Xəbər lenti

Lombardlarda yüksək faiz və girov problemi - Yeni qanun gözlənilir
Ekonomiks14:58 29.10.2026

Lombardlarda yüksək faiz və girov problemi - Yeni qanun gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankı (AMB) lombard sektorunda tənzimləmələr aparmağa hazırlaşır. Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, yeniliklər əsasən istehlakçıların hüquqlarının müdafiəsinə yönələcək. Sədr gələn il bu istiqamətdə təşəbbüslərin təsdiqlənəcəyini bildirib.

İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında lombard sektorunda ciddi problemlərin olduğunu deyib.

Onun sözlərinə görə, bu sahədə nəzarət mexanizmlərinin yetərli olmaması vətəndaşların hüquqlarının pozulmasına şərait yaradır:

“Burada nə lisenziyalaşdırma, nə də lazımi tənzimləmə var. Kim istəyir, lombard fəaliyyəti ilə məşğul olur. İlk növbədə istehlakçıların hüquqları pozulur. Niyə? Aydındır ki, lombardlar çox yüksək faizlə kredit verirlər. Onsuz da bunun qarşısını almaq mümkün olmur. Vətəndaş da müəyyən əşyalarını, bir qayda olaraq, qızıl və zinət əşyalarını girov qoyur. Təhlükələr də elə buradan başlayır. Aydındır ki, girov qoyulan əşyaların dəyəri götürülən kreditin məbləğindən yüksək olur. Hətta bəzən bu fərq bir neçə dəfə təşkil edir”.

Əkrəm Həsənov lombardlarla bağlı daha bir sıra problemlərə diqqət çəkib. O bildirib ki, bəzi hallarda vətəndaş girov qoyduğu əşyanı geri almaq istəyəndə lombardın fəaliyyətini dayandırdığını görür:

“Vətəndaş lombarda əşya qoyur, sabah gəlir ki, lombard yoxdur. Bəs harada axtarsın, kimi tapsın? Bu gün Bakı metrosunun stansiyalarının ətrafında, demək olar ki, hər addımbaşı lombard var. Vətəndaş girov qoyduğu qızıl-zinət əşyalarını geri götürə bilmir. Bəzən isə lombarda gələndə ona öz əşyalarının əvəzinə başqalarını verirlər. Çünki müqavilə bağlanarkən əşyaların fərdi əlamətləri lazımi qaydada qeydə alınmayıb. Deyirlər ki, bu qədər qram qızıl vermişdin, buyur, götür. Necə yəni? Əşyalar konkret şəkildə təsvir edilməli, eyniləşdirilməli və dəyişdirilməməlidir. Vətəndaş borcunu ödəməkdə bir neçə gün gecikir, sonra ödəniş etməyə gələndə ona deyirlər ki, əşyanı artıq özümüzə götürmüşük, yaxud satmışıq”.

İqtisadçı ekspertin sözlərinə görə, girov qoyulmuş əşyanın satılması zamanı da qanunla müəyyən edilmiş prosedurlara əməl olunmalıdır.

Əkrəm Həsənov hesab edir ki, satışdan əldə edilən vəsait ilk növbədə borcun ödənilməsinə yönəldilməli, qalan məbləğ isə vətəndaşa qaytarılmalıdır:

“Lombardda girov qoyulmuş əşya satışa çıxarılarkən əvvəlcə hərrac proseduru tətbiq olunmalıdır. Borc verən qurum satışdan öz pulunu götürməli, qalan məbləği isə borcalana qaytarmalıdır. Təəssüf ki, bu gün praktikada bunların heç birinə lazımi qaydada əməl olunmur. Çünki bu sahədə özbaşınalıq hökm sürür. Ən azı gözləyirik ki, yeni qanun bu problemləri həll etsin”.

Bahar Rüstəmli