Xəbər lenti

Zelenski Maskı tənqid etdi: "Ukraynaya və Avropaya məsləhət vermək hüququ yoxdur"
Dünya14:20 05.11.2026

Zelenski Maskı tənqid etdi: "Ukraynaya və Avropaya məsləhət vermək hüququ yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri İlon Maskın Kiyev və Avropanın siyasi gələcəyi ilə bağlı açıqlamalarına etiraz edib. O bildirib ki, başqa ölkənin vətəndaşı olan Mask böyük maliyyə imkanlarından istifadə edərək bu məsələlərə təsir göstərməməlidir.

Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.

Ukrayna liderinin sözlərinə görə, Maskın sosial şəbəkədə Avropanın necə idarə olunması, Almaniyada kimin hakimiyyətdə olması və Ukraynaya kimin rəhbərlik etməsi barədə fikirlər səsləndirməsi adi açıqlama kimi qiymətləndirilə bilməz. Zelenski hesab edir ki, milyarderin böyük nüfuzu onun sözlərinin siyasi təsirini artırır.

“Çox varlı bir insanın belə fikirləri təsir gücünə malikdir. Onun bu məsələlərə təsir etmək hüququ yoxdur. O, başqa ölkənin vətəndaşıdır”, deyə Ukrayna Prezidenti vurğulayıb.

Bununla yanaşı, Zelenski “SpaceX” şirkətinə Ukraynaya “Starlink” peyk internet xidmətinə çıxış imkanı yaratdığı üçün təşəkkür edib. O, xüsusilə müharibənin ilk mərhələsində bu texnologiyanın əhəmiyyətini qeyd etsə də, Maskın Ukraynada baş verənlərə münasibətindən narazılığını gizlətməyib.

Zelenski ilə Mask arasında gərginlik

İki şəxs arasındakı münasibətlər oktyabr ayında daha da pisləşib. İlon Mask oktyabrın 10-da Ukraynanın yeni lider seçməsinin vaxtı çatdığını bildirib. Beş gün sonra isə bu mövqeyini təkrarlayaraq Zelenskinin vəzifədən getməli olduğunu yazıb.

Gərginliyin digər səbəblərindən biri də “Starlink” xidmətinin fəaliyyətində yaranan məhdudiyyətlər olub. Zelenski sistemin işinin zəifləməsindən sonra Maskdan xidmətin bərpasını istəyib. Mask isə Ukrayna Silahlı Qüvvələrini sistemdən istifadə qaydalarını pozmaqda və ondan hücum məqsədilə yararlanmaqda ittiham edib. Kiyev bu iddiaları rədd edib.

Zelenski müsahibəsində insidentdən sonra Maskla birbaşa danışmağa çalışdığını, lakin qarşı tərəfin onunla əlaqə saxlamadığını da bildirib.

Moskvadan Zelenskinin açıqlamalarına reaksiya

Rusiya Federasiya Şurasının üzvü Aleksandr Voloşin isə Zelenskinin Maskla bağlı mövqeyini tənqid edib. O, Ukrayna Prezidentinin amerikalı sahibkarla güc mövqeyindən danışmaq cəhdlərinin nəticə verməyəcəyini iddia edib.

Voloşinin sözlərinə görə, Ukraynanın siyasi və hərbi vəziyyəti xarici dəstəkdən ciddi şəkildə asılıdır və bu səbəbdən Kiyevin Maskla münasibətlərdə sərt mövqe tutması risklidir.

Aydın