
ABŞ-ın dövlət katibi Marko Rubionun vəzifəsindən ayrılaraq gələcək prezident seçkilərinə hazırlaşacağı iddia olunur. Onun yerinə mümkün namizədlərdən biri isə ABŞ-ın Hindistandakı səfiri, Donald Trampa yaxınlığı ilə tanınan Serjio Qor hesab edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Washington Sun” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Serjio Qor son vaxtlar yüksək səviyyəli görüşlərdə daha fəal iştirak edir və Trampa birbaşa çıxış imkanına malikdir. O, Vaşinqtonla Asiya ölkələri arasında əlaqələrin qurulmasında mühüm vasitəçi kimi qiymətləndirilir. Qorun həmçinin dövlət katibi Marko Rubio ilə yaxın münasibətlərinin olduğu bildirilir.
Mənbələrin məlumatına əsasən, Qor təkcə dövlət katibi postuna deyil, Ağ Evin aparat rəhbəri vəzifəsinə də mümkün namizəd kimi nəzərdən keçirilir.
Trampın etibar etdiyi şəxs kimdir?
Serjio Qor əvvəllər Ağ Evdə yüksək vəzifələrdə çalışıb və Donald Trampın yaxın müttəfiqlərindən biri hesab olunur. ABŞ prezidentinin müşavirlərindən biri onun Tramp tərəfindən xüsusi rəğbətlə qarşılandığını bildirib.
Hindistandakı səfir kimi Qor Marko Rubionun, ticarət naziri Hovard Latnikin və digər yüksək vəzifəli şəxslərin bu ölkəyə səfərlərinin təşkilində iştirak edib. O, həmçinin Çin xarici işlər naziri Van İ ilə görüşlər də daxil olmaqla, Hindistandan kənarda keçirilən bir sıra diplomatik təmaslarda yer alıb.
Qor ötən ay Rubionun Özbəkistana səfərinin təşkilində də mühüm rol oynayıb. Həmin səfər Tramp administrasiyasının Mərkəzi Asiya ölkələri ilə münasibətləri yaxınlaşdırmaq siyasətinin tərkib hissəsi olub. Qeyd edək ki, Serjio Qor Özbəkistanda, ölkənin hələ SSRİ-nin tərkibində olduğu dövrdə anadan olub.
O, əvvəllər ABŞ Konqresində, əsasən respublikaçı senator Rend Polun komandasında təxminən 10 il çalışıb. Daha sonra Ağ Evin kadr idarəçiliyində minlərlə dövlət vəzifəsinə namizədlərin seçilməsi və yoxlanılması prosesinə rəhbərlik edib.
Rubionun siyasi planları
Marko Rubio hələlik administrasiyanı tərk etmək niyyəti ilə bağlı hər hansı rəsmi açıqlama verməyib. Bununla belə, bəzi mənbələr onun 2028 və ya 2032-ci il prezident seçkilərinə hazırlaşmaq üçün dövlət katibi postundan ayrılacağını ehtimal edirlər.
Qeyd edək ki, ABŞ-da aralıq Konqres seçkilərindən sonra Tramp administrasiyasında mümkün kadr dəyişiklikləri ilə bağlı müzakirələr intensivləşib. Mətbuatda müdafiə naziri Pit Heqsetin də vəzifəsini itirə biləcəyi barədə məlumatlar yayılıb. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin isə seçkilərdən sonra Tramp administrasiyasının siyasətindən müəyyən qədər məsafələnməyə çalışdığı bildirilir.
Aydın