
İstirahətdən sonra belə gücünü bərpa edə bilməmək, diqqətin zəifləməsi və əvvəl zövq verən fəaliyyətlərə marağın azalması xroniki yorğunluğun əlamətləri ola bilər. Mütəxəssislər bu simptomlar uzun müddət davam etdikdə həkimə müraciət etməyi tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “SberZdorovye” tibb şirkətinin psixoloqu Yelizaveta Danileviç “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, xroniki yorğunluq sindromu hətta kiçik fiziki və ya zehni gərginlikdən sonra vəziyyətin pisləşməsi ilə xarakterizə olunur. Adi yorğunluqdan fərqli olaraq, bu halda istirahət simptomları aradan qaldırmaya bilər. Xarakterik əlamətlər altı aydan çox davam etdikdə xroniki yorğunluq sindromu diaqnozu nəzərdən keçirilə bilər.
Sindromun mümkün səbəbləri arasında virus infeksiyaları, immun sisteminin fəaliyyətində pozuntular, uzunmüddətli stress və hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin işində dəyişikliklər göstərilir. Uzunmüddətli həddindən artıq iş yükü, emosional tükənmə və zehni yüklənmə də vəziyyətə təsir edə bilər.
Mütəxəssis bildirib ki, səkkiz saat yatmağa baxmayaraq yuxusuzluq hissinin qalması, həftəsonu istirahətindən sonra belə özünü gümrah hiss etməmək, diqqətin zəifləməsi və əsəbiliyin artması xəbərdaredici əlamətlərdir. Bəzi hallarda bədən ağrıları, yuxu pozuntuları və ürək döyüntüsünün sürətlənməsi də müşahidə olunur.
Danileviç belə hallarda ilk növbədə terapevtə müraciət etməyi məsləhət görüb. Həkim oxşar simptomlarla müşayiət olunan anemiya, depressiya və qalxanabənzər vəzinin fəaliyyətinin zəifləməsi kimi vəziyyətləri istisna etməyə kömək edə bilər.
Yorğunluğun idarə olunması üçün yuxu rejiminə riayət etmək, balanslı qidalanmaq, iş və istirahət arasında tarazlıq yaratmaq vacibdir. Ekspert fiziki aktivliyi qəfil artırmamağı, gündəlik işləri mövcud enerji səviyyəsinə uyğun planlaşdırmağı və gücün təxminən 20-30 faizini ehtiyatda saxlamağı tövsiyə edib. Həmçinin yorğunluğun nə vaxt və hansı şəraitdə artdığını izləmək üçün gündəlik aparmaq faydalı ola bilər.
Aydın