Xəbər lenti

Avropada 550 km məsafəyə atəş aça bilən elektromaqnit top sınaqdan keçirilir (VİDEO)
Dünya21:08 31.10.2026

Avropada 550 km məsafəyə atəş aça bilən elektromaqnit top sınaqdan keçirilir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransa və Almaniya hərbi texnologiyalar sahəsində yeni layihə üzərində işləyir. İki ölkənin birgə hazırladığı elektromaqnit topun gələcəkdə 550 kilometrədək məsafədəki hədəfləri vura biləcəyi ehtimal edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “GeekWeek” nəşri məlumat yayıb.

Fransa-Almaniya Sen-Lui Tədqiqat İnstitutu (ISL) laboratoriyadan kənarda hazırladığı “Railgun” adlı elektromaqnit silahın ilk sınağını keçirib. Ənənəvi toplardan fərqli olaraq, bu sistem mərmini barıt vasitəsilə deyil, elektromaqnit sahəsinin köməyi ilə hərəkətə gətirir.

Tərtibatçıların hesablamalarına görə, mərminin sürəti saatda 10 min kilometrə çata, atəş məsafəsi isə 550 kilometr təşkil edə bilər. Oktyabrın 30-da Baldershaym poliqonunda keçirilən sınaq zamanı ISL mütəxəssisləri ilk dəfə öz istehsalları olan qurğudan buraxılmış mərminin sərbəst uçuşunu nümayiş etdiriblər. Bu, iki il əvvəl başladılan “Railgun Free Flight Facility” proqramının mühüm mərhələsi hesab olunur.

Yeni sınaq infrastrukturu gələcəkdə atış gücünü tədricən artırmağa, mərmilərin uçuş zamanı davranışını öyrənməyə və sistemin texniki göstəricilərini təkmilləşdirməyə imkan verəcək. Bununla belə, silahın döyüş şəraitində istifadəyə hazır vəziyyətə gətirilməsi üçün hələ xeyli iş görülməlidir.

Texnologiyanın əsas üstünlüklərindən biri atəşin potensial olaraq daha ucuz başa gəlməsidir. Elektrik enerjisi ilə işləyən sistemdə mərmi yüksək sürətlə hədəfə çataraq partlayıcı maddənin köməyi olmadan, kinetik enerji hesabına zərər yetirə bilər.

Lakin layihənin qarşısında ciddi texniki maneələr də var. Qurğunun böyük həcmdə elektrik enerjisi tələb etməsi, istiqamətləndirici relslərin sürətlə aşınması və sistemin həddindən artıq qızması əsas problemlər sırasındadır. Məhz bu çətinliklər səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələri 2021-ci ildə elektromaqnit topun hazırlanması proqramını dayandırıb.

Hazırda oxşar texnologiyalar üzərində Yaponiya və Çin də işləyir. Gələcəkdə elektromaqnit topların hipersəs raketlərinə və digər yüksək sürətli təhdidlərə qarşı istifadə olunması nəzərdə tutulur. Bunun üçün isə hədəfləri vaxtında aşkar edən və izləyən güclü radar sistemləri də tələb ediləcək.

“GeekWeek”in qiymətləndirməsinə əsasən, Avropanın bu layihəsinin tammiqyaslı tətbiqi təxminən 2035-ci ilə qədər mümkün ola bilər. Növbəti mərhələlərdə atəş məsafəsinin və qurğunun gücünün artırılması, eləcə də xüsusi sursatların təkmilləşdirilməsi planlaşdırılır.

Aydın