
Süni intellektin iş proseslərini sürətləndirərək insanlara daha çox boş vaxt qazandıracağı gözlənilsə də, yeni araşdırma fərqli mənzərə ortaya qoyub. Məlum olub ki, süni intellekt alətlərindən istifadə edən əməkdaşlar bu texnologiyadan yararlanmayanlarla müqayisədə gündə orta hesabla 90 dəqiqəyədək daha çox işləyirlər.
Qaynarinfo xəbər verir ki, bu nəticəyə işçilərin məhsuldarlığını və rəqəmsal fəaliyyətini təhlil edən “ActivTrak” şirkətinin mütəxəssisləri gəlib. Araşdırma 2026-cı ilin aprel-sentyabr ayları ərzində 467 şirkətdə çalışan 9 mindən çox əməkdaşın rəqəmsal aktivliyi əsasında aparılıb.
Tədqiqatın nəticələrinə görə, süni intellektdən istifadə edən şəxslərin gündəlik iş müddəti orta hesabla 8,4–9,1 saat arasında dəyişib. Bu texnologiyadan yararlanmayan əməkdaşlarda isə göstərici təxminən 7,6 saat olub. Beləliklə, iki qrup arasındakı fərq 90 dəqiqəyə çata bilər.
Xüsusilə süni intellektdən intensiv istifadə edən əməkdaşlarda fərq daha aydın müşahidə edilib. Gündə 45 dəqiqədən çox və ən azı beş ayrı seansda neyron şəbəkələrlə işləyən şəxslər iş vaxtından kənar fəaliyyətə də digər əməkdaşlardan 18 dəqiqə artıq vaxt sərf ediblər.
Alimlər bu vəziyyəti bir neçə səbəblə izah edirlər. Ehtimallardan biri odur ki, onsuz da daha çox işləyən insanlar süni intellektdən istifadəyə daha çox meyillidirlər. Digər tərəfdən, avtomatlaşdırma əməkdaşların üzərinə əlavə tapşırıqlar götürməsinə şərait yaradır. Süni intellektin yanlış və ya keyfiyyətsiz cavablarını yoxlamaq, düzəltmək də gözləniləndən artıq vaxt tələb edə bilər.
Kaliforniya Universitetinin Berkli kampusundakı Haas Biznes Məktəbinin tədqiqatçıları da daha əvvəl oxşar nəticəyə gəliblər. Onlar təxminən 200 nəfərin çalışdığı İT şirkətində səkkiz ay davam edən müşahidə aparıblar. Məlum olub ki, süni intellektin tətbiqi iş saatlarını azaltmayıb. Əksinə, əməkdaşlar daha sürətli işləməyə, əlavə tapşırıqlar götürməyə və iş fəaliyyətini günün daha böyük hissəsinə yaymağa başlayıblar.
Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, bu tendensiya uzunmüddətli perspektivdə ciddi problemə çevrilə bilər. Belə ki, əməkdaşlar artan iş yükünə alışdıqca yüksək intensivliklə çalışmağı adi norma kimi qəbul edə bilərlər. Nəticədə insanların vaxtına qənaət etməli olan süni intellekt iş gününü qısaltmaq əvəzinə, yerinə yetirilməli tapşırıqların sayını artıra bilər.
Aydın