
Artıq noyabr ayı başlayıb. Buna görə də manikürü yeniləməyin və payızın sonuna xüsusilə uyğun görünən dərin, doymuş rənglərə diqqət yetirməyin vaxtıdır.
Qaynarinfo xəbər verir ki, “Parade” jurnalının yazdığına görə, bu mövsümün aktual rəng palitrasına şokolad, zeytun və adaçayı yaşılı, südlü-vanil, eləcə də gavalı və bordo çalarları daxildir. Sonuncu iki rəng artıq uzun müddətdir payız klassikası hesab olunur. Onlar isti parçalar və qalın teksturalarla, cins şalvar və dəri gödəkçədən ibarət gündəlik geyimlərlə, eləcə də zərif axşam libasları ilə yaxşı uyğunlaşır.
Payızın sonu üçün manikür: stilistlərdən 7 ən yaxşı ideya
Stilistlər payız obrazını tamamlamaq və fərdiliyi vurğulamaq üçün dərin gavalı və bordo çalarlarında yeddi manikür variantı təklif edirlər.
1. Damalı naxışlı bordo manikür

Stilistlər yumşaq kvadrat formalı dırnaqlarda tünd bordo örtüyü bir vurğulu dırnaqla tamamlamağı məsləhət görürlər. Həmin dırnağa ağ baza üzərində incə damalı naxış çəkilir.
Bu kombinasiya zərif görünür və manikürü artıq detallarla yükləmir. Ağ fon naxışı daha nəzərəçarpan edir, bordo çalar isə dizaynın ümumi harmoniyasını qoruyur. Bu variant xüsusilə orta uzunluqlu dırnaqlarda uğurlu görünəcək.
2. Qızılı və bordo çalarlarında payız manikürü

Parlaq detalları sevənlər bordo lakin qızılı parıltı ilə birləşməsinə diqqət yetirə bilərlər.
Stilistlər örtüyü payız yarpaqlarının zərif təsvirləri ilə tamamlamağı təklif edirlər. Bu detallar mövsümün ab-havasını vurğulayaraq manikürü daha maraqlı edir.
Qızılı aksentlər tünd bordo fonunda xüsusilə gözəl seçilir. Buna görə də bu dizayn payız obrazına bir qədər bayram əhvalı qatmaq istəyənlər üçün uyğundur.
3. Tısbağa naxışlı bordo manikür

Bordo manikürü fərqli göstərməyin başqa bir yolu vahid rəngli örtüyü tısbağa qabığını xatırladan naxışla birləşdirməkdir.
Məsələn, bir neçə dırnaq tamamilə bordo rəngdə saxlanıla, digərlərində isə xarakterik naxışlı fransız manikürü tətbiq oluna bilər.
Bu kombinasiya dizayna çoxqatlı və ifadəli görünüş verir, eyni zamanda onun zərifliyini qoruyur. Tısbağa naxışı xüsusilə vurğulu dırnaqlarda gözəl görünür və əsas rənglə rəqabət aparmır.
4. Metal dekorlu gavalı rəngli manikür

Dərin gavalı çalarını kiçik metal detallarla daha da effektli etmək mümkündür.
Bunun üçün stilistlər hər dırnağın kənarlarını səliqəli gümüşü və ya polad rəngli nöqtələrlə bəzəməyi təklif edirlər.
Belə dekor vahid rəngli örtüyə orijinallıq qatır, lakin əsas rəngdən diqqəti yayındırmır. Müasir görünüşə malik bu manikür kiçik aksentlərlə lakonik dizayna üstünlük verənlər üçün uyğundur.
5. Damalı naxışlı bordo “pişik gözü” manikürü

Daha mürəkkəb dizaynları sevənlər bordo “pişik gözü” effektinin kontrastlı damalı naxışla birləşməsinə nəzər sala bilərlər.
Ayrı-ayrı dırnaqlarda qara və nude çalarlarda həndəsi naxış yerləşdirmək, onun konturlarını isə qızılı xrom xətlə vurğulamaq mümkündür.
Bordo lakın rəng keçidləri manikürə dərinlik verir, metal çərçivə isə naxışı daha qabarıq göstərir. Bu variant nəzərəçarpan detallardan çəkinməyənlər üçün xüsusilə uyğundur.
6. Parıltılı balqabaqlarla bordo manikür

Bu dizaynda parıltılı bordo lak nude örtüklə, qızılı xrom ulduzlarla və parlaq narıncı balqabaq təsvirləri ilə birləşdirilir.
Manikürün həddindən artıq rəngarəng görünməməsi üçün dırnaqların böyük hissəsini tünd bordo və sakit nude çalarlarda saxlamaq, mövsümi təsvirlərdən isə yalnız vurğu kimi istifadə etmək olar.
Qızılı detallar bütün elementləri vahid kompozisiyada birləşdirir və dizayna bayram parıltısı əlavə edir.
7. Gavalı çalarlarında çiçəkli manikür

Daha zərif dizayn istəyənlər üçün dərin gavalı rəngli örtüyün çiçək təsvirləri ilə birləşdirilməsi uyğun seçimdir.
Dekor üçün gavalı, çəhrayı-bənövşəyi, xardal, ağ və adaçayı yaşılı çalarlarından istifadə etmək olar.
Tünd fonda bu çiçəklər xüsusilə ifadəli görünür. Müxtəlif rənglərin birləşməsi isə manikürü maraqlı edir, lakin onu artıq detallarla yükləmir.
Bu variant qısa dırnaqlarda da gözəl görünür və praktik uzunluğa üstünlük verənlər üçün uyğundur.
Aydın