirməyə çalışır. Lakin parlamentdə yetərli dəstəyə malik olmayan hökumətin büdcə layihəsinin ilkin mərhələsi rədd edilib. Ölkədə həyat bahalığına və xərclərin azaldılmasına qarşı etirazlar isə davam edir.
Karayazıcının fikrincə, küçələrə çıxan insanların narazılığı son beş ildə müşahidə olunan rifah və alıcılıq qabiliyyətinin azalmasının nəticəsidir. O hesab edir ki, bu problemlər təkcə Fransa ilə məhdudlaşmaya, bütövlükdə Avropanın siyasi və iqtisadi mənzərəsinə təsir göstərə bilər.
Ekspert Aİ-nin uzunmüddətli perspektivdə indiki siyasi-iqtisadi quruluşunu dəyişərək əvvəlki formatına – Avropa İqtisadi Birliyinə (AİB) bənzər struktura qayıtmaq riski ilə üzləşə biləcəyini bildirib. Onun sözlərinə görə, belə bir ssenarinin reallaşması qaçılmaz deyil, lakin qarşıdakı illərdə bəzi ölkələrin birlikdən ayrılmaq cəhdləri gündəmə gələ bilər. Bu prosesin hətta 10 il çəkə biləcəyini deyən Karayazıcı hazırda belə bir addımın rəsmi şəkildə müzakirə edilmədiyini də vurğulayıb.
O, Avropada iqtisadi çətinliklərin siyasi qüvvələr arasındakı tarazlığı da dəyişdirdiyini qeyd edib. Karayazıcının qənaətinə görə, aşağı və orta gəlirli təbəqələr narazılıqlarını Fransada küçə etirazları, digər ölkələrdə isə seçkilər vasitəsilə ifadə edirlər.
Ekspert Almaniyada ifrat sağçı qüvvələrin mövqelərinin güclənməsini də bu prosesin nəticələrindən biri kimi qiymətləndirib. Onun fikrincə, əhalinin rifah səviyyəsinin aşağı düşməsi mərkəzçi siyasi partiyalara dəstəyin azalmasına, radikal siyasi qüvvələrin isə güclənməsinə səbəb olur. Bu tendensiya Avropada ciddi siyasi dəyişikliklərin başlandığını göstərir.
Aydın