
Alimlər müəyyən genetik dəyişikliklərə malik qaraciyər xərçəngi hüceyrələrinin fruktozanın təsirinə həssas olduğunu müəyyən ediblər. Siçanlar üzərində aparılan təcrübələrdə meyvə şəkərinin şişlərin yaranmasını və böyüməsini ləngitdiyi müşahidə olunub.
Qaynarinfo xəbər verir ki, Honkonq Şəhər Universitetinin tədqiqatçıları araşdırmanın nəticələrini Signal Transduction and Targeted Therapy jurnalında dərc ediblər.
Tədqiqat zamanı məlum olub ki, qaraciyər xərçəngi inkişaf etdikcə şiş hüceyrələrində fruktozanın parçalanmasına cavabdeh olan ALDOB geninin aktivliyi azalır. Bu isə hüceyrələrin şəkəri emal etmək qabiliyyətini zəiflədir.
Alimlər bu mexanizmi yoxlamaq üçün qaraciyər xərçəngi olan və ALDOB geni deaktiv edilmiş siçanlara tərkibində 10 faiz fruktoza olan su veriblər. Nəticədə həmin heyvanlarda şişlərin əmələ gəlməsi və böyüməsi əhəmiyyətli dərəcədə ləngiyib. Genin normal işlədiyi siçanlarda isə oxşar təsir qeydə alınmayıb.
Tədqiqatçıların izahına görə, ALDOB fermentinin çatışmazlığı fruktozanın parçalanması zamanı yaranan bəzi maddələrin hüceyrələrdə toplanmasına səbəb olur. Bu maddələrdən biri hüceyrələrin normal maddələr mübadiləsi və yaşaması üçün vacib olan MPI fermentinin fəaliyyətini zəiflədir. Nəticədə hüceyrə prosesləri pozulur və şiş hüceyrələrinin məhvinə şərait yaranır.
Araşdırmanın növbəti mərhələsində alimlər təxminən iki min dərman birləşməsini yoxlayaraq eyni fermentə təsir göstərə bilən ebselen maddəsini müəyyən ediblər. Siçanlar üzərində aparılan sınaqlarda bu maddə şişlərin böyüməsini ləngidib. Onun sorafenib adlı xərçəng əleyhinə preparatla birlikdə istifadəsi isə təsiri gücləndirib.
Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə qaraciyər xərçənginin müalicəsində şiş hüceyrələrinin maddələr mübadiləsi xüsusiyyətlərini nəzərə alan yeni yanaşmaların hazırlanmasına kömək edə bilər.
Bununla belə, tədqiqat hələlik yalnız heyvanlar üzərində aparılıb. Nəticələr fruktoza qəbulunun insanlarda xərçəngi müalicə etdiyini göstərmir. Buna görə də şəkərin qida rasionuna əlavə edilməsi xərçəngə qarşı müalicə üsulu hesab edilə bilməz.
Aydın