
Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammitində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Prezident İlham Əliyev isə oktyabrın 30-da Bakıda FIFA U-15 Dünya Kuboku və Festivalının finalçılarını mükafatlandıracaq. Bu seçim Azərbaycanın Türkiyə ilə münasibətlərinə verilən əhəmiyyətin azalması kimi deyil, dövlətlərin diplomatik gündəliyindəki prioritetlər və qarşılıqlı anlaşma kontekstində dəyərləndirilməlidir.
Dövlət başçılarının beynəlxalq tədbirlərdə iştirak etməsi siyasi münasibətlərin göstəricilərindən biri olsa da, yeganə meyar deyil. Əsas məsələ ölkənin müvafiq səviyyədə təmsil olunması və tərəfdaşlarla siyasi dialoqun davam etdirilməsidir. Azərbaycanın sammitdə xarici işlər naziri səviyyəsində iştirakı da bu baxımdan normal diplomatik praktikadır.
Şuşa sammiti: Münasibətlərə qarşılıqlı yanaşmanın nümunəsi
Bu məsələdə 2024-cü il iyulun 6-da Şuşada keçirilən TDT-nin qeyri-rəsmi sammitini xatırlamaq yerinə düşər. Azərbaycan üçün həmin görüşün əhəmiyyəti adi beynəlxalq toplantı çərçivəsindən xeyli geniş idi. İşğaldan azad edilmiş Şuşada türk dövlətləri liderlərinin bir araya gəlməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda yaranmış yeni reallıqların siyasi müstəvidə nümayişi, eləcə də Türk dünyasının həmrəyliyinin ifadəsi baxımından mühüm hadisə idi.
Şuşa sammiti Azərbaycanın azad edilmiş əraziləri beynəlxalq və regional əməkdaşlıq məkanına çevirmək siyasətinin də rəmzi məna daşıyan mərhələlərindən biri oldu. Görüşdə müzakirə edilən məsələlər və qəbul olunan Qarabağ Bəyannaməsi türk dövlətləri arasında siyasi əlaqələrin, təhlükəsizlik və iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyırdı.
Bununla belə, həmin sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmədi. Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil etdi. Ərdoğanın həmin gün Avropa çempionatında Türkiyə millisinin oyununu izləmək üçün Almaniyada olması da məlumdur. Lakin Türkiyənin dövlət başçısının Şuşada iştirak etməməsi iki ölkə arasındakı strateji münasibətlərin zəifləməsi kimi qiymətləndirilmədi. Ankara tədbirdə yüksək səviyyədə təmsil olundu və siyasi təmaslar davam etdi.
Bu nümunə indiki vəziyyətlə müqayisə üçün vacibdir. Şuşa sammiti Azərbaycan üçün nə qədər əhəmiyyətli olsa da, Türkiyənin nümayəndə heyətinin səviyyəsi münasibətlərin mahiyyətinə dair ayrıca siyasi böhran kimi təqdim edilmədi. Deməli, eyni yanaşma Azərbaycanın hazırkı qərarına münasibətdə də tətbiq olunmalıdır.
Diplomatiyada qarşılıqlılıq prinsipi
Türkiyə rəsmilərinin Azərbaycanın ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlərdə prezident adından iştirak etməsi də bu praktikanın istisna olmadığını göstərir. Məsələn, 2026-cı ilin mayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda Türkiyəni nazir Murat Kurum, oktyabrda keçirilən CICA sammitində isə xarici işlər naziri Hakan Fidan təmsil edib.
Azərbaycan və Türkiyə arasında münasibətlər müttəfiqlik və strateji tərəfdaşlıq üzərində qurulub. Belə münasibətlərdə qarşılıqlı hörmət yalnız yüksək səviyyəli görüşlərlə deyil, tərəflərin bir-birinin qərarlarını və gündəliklərini anlayışla qarşılaması ilə də möhkəmlənir.
İlham Əliyevin Bakıda əvvəlcədən planlaşdırılmış tədbirdə iştirak etməsi və Azərbaycanın TDT sammitində Ceyhun Bayramovla təmsil olunması bu çərçivədə dəyərləndirilməlidir. Diplomatik münasibətləri bir tədbirdə kimin iştirak edib-etməməsi ilə ölçmək düzgün olmazdı. Şuşa sammitinin təcrübəsi də göstərir ki, əsas olan təmsilçilik formasından daha çox siyasi əlaqələrin davamlılığı və tərəflərin bir-birinə münasibətidir.
Aydın