
Beynəlxalq tədqiqatçılar qrupu 2700 ildən çox əvvəl Çində müşahidə edilmiş tam Günəş tutulması haqqında ən qədim və dəqiq tarixləndirilmiş qeydlərdən birini yenidən araşdırıb. Bu qədim məlumat o dövrdə Yer kürəsinin nə qədər sürətlə fırlandığını müəyyənləşdirməyə, hətta Günəşin keçmişdəki vəziyyəti haqqında nəticələr çıxarmağa kömək edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri məlumat yayıb.
Söhbət eramızdan əvvəl 709-cu il iyulun 17-də baş vermiş Günəş tutulmasından gedir. Hadisə Lu çarlığının sarayında müşahidə olunub və onun haqqında məlumat 200–300 il sonra tərtib edilmiş “Çuntsyu” (“Bahar və payız”) salnaməsinə daxil edilib. Qeyddə Günəşin tamamilə tutulduğu qısa şəkildə bildirilir.
Alimlərin məlumatına görə, hadisə haqqında başqa bir qeyd “Hanshu” (“Han kitabı”) əsərində də qorunub saxlanılıb. Bu əsər hadisədən təxminən yeddi əsr sonra yazılıb və orada qeyri-adi bir təfərrüat yer alıb.
Tədqiqatın aparıcı müəllifi, Naqoya Universitetinin alimi Hisasi Hayakava bildirib ki, bu qeydi xüsusi edən yalnız onun qədimliyi deyil, həm də “Han kitabı”nda sonradan əlavə edilmiş məlumatdır. Həmin məlumatda tutulma zamanı Günəşin “yuxarıdan və aşağıdan tamamilə sarı” göründüyü qeyd olunur.
Bu təsvir ənənəvi olaraq Günəş tacının müşahidəsi ilə əlaqələndirilir. Əgər bu yozum doğrudursa, söhbət Günəş tacı haqqında günümüzə qədər gəlib çatmış ən qədim yazılı təsvirlərdən birindən gedə bilər.
Günəş tacı ulduzun zəif görünən xarici təbəqəsidir. Onu adi gözlə yalnız tam Günəş tutulması zamanı müşahidə etmək mümkündür.
Lakin əvvəlcə qədim məlumat müasir astronomik hesablamalarla uyğun gəlməyib. Nəşrin məlumatına görə, alimlər Ayın kölgəsinin hərəkət trayektoriyasını hesablayarkən belə nəticəyə gəliblər ki, Lu çarlığının o zamankı paytaxtı Tsyüfu şəhərindən tam Günəş tutulmasını müşahidə etmək mümkün olmayıb.
Araşdırmaçılar arxeoloji hesabatları və qədim coğrafi məlumatları təhlil etdikdən sonra problemin səbəbini müəyyənləşdiriblər. Məlum olub ki, əvvəlki hesablamalarda qədim Tsyüfu şəhəri xəritədə həqiqi yerindən təxminən səkkiz kilometr kənarda göstərilib.
Hayakavanın sözlərinə görə, bu düzəliş alimlərə tam Günəş tutulması zamanı Yerin fırlanmasını daha dəqiq ölçməyə, Günəşin fırlanma oxunun istiqamətini hesablamağa və Günəş tacının görünüşünü modelləşdirməyə imkan verib.
Niyə bu vacibdir?
Yer kürəsi tam sabit sürətlə fırlanmır. Alimlərin sözlərinə görə, planetimiz minilliklər ərzində tədricən yavaşlayır. Bunun əsas səbəblərindən biri Ayın təsiri ilə okeanlarda yaranan qabarma və çəkilmələrin yaratdığı sürtünmədir. Buna görə də 2700 il əvvəl Yer indiki dövrlə müqayisədə bir qədər sürətlə fırlanırdı.
Tədqiqatçılar dəqiqləşdirilmiş koordinatlar sayəsində ΔT göstəricisini daha düzgün qiymətləndirə biliblər. Bu göstərici Yerin fırlanmasına əsaslanan zamanla bərabər sürətlə hesablanan zaman arasındakı fərqi ifadə edir.
Hesablamalara əsasən, eramızdan əvvəl 709-cu ildə baş vermiş tutulma üçün ΔT göstəricisi 20 264–21 204 saniyə arasında olub.
Yaponiya Milli Astronomiya Rəsədxanasının əməkdaşı, tədqiqatın həmmüəllifi Mitsuru Soma bildirib ki, yeni məlumatlar Yerin fırlanması ilə bağlı əvvəlki araşdırmalarda buraxılmış koordinat səhvlərini düzəldir. Bundan əlavə, onlar tarixi astronomik hadisələrin tarixinin müəyyənləşdirilməsini və yenidən qurulmasını daha dəqiq edir.
Araşdırmanın Günəşlə bağlı nəticələri də diqqət çəkib. Alimlərin izahına görə, Günəşin aktivliyi adətən təxminən 11 illik dövrlə dəyişir. Bu müddətdə Günəş ləkələrinin sayı artır və azalır. Lakin bəzi dövrlərdə Günəşin aktivliyi uzun müddət ərzində xeyli zəifləyir. Belə mərhələlər böyük minimumlar adlanır.
Bunlardan biri Neossuriya böyük minimumu və ya Homer minimumu kimi tanınır. Bu dövr təxminən eramızdan əvvəl 808–717-ci illəri əhatə edib. Tədqiq olunan Günəş tutulması isə həmin minimum başa çatdıqdan qısa müddət sonra baş verib.
Tədqiqatçıların fikrincə, qədim mənbədə təsvir edilən Günəş tacının forması ulduzun artıq adi aktivlik ritminə qayıtdığını və ehtimal ki, öz dövrünün maksimumuna yaxın olduğunu göstərir. Bu nəticə ağacların illik halqalarında qorunmuş radiokarbon məlumatları əsasında Günəş aktivliyinin əvvəlki rekonstruksiyaları ilə də uyğun gəlir.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, Günəş tacının təsviri hadisədən əsrlər sonra yazıya alınıb. Buna görə də həmin məlumatı qəti sübut hesab etmək olmaz.
Aydın