
Ukraynada davam edən müharibə Qara dənizin ekosisteminə ciddi zərər vurub. Alimlərin hesablamalarına görə, 2022-ci ildən bəri dənizdə 120 mindən çox delfin və digər balinakimilər tələf olub. Onların populyasiyasının bərpası isə 30-50 il çəkə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın “Tuzlovski limanları” Milli Təbiət Parkının baş elmi əməkdaşı İvan Rusev “Al Jazeera”ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, müharibədən əvvəl delfinlər üçün əsas təhlükə balıqçı torları və brakonyerlik idi. Lakin 2022-ci ildən sonra hərbi əməliyyatlar nəticəsində afalinlər, adi delfinlər və dəniz donuzlarının ölümü kəskin artıb. Rusevin hesablamasına əsasən, təkcə 2022-ci ildə təxminən 50 min dəniz məməlisi tələf olub, 2026-cı ilədək isə bu rəqəm 120 mini ötüb. Bu, Qara dənizdəki balinakimilərin təxminən dörddə birinə bərabərdir.

Alim ölüm hallarının əsas səbəbləri sırasında partlayışları, gəmilərdən qanadlı raketlərin buraxılmasını və hərbi sonarların fəaliyyətini göstərib. Onun izahına görə, güclü akustik təsirlər delfinlərin exolokasiya sistemini pozur. Bu canlılar həmin sistem vasitəsilə ətrafı müəyyənləşdirir, ünsiyyət qurur və ov edirlər. İstiqamət tapmaqda və qida əldə etməkdə çətinlik çəkən heyvanlar sürətlə zəifləyir.
Rusev bildirir ki, delfinlər aclıq zamanı bədənlərində yığılan yağ ehtiyatlarını sərf edir. Həmin yağlarda illər ərzində toplanmış mikroplastik, antibiotiklər və digər kimyəvi maddələr orqanizmə yayılır. Nəticədə immunitet zəifləyir və heyvanlar ağır infeksiyalara, o cümlədən morbillivirusun yaratdığı tənəffüs yolları xəstəliklərinə yoluxa bilirlər.

Qara dənizin çirklənməsinə batmış hərbi gəmilər də təsir göstərir. Həmin gəmilərdəki yanacaq və digər zəhərli maddələr suya qarışaraq dəniz canlılarına zərər vurur. 2023-cü ildə Kaxovka su anbarının bəndinin dağıdılması da ekoloji vəziyyəti ağırlaşdırıb. Su anbarından dənizə yayılan çirkli suyun tərkibində gübrələr, ağır metallar və maşın yağları olub.
Delfinlərin ölüm hallarının artması Bolqarıstan, Rumıniya və Türkiyə sahillərində də müşahidə edilir. Bolqarıstanın “Green Balkans” təbiəti mühafizə təşkilatının nümayəndəsi Dimitar Popov da hərbi gəmilərin və sualtı qayıqların sonarlarının balinakimilərin eşitmə və exolokasiya sisteminə təsir etdiyini bildirib.

Müharibədən quşlar da zərər görür. Partlayışlar və pilotsuz uçuş aparatlarının yaratdığı səs-küy miqrasiya edən quşları qorxudur, onların uzun məsafəli uçuşlarını çətinləşdirir. Bəzi hallarda flaminqolar yuvalarını tərk edir, nəticədə yumurtalar digər quşların yeməsinə məruz qalır.
Rusevin qənaətinə görə, quru ekosistemindəki bəzi canlıların sayı ovçuluğun azalması hesabına daha tez bərpa oluna bilər. Lakin dəniz məməlilərinin populyasiyasının əvvəlki vəziyyətinə qayıtması üçün 30-50 il tələb oluna bilər.
Aydın