
Rusiya Ukraynadakı müharibə fonunda Qara dənizdə ticarətin dayanması və Baltik dənizində yaranan risklər səbəbindən taxıl ixracı üçün alternativ marşrutdan istifadə etməyə başlayıb. Moskva bu məqsədlə II Dünya müharibəsi dövründə müttəfiq konvoylarının istifadə etdiyi Murmansk limanını yenidən işə cəlb edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Murmansk dəniz ticarət limanı və Rusiyanın iri taxıl ticarəti şirkətlərindən biri olan “Demetra Holding” limana 3,4 min ton taxıldan ibarət ilk partiyanın yüklənməsinə başlanıldığını açıqlayıb. Liman nümayəndələri ənənəvi ixrac yollarının məhdudiyyətlərlə üzləşdiyi şəraitdə Murmanskın rusiyalı fermerlər üçün alternativ xarici bazarlara çıxış imkanı yaratdığını bildiriblər.
Gəmi izləmə sistemlərinin məlumatlarına və bazar mənbələrinə görə, Murmanskda Mərakeşin Kasablanka limanına göndəriləcək gəmiyə təxminən 28 min ton buğda yüklənməsi planlaşdırılır.
Moskva indiyədək ixracın əsas hissəsini Baltik dənizi limanlarına yönəldib. Sentyabrda həmin limanlar 1,2 milyon ton taxıl aşırıb ki, bu da Rusiyanın ümumi dəniz yolu ilə taxıl ixracının 60 faizindən çoxunu təşkil edir. Şirkətlər artan tələbatı qarşılamaq üçün gübrə və kömür terminallarını taxıl daşınmasına uyğunlaşdırırlar.
Murmansk Moskvanın təxminən 2 min kilometr şimalında, Norveç sərhədinə yaxın ərazidə yerləşir. İkinci Dünya müharibəsi illərində liman Sovet İttifaqına təchizat çatdıran müttəfiq konvoylarının əsas məntəqələrindən biri olub.
Rusiyanın taxıl ixracı üçün alternativ axtarışları bununla məhdudlaşmır. Oktyabrın 28-də Azov dənizindəki taxıl limanlarının iyuldan bəri ilk dəfə fəaliyyətini bərpa etdiyi bildirilib. Bundan əvvəl isə Moskvanın Gürcüstanın separatçı Abxaziya bölgəsində yerləşən Oçamçira limanından istifadə imkanlarını nəzərdən keçirdiyi açıqlanmışdı.
Aydın