Xəbər lenti

Səhrada tapılan meteoritin Marsdan gəldiyi və 4,1 milyard il yaşı olduğu müəyyənləşdi
Dünya11:43 01.11.2026

Səhrada tapılan meteoritin Marsdan gəldiyi və 4,1 milyard il yaşı olduğu müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Alimlər dörd il əvvəl Sahara səhrasında aşkarlanan qırmızımtıl süxur parçalarının Mars mənşəli olduğunu müəyyən ediblər. Tədqiqat nəticəsində məlum olub ki, həmin fraqmentlər birlikdə “Tegaza 001” adlandırılan və təxminən 4,1 milyard il yaşı olan meteoritin hissələridir.

Qaynarinfo xəbər verir ki, “Science” jurnalında dərc edilən araşdırmaya görə, bu kosmik daş Marsın formalaşmasından bir neçə yüz milyon il sonrakı geoloji tarixini öyrənmək üçün mühüm mənbə hesab olunur. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının planetoloqu, tədqiqatın aparıcı müəllifi Yan Liu bildirib ki, bu qədər qədim nümunənin tapılması olduqca nadir hadisədir.

Alimlərin diqqətini çəkən əsas məqamlardan biri meteoritdə suyun mövcudluğuna dair sübutların aşkarlanmasıdır. Belə ki, süxurun tərkibindəki apatit mineralında su molekullarının izləri müəyyən edilib. Bu isə Marsda süxurların formalaşdığı dövrdə planetdə bol miqdarda suyun olduğunu göstərir. Bununla yanaşı, araşdırma Marsın sonrakı mərhələlərdə su ehtiyatlarının böyük hissəsini itirdiyini də təsdiqləyir. Alimlərin fikrincə, ultrabənövşəyi şüalanma su molekullarını hidrogen və oksigenə ayırıb, hidrogen isə kosmosa yayılıb.

Məlumata görə, meteorit Marsa böyük bir göy cisminin çırpılması nəticəsində səthdən qopan süxur parçasıdır. Kosmosa atılan qaya parçasının trayektoriyası zamanla Yerin orbitini kəsib. Atmosferə daxil olarkən yüksək temperaturun təsirinə baxmayaraq, o, Yer səthinə çatıb və səkkiz hissəyə parçalanıb.

İlkin mərhələdə nümunə Mars mənşəli şerqottitlər qrupuna aid edilsə də, ətraflı təhlil zamanı onun tərkibində bu tip meteoritlər üçün xarakterik olmayan sirkon kristalları aşkarlanıb. Uran izotoplarının nisbətinə əsaslanan tarixləndirmə üsulu kristalların yaşının 4,1 milyard il olduğunu üzə çıxarıb. Digər iki analiz metodu da bu nəticəni təsdiqləyib.

Qeyd edək ki, indiyədək 400-dən çox Mars meteoritinin tapıldığı bildirilir. Onlardan yalnız ikisinin yaşı “Tegaza 001” nümunəsi ilə müqayisə edilə bilər. Buna görə də yeni tapıntı alimlərə Marsın ilkin geoloji quruluşu və su tarixçəsi barədə mühüm məlumatlar verə bilər.

Aydın