
17-ci əsrdə Şərqi Avropa ən azı 55 xüsusilə sərt qış keçirib. Bu dövr güclü şaxtalar, intensiv yağıntılar, məhsul qıtlığı, aclıq və taun epidemiyaları ilə müşayiət olunub. Bu barədə yüzlərlə tarixi qeydi təhlil edən rumıniyalı alimlərin araşdırmasında bildirilir.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələrini “Discover Magazine” nəşri yayıb.
Tədqiqatçılar salnamələrdən, gündəliklərdən, kilsə və monastır qeydlərindən, təqvimlərdən, eləcə də səyyahların qeydlərindən ümumilikdə 937 məlumat toplayıblar. Bu sənədlərin müəlliflərinin əksəriyyəti hava şəraitini təsvir etməyi qarşılarına məqsəd qoymasalar da, qeyri-adi təbiət hadisələrini qeydə alıblar.
Məsələn, 1651-ci ilə aid qeydlərdən birində Sighișoara şəhərində yazın son dərəcə soyuq keçdiyi, nəticədə gilas və çiyələyin yalnız avqust ayında yetişdiyi bildirilir.
1645-ci ildən sonra qışlar xüsusilə sərt keçib. Qeydə alınmış 55 şaxtalı qışın 36-sı məhz 1645–1700-cü illər arasına təsadüf edib. Bəzi su hövzələri o qədər güclü donub ki, hərbi qüvvələr buzun üzəri ilə hərəkət edə biliblər. Belə ki, 1691-ci ilin qışında Kriş çayı o dərəcədə donub ki, Habsburq qoşunları qalaya mühasirə zamanı çayın buzundan istifadə ediblər.
Alimlər temperaturun aşağı düşməsini Maunder minimumu kimi tanınan, Günəş aktivliyinin azaldığı dövrlə əlaqələndirirlər. Həmin dövrdə Günəşdəki ləkələr demək olar ki, yoxa çıxmışdı.
İqlim dəyişikliklərinin nəticələri xüsusilə kənd təsərrüfatına ciddi təsir göstərib. 1665-ci il mayın 1-də yağan güclü qar Tsara-Bırsey bölgəsində məhsula ciddi ziyan vurub.
Ümumilikdə, tarixi mənbələr 20 il ərzində məhsul qıtlığı yaşandığını, bol məhsulun isə yalnız beş ildə qeydə alındığını göstərir. XVII əsrin 100 illik dövrünün 26 ilində ərzaq məhsullarının qiymətinin bahalaşdığı və aclığın baş verdiyi bildirilir.
Bundan əlavə, əsasən taun olmaqla, epidemiyalar bölgəni 31 il ərzində əhatə edib. 1659–1664-cü illərdə, ardıcıl altı il ərzində mənbələrdə xəstəliklərin yayılması barədə məlumatlar yer alıb.
Bununla yanaşı, tədqiqatın müəllifləri vurğulayırlar ki, yaşanan böhranların yeganə səbəbi iqlim dəyişiklikləri olmayıb. İmperiyalar arasında hərbi münaqişələr, siyasi qeyri-sabitlik və sosial bərabərsizlik də əhalinin çətinliklər qarşısında daha müdafiəsiz qalmasına səbəb olub.
Aydın