
1709-cu ilin yanvarında Fransanı son beş əsrin ən sərt qışlarından biri bürüyüb. Şaxta o qədər güclü olub ki, Versal sarayında kaminlərin yaxınlığında saxlanılan şərab belə donub. Tarixə “Böyük qış” adı ilə düşən bu təbii fəlakət ölkədə aclığa, üsyanlara və yüz minlərlə insanın ölümünə səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə “Hamuesgyemant” nəşri yazıb.
Məlumata görə, 1709-cu il yanvarın 6-da Fransada temperatur kəskin şəkildə aşağı düşüb. Paris ətrafında şaxta mənfi 25 dərəcəyə çatıb, Sena çayı donub. Soyuq hava ölkənin cənubuna, hətta Aralıq dənizi sahilindəki liman şəhərlərinə qədər yayılıb.
Həmin vaxt Fransanı 60 ildən artıq müddətdə idarə etmiş XIV Lüdovik 70 yaşında idi. Onun hakimiyyətinin rəmzinə çevrilən Versal sarayı isə belə sərt hava şəraitinə uyğun tikilməmişdi. Hündür tavanlı otaqları qızdırmaq çətin olur, istilik nasaz bacalardan itir, böyük pəncərələrdən içəri soyuq hava daxil olurdu.

Kral yanvarın 7-də ənənəvi günorta gəzintisinə çıxmağa çalışsa da, bir neçə dəqiqədən sonra geri qayıtmağa məcbur olub. Sonrakı iki həftə ərzində isə, demək olar ki, şəxsi otaqlarını tərk etməyib.
Sarayı əhatə edən ərazilərdə vəziyyət daha ağır olub. İnsanlar evlərdə, tarlalarda və yollarda donaraq ölüb, mal-qara kütləvi şəkildə tələf olub. Güclü şaxta ağacların gövdələrinin belə çatlamasına səbəb olub. Donmuş çaylar nəqliyyatı iflic edib, ərzaq daşınmasını çətinləşdirib. Taxıl tədarükündə əsas rol oynayan Senanın buz bağlaması Parisdə ərzaq çatışmazlığını daha da dərinləşdirib.
Aclıq və üsyanlar başladı
Fevralda qısa fasilədən sonra şaxtalar yenidən qayıdıb. Yaz aylarında isə soyuğun kənd təsərrüfatına vurduğu zərər üzə çıxıb. Payızda əkilmiş taxılın böyük hissəsi məhv olub, zeytun bağları, üzüm plantasiyaları və meyvə ağacları zərər görüb.
Ərzaq qıtlığı ölkədə sosial gərginliyi artırıb. 1709-cu ilin fevral-iyun aylarında Fransanın müxtəlif əyalətlərində təxminən 155 üsyan və iğtişaş qeydə alınıb.
Həmin dövrdə Fransa İspaniya taxt-tacı uğrunda müharibədə iştirak edirdi. Uzun sürən hərbi əməliyyatlar dövlət xəzinəsini və ordunu xeyli zəiflətmişdi. XIV Lüdovik 1709-cu ilin yazında sülh danışıqlarına başlasa da, qarşı tərəfin tələbləri ilə razılaşmadığı üçün müharibə davam edib. Hərbi xərcləri qarşılamaq məqsədilə sarayın qızıl və gümüş əşyaları da əridilərək pula çevrilib.
600 min nəfərlik əlavə ölüm
1709-1710-cu illərdə baş verən fəlakətin nəticələri uzun müddət aradan qalxmayıb. Tarixçilərin hesablamalarına görə, həmin iki il ərzində Fransada normal şəraitdə gözlənilən ölüm göstəricisindən təxminən 600 min nəfər artıq insan ölüb. Ölüm hallarının əsas səbəbləri şaxta, aclıq və zəifləmiş əhali arasında yayılan epidemiyalar olub.
Kənd təsərrüfatının bərpası illərlə davam edib. Bəzi zeytun bağlarının yenidən məhsul verməsi üçün onilliklər lazım gəlib, məhv olmuş üzüm plantasiyalarının isə yenidən salınmasına ehtiyac yaranıb.
XIV Lüdovik bu hadisələrdən sonra daha altı il hakimiyyətdə qalıb. O, 1715-ci il sentyabrın 1-də 76 yaşında Versalda vəfat edib. Fransa müharibədən böyük borclar və iqtisadi cəhətdən zəifləmiş vəziyyətdə çıxıb.
Aydın