Xəbər lenti

Ağaxan Salmanlının 85 yaşı tamam olur: "Onun yeri həmişə görünəcək"
Sənət12:12 29.10.2026

Ağaxan Salmanlının 85 yaşı tamam olur: "Onun yeri həmişə görünəcək"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Xalq artisti, “Qızıl dərviş” mükafatı laureatı, mərhum aktyor Ağaxan Salmanlının anadan olmasının 85-ci ildönümüdür.

Bu münasibətlə Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı sənətkarın məzarını ziyarət edib.

Teatrın aktyoru Elnur Hüseynov Qaynarinfo-ya açıqlamasında Ağaxan Salmanlının sənət yoldaşlarının yaddaşında əbədi yaşayacağını və onun yoxluğunun teatrda hər zaman hiss olunduğunu bildirib.

“Bu gün onun məzarını ziyarət etdik. Ağaxan Salmanlının yubileyinin keçirilməsi barədə düşünürük. Güman ki, tədbir noyabr ayında baş tutacaq. Ağaxan müəllimi çox xoş xatirələrlə yad edirik. Məzarının önündə də bir-birimizlə onunla bağlı xatirələrimizi bölüşdük. Aktrisa Simuzər Ağakişiyeva və Xaliq Bəkirov onun tələbələri olublar. Ağaxan müəllim universitetdə bizə dərs deyib. Uzun illər bir yerdə çalışmışıq. Həm onun quruluş verdiyi tamaşalarda aktyor kimi çıxış etmişəm, həm də bir neçə tamaşasında ikinci rejissor kimi iştirak etmişəm. O, gözəl aktyor, rejissor və pedaqoq idi. Ağaxan müəllim həm də teatr tənqidçisi olub. Teatrşünas kimi tamaşaları çox gözəl təhlil edirdi. Uşaqlar üçün də çoxsaylı pyeslər yazıb”, – deyə Elnur Hüseynov bildirib.

Aktyor Ağaxan Salmanlının əsərlərinin ölkənin müxtəlif teatrlarında səhnələşdirildiyini də xatırladıb.

“Naxçıvan, Dərbənd teatrlarında və başqa səhnələrdə onun əsərləri tamaşaya qoyulub. Ağaxan müəllimin Dərbənd teatrında da fəaliyyəti olub. Bir neçə il orada çalışıb, tamaşalar hazırlayıb. Bu gün ömrünün 50 ilini səhnəyə həsr etmiş görkəmli sənətkarı anırıq. Ağaxan müəllimin özü haqqında yazdığı bir kitab da var. “Desəm də, deməsəm də” adlanan həmin kitab noyabr ayında işıq üzü görəcək və təqdimatı keçiriləcək. Aktyorlar arasında bu cür kitabların yazılması nadir hallarda rast gəlinən hadisədir. Kitabda Ağaxan müəllimin uşaqlığı, gəncliyi və teatrda keçdiyi sənət yolu əks olunub”, – deyə aktyor qeyd edib.

Elnur Hüseynov vurğulayıb ki, Ağaxan Salmanlı kimi sənətkarların Azərbaycan teatrında yeri hər zaman görünəcək.

Bahar Rüstəmli