
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) X-70 Fractal adlı yeni eksperimental pilotlu təyyarəni ictimaiyyətə təqdim edib. Layihə uçuş idarəetmə sistemlərinin, manevr imkanlarının və qabaqcıl aviasiya texnologiyalarının sınaqdan keçirilməsi məqsədi daşıyır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri NASA-nın rəsmi məlumatına istinadən yazıb.
Təqdimat Floridada yerləşən Kennedi Kosmik Mərkəzində keçirilən UP.Summit tədbiri çərçivəsində baş tutub. Yeni təyyarə Bell X-1, X-15 və X-59 kimi eksperimental aviasiya aparatlarının daxil olduğu X seriyasının davamı olacaq.
NASA rəhbəri Cared Ayzekmanın sözlərinə görə, X-70 Fractal real uçuş şəraitində qabaqcıl idarəetmə sistemlərini və yeni texnologiyaları sınaqdan keçirmək üçün nəzərdə tutulub. Təyyarənin modul konstruksiyası daxili və xarici eksperimental avadanlıqların qısa müddətdə dəyişdirilməsinə imkan verəcək.
Təyyarənin texniki göstəriciləri
X-70 Fractal-ın açıqlanan texniki göstəricilərinə əsasən, onun uçuş kütləsi təxminən 4,5 ton təşkil edir. Təyyarə saatda təxminən 920 kilometr sürətlə hərəkət edə, 13,7 kilometr yüksəklikdə uça və 2770 kilometrdən artıq məsafə qət edə bilər.
Aparatın eksperimental avadanlıqlar üçün nəzərdə tutulan faydalı yük tutumu isə təxminən 900 kiloqramdır.
NASA rəhbəri ilk uçuşun növbəti iki il ərzində həyata keçirilməsinin gözlənildiyini bildirib.
Bununla belə, layihənin bir çox detalları hələ də açıqlanmayıb. NASA təyyarənin istehsalçısının kimliyini, layihənin dəyərini və ilk sınaqların konkret istiqamətlərini ictimaiyyətə təqdim etməyib. Yayımlanan görüntünün də real foto deyil, kompüter qrafikası olduğu bildirilir.
Qeyd edək ki, ABŞ son illərdə eksperimental aviasiya layihələrinə xüsusi diqqət ayırır. Bu istiqamətdə hazırlanan X-59 təyyarəsi səsdən sürətli uçuşlar zamanı yaranan güclü səs zərbəsini azaltmaq məqsədi daşıyır. X-70 Fractal-ın isə yeni uçuş texnologiyalarının sınaqdan keçirilməsində istifadə olunacağı gözlənilir.
Aydın