
“Qızıl bazarında tələbatın strukturu dəyişir”.
Bunu iqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında Dünya Qızıl Şurasının (World Gold Council) hesabatını şərh edərkən deyib.
Onun sözlərinə görə, əvvəllər zərgərlik sektoru qızıl istehlakının əsas istiqamətlərindən biri idisə, hazırda mərkəzi bankların və investisiya məqsədilə qızıl alanların bazardakı rolu getdikcə artır.
Akif Nəsirli bildirib ki, zərgərlik sektorunda tələbatın azalması qızılın iqtisadi əhəmiyyətinin zəifləməsi demək deyil. Əksinə, bu tendensiya qızılın maliyyə və strateji ehtiyat vasitəsi kimi rolunun güclənməsini göstərir:
“Mərkəzi bankların qızıl alışlarını artırması dolların qlobal maliyyə sistemindəki mövqeyinin zəifləməsi ilə bağlı müəyyən siqnallar versə də, bunu dolların artıq dominant mövqeyini itirməsi kimi qiymətləndirmək düzgün olmaz. Burada daha çox dünya ölkələrinin valyuta ehtiyatlarını şaxələndirmək və geosiyasi risklərdən qorunmaq strategiyası ön plana çıxır. Son illərdə beynəlxalq münasibətlərdə gərginliyin artması, sanksiyaların maliyyə aləti kimi daha geniş tətbiqi və dövlətlər arasında etimadın azalması mərkəzi bankları ehtiyatlarının bir hissəsini qızılda saxlamağa sövq edir”.

İqtisadçı xatırladıb ki, qızıl hər hansı dövlətin öhdəliyi deyil və konkret ölkənin maliyyə sistemindən, eləcə də valyutasından asılı olmayan aktivdir.
“Digər tərəfdən, ABŞ-nin dövlət borcunun yüksək olması, dolların gələcək alıcılıq qabiliyyəti ilə bağlı narahatlıqlar və qlobal iqtisadiyyatda qeyri-müəyyənlik də qızıla marağı artıran amillərdəndir. Mərkəzi banklar üçün qızıl həm inflyasiya və valyuta risklərindən qorunma vasitəsi, həm də uzunmüddətli strateji ehtiyat aktividir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, ölkələr dollar aktivlərindən tam imtina etmirlər. Sadəcə, ehtiyat portfellərində qızılın payını artırmaqla riskləri bölüşdürməyə çalışırlar. Yəni söhbət dolların dərhal əvəzlənməsindən deyil, beynəlxalq maliyyə sistemində alternativ ehtiyat aktivlərinə tələbatın artmasından gedir”, – deyə Akif Nəsirli vurğulayıb.
İqtisadçının fikrincə, zərgərlik sektorunda qızıla tələbatın 17 faiz azalmasının əsas səbəblərindən biri qiymətlərin kəskin yüksəlməsidir:
“Qızıl bahalaşdıqca ondan hazırlanan zərgərlik məmulatlarını almaq əhalinin böyük hissəsi üçün daha əlçatmaz olur. Nəticədə istehlakçılar ya alışlarını təxirə salır, ya daha yüngül və ucuz məmulatlara üstünlük verir, ya da qızıla alternativ məhsullar seçirlər. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə əhalinin alıcılıq qabiliyyəti bu prosesə ciddi təsir göstərir. Burada maraqlı bir iqtisadi paradoks yaranır: qızılın qiyməti yüksəldikcə investorlar və mərkəzi banklar ona daha çox maraq göstərir, adi istehlakçılar isə zərgərlik məqsədilə qızıl almaqdan çəkinirlər. Beləliklə, qızılın investisiya aktivinə çevrilməsi ilə onun ənənəvi istehlak məhsulu kimi əlçatanlığı arasında müəyyən ziddiyyət yaranır”.
Qeyd edək ki, Dünya Qızıl Şurasının (World Gold Council) hesabatına əsasən, mərkəzi bankların qızıl alışları 2026-cı ilin III rübündə kəskin artaraq 321 tona çatıb.
Yanvar-sentyabr aylarında isə mərkəzi bankların qızıl alışları ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 675 ton təşkil edib. Bununla yanaşı, zərgərlik məmulatları istehsalı üçün qızıla tələbat illik müqayisədə 17 faiz azalaraq 313 tona düşüb.
Bahar Rüstəmli