
Uşaqlara, yaşlı insanlara və quru dəri problemi olan şəxslərə çox isti su ilə yuyunmaq tövsiyə edilmir. Dermatoloq Yuliya Qallyamovanın sözlərinə görə, yüksək temperatur dərinin qoruyucu yağ təbəqəsini zədələyərək onun müdafiə qabiliyyətini zəiflədə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə həkim “Gazeta.ru”ya açıqlamasında bildirib.
Mütəxəssis xüsusilə atopik dermatitdən əziyyət çəkən, allergik reaksiyalara meyilli və dərisi quru olan şəxslərin isti sudan uzaq durmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə insanlar çox isti suda yuyunmaq məcburiyyətində qaldıqda, bu müddət 3-5 dəqiqədən artıq olmamalıdır.
Qallyamova izah edib ki, isti su dərinin səthindəki su-lipid təbəqəsini yuyaraq mikrobiomun fəaliyyətinə mənfi təsir göstərə bilər. Dərinin təbii müdafiəsində mühüm rol oynayan bu təbəqənin zəifləməsi xüsusilə həssas dərisi olan insanlarda problemləri artıra bilər. Yuyucu vasitələrdən istifadə isə qoruyucu təbəqəyə əlavə təsir göstərə bilər.
Dermatoloq qeyd edib ki, gənc və sağlam insanlar, xüsusilə yağlı dəriyə sahib olanlar üçün isti su ilə yuyunmaq, adətən, təhlükəli hesab edilmir. Bununla belə, suyun temperaturunun 38-40 dərəcə arasında olması məsləhət görülür.
Aydın