
Qış mövsümündə çanta seçərkən yalnız xarici görünüşə deyil, onun ölçüsünə, materialına və tutacaqlarının uzunluğuna da diqqət yetirmək lazımdır. Xüsusilə qalın palto və həcmli gödəkçələrlə istifadə zamanı həm rahat, həm də geyimlə uyğun görünən modellərə üstünlük verilməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə stilist və aksesuar dizayneri Anna Skoroxodova danışıb.
Mütəxəssisin fikrincə, qış ayları üçün ən universal seçim eni təxminən 28-35 santimetr olan orta ölçülü çantalardır. Formasını qoruyan, lakin həddindən artıq sərt olmayan modellər gündəlik istifadə üçün daha münasib hesab olunur. Stilist uzunsov düzbucaqlı çantalara, yumşaq trapesiya formalı modellərə və sadə şopperlərə üstünlük verməyi məsləhət görüb.
Onun sözlərinə görə, belə çantalar həm klassik palto, həm də həcmli gödəkçələrlə uyğunlaşır. Üst geyim nə qədər böyük və həcmli olarsa, çantanın da görünüşdə müəyyən qədər nəzərə çarpması vacibdir. Bununla belə, böyük ölçülü aksessuar seçmək mütləq deyil.
Skoroxodova hesab edir ki, çantanın forması ilə üst geyimin forması arasında mütləq ziddiyyət yaratmağa ehtiyac yoxdur. Məsələn, klassik palto yumşaq formalı çanta ilə, həcmli gödəkçə isə daha strukturlaşdırılmış modellə tamamlana bilər. Sərt formalı çantalar daha zərif görünüş yaradır, yumru və yumşaq modellər isə gündəlik geyimlərə uyğun gəlir.
Tutacaqların uzunluğu da əhəmiyyətlidir
Stilist qış aylarında çantanın tutacaqlarına xüsusi diqqət yetirməyi tövsiyə edib. Çünki qalın geyimlərin üzərindən qısa tutacaqlı çantaları daşımaq çətin ola bilər. Bu baxımdan uzun tutacaqlı və ya tənzimlənən qayışlı modellər daha əlverişlidir.
Bununla yanaşı, həcmli üst geyimlə çantanı çarpaz şəkildə daşımaq parçanın dartılmasına və geyimin ümumi formasının pozulmasına səbəb ola bilər.
Rəng seçimində isə qara ilə yanaşı şokolad, bordo, qrafit, tünd zeytun və tünd qəhvə tonlarına diqqət yetirmək məsləhət görülür. Gündəlik istifadə üçün uzun tüklü və çoxsaylı dekorativ detalları olan çantalardan uzaq durmaq tövsiyə edilir. Belə modellərin təmizlənməsi və saxlanılması daha çətin ola bilər.
Mütəxəssis alış zamanı metal aksesuarlara və bağlayıcı mexanizmlərə də diqqət yetirməyi vacib sayır. Qışda çantanı əlcək taxarkən açmaq lazım gəldiyindən fermuar və digər detallardan istifadə rahat olmalıdır. Metal hissələrin örtüyü nəmə davamlı, bərkidilmə mexanizmləri isə etibarlı olmalıdır.
Aydın