Xəbər lenti

Utilizasiya fondunun ləğvi avtomobil bazarına və ödənişlərə necə təsir edəcək?
Ekonomiks15:15 05.11.2026

Utilizasiya fondunun ləğvi avtomobil bazarına və ödənişlərə necə təsir edəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi təklif olunur.

Bəs bu qərar avtomobillərini utilizasiyaya verən vətəndaşların alacağı ödənişlərə, eləcə də köhnə avtomobillərin yenilənməsi proqramına necə təsir edəcək?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, fondun ləğvi utilizasiya proqramının dayandırılması demək deyil, sadəcə proqramın maliyyələşdirilməsi mexanizmi dəyişəcək.

Ekspert qeyd edib ki, utilizasiya proqramı əvvəlki qaydada davam edəcək və avtomobillərini təhvil verən vətəndaşlara vauçerlərin, eləcə də müvafiq ödənişlərin verilməsi dayandırılmayacaq:

"Fondun ləğv olunması təklif edilib, ancaq bu o demək deyil ki, utilizasiya proqramı da yekunlaşır. Belə deyil. Utilizasiya proqramı davam edir və bu proqram çərçivəsində də vətəndaşlara, yəni avtomobillərini utilizasiyaya vermiş şəxslərə vauçerlərin, məbləğlərin verilməsi davam edəcək. Sadəcə bu, fond vasitəsilə deyil, birbaşa dövlət büdcəsindən yəqin ki, ayrıla bilər".

Eldəniz Cəfərov utilizasiya haqlarının toplanmasının da dəyişməyəcəyini vurğulayıb. Bildirib ki, avtomobil idxalı və texniki baxış zamanı vətəndaşlardan alınan utilizasiya haqqı əvvəlki qaydada tətbiq olunacaq:

"Həmçinin utilizasiya haqlarının yığılması da olduğu kimi qalacaq. Həm idxal zamanı, həm də texniki yoxlanış zamanı vətəndaş utilizasiya haqqını ödəyəcək. Bu, maliyyələşmənin üsulunu dəyişir sadəcə. Fonddan ödəniş verilirdi, indi isə birbaşa büdcədən veriləcək".

Ekspertin son olaraq qeyd edib ki, fondun ləğvi vəsaitlərin ödənilməsi mexanizminə təsir etsə də, avtomobil bazarında ciddi dəyişiklik yaratmayacaq.

Günay İlqarqızı