Xəbər lenti

Yadplanetlilər, UNO-lar və qəribə mutasiyalar: Meksikadakı "Sükut Zonası"
Dünya09:59 01.11.2026

Yadplanetlilər, UNO-lar və qəribə mutasiyalar: Meksikadakı "Sükut Zonası"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Meksikanın Çihuahua səhrasında yerləşən və onilliklərdir yadplanetlilər, naməlum uçan obyektlər (UNO), qəribə işıqlar və mutasiyaya uğramış canlılarla əlaqələndirilən “Sükut zonası” ətrafında yayılan əfsanələrin elmi əsası yoxdur. Tədqiqatçılar hesab edirlər ki, ərazinin mistik şöhrəti ABŞ hərbi raketinin uğursuz sınağından sonra yaranan şayiələr və turizm marağı ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə “BBC Science Focus” nəşri yazıb.

Meksikanın şimalında, Çihuahua səhrasının dərinliklərində yerləşən bu ərazi 1970-ci illərdən etibarən sirli məkan kimi tanınmağa başlayıb. Həmin dövrdə ABŞ Hərbi Hava Qüvvələrinin keçirdiyi raket sınağı uğursuzluqla nəticələnib. Qəza yerində genişmiqyaslı təmizləmə işləri aparılıb.

Hadisədən sonra raketin düşməsinin səbəbinin ərazidəki maqnit anomaliyaları olduğu barədə şayiələr yayılıb. Həmin iddialara görə, torpaqda və ya atmosferdə mövcud olan qeyri-adi qüvvələr radio siqnallarının ötürülməsinə mane olurdu. Beləliklə, ərazi “Sükut zonası” adlandırılmağa başlayıb.

Sonrakı illərdə bu hekayələrə səhrada görünən qəribə işıqlar, mutasiyaya uğramış bitki və heyvanlar, eləcə də yadplanetlilərlə qarşılaşma barədə rəvayətlər əlavə olunub. Nəticədə məkan dünyanın müxtəlif ölkələrindən gələn turistlərin maraq dairəsinə düşüb.

Mistik əfsanələrin elmi əsası yoxdur

“BBC Science Focus”un məlumatına görə, ərazidə fövqəltəbii hadisələrin baş verdiyini təsdiqləyən elmi sübut mövcud deyil. Nəşr yazır ki, yerli sakinlər raket qəzasından sonra yaranmış maraqdan istifadə edərək ərazinin qeyri-adi xüsusiyyətləri barədə əhvalatlar uydurmuş və bununla turist cəlb etməyə çalışmış ola bilərlər.

Ərazinin sirli reputasiyasının formalaşmasına bir müddət sonra yaradılan Mapimi biosfer qoruğu da təsir göstərib. Qoruqda bioloji tədqiqat stansiyasının fəaliyyət göstərməsi bəzi şəxslərin burada qeyri-adi və hətta yadplanetli mənşəli hadisələrin araşdırıldığı barədə fərziyyələr irəli sürməsinə səbəb olub.

Əslində isə alimlərin bu əraziyə marağı onun zəngin biomüxtəlifliyi ilə bağlıdır. Mapimi qoruğunda 200 növ quş, 400-dən çox bitki növü və 36 növ sürünən yaşayır.

Qoruqda çalışan tədqiqatçılar radio rabitəsində heç vaxt problemlə üzləşmədiklərini bildirirlər. Turistlərin mutasiyaya uğramış canlılar kimi təqdim etdiyi bəzi heyvanların isə böyük ehtimalla həmin əraziyə xas nadir növlər olduğu qeyd edilir.

Beləliklə, onilliklər ərzində yadplanetlilər və maqnit anomaliyaları ilə əlaqələndirilən “Sükut zonası”nın əsas özəlliyi fövqəltəbii hadisələr deyil, təbii biomüxtəlifliyi və ətrafında formalaşmış əfsanələrdir.

Aydın