Xəbər lenti

"Pis" xolesterini azaltmağa kömək edən 5 məhsul
Sağlamlıq17:47 24.10.2026

"Pis" xolesterini azaltmağa kömək edən 5 məhsul

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qanda “pis” xolesterinin yüksək olması damarların divarlarında lövhələrin yaranmasına, ürək-damar xəstəlikləri və insult riskinin artmasına səbəb ola bilər. Dietoloqlar bəzi qidaların orqanizmdən xolesterinin xaric edilməsinə və onun qana sorulmasının azalmasına kömək etdiyini bildirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Verywell Health” nəşri məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, xolesterin orqanizmdə daim sintez olunur, istifadə edilir və xaric edilir. Qidalanma isə bu proseslərə müxtəlif yollarla təsir göstərə bilər.

Nəşr sağlam xolesterin səviyyəsini qorumağa kömək edə biləcək beş qida qrupunu açıqlayıb.

1. Yulaf

Yulaf və arpa kimi tam taxıllar beta-qlükan adlı həll olan liflə zəngindir. Bu maddə həzm sistemində geləbənzər qat əmələ gətirərək öd turşularının bir hissəsini özünə bağlayır və onların orqanizmdən xaric edilməsinə kömək edir. Nəticədə qaraciyər yeni öd turşuları hazırlamaq üçün daha çox xolesterindən istifadə edə bilər.

2. Paxlalılar

Noxud, qara lobya, mərcimək və sarı noxud kimi paxlalılar da həll olan lifin yaxşı mənbəyidir. Bu liflər öd turşularının bağırsaqlarda yenidən sorulmasını azalda bilər. Bundan əlavə, bağırsaq bakteriyalarının lifləri parçalanması nəticəsində yaranan bəzi maddələrin qaraciyərdə xolesterin istehsalını azaltmağa kömək edə biləcəyi ehtimal olunur. Bununla belə, həmin mexanizmlərin təsiri hələ də araşdırılır.

3. Meyvə və tərəvəzlər

Xüsusilə alma və sitrus meyvələri pektin adlı həll olan liflə zəngindir. Pektin həzm prosesində xolesterinin orqanizmdən xaric edilməsinə kömək edə bilər. Meyvə və tərəvəzlərdə olan bitki sterolları da bağırsaqlarda xolesterinin sorulmasını məhdudlaşdıra bilər.

4. Qoz-fındıq və toxumlar

Badam, qoz, püstə, çia və kətan toxumları faydalı doymamış yağlar, lif və bitki mənşəli birləşmələrlə zəngindir. Bu qidaların rasiona daxil edilməsi “pis” xolesterinin səviyyəsinin azalmasına kömək edə bilər. Onları ara yemək kimi, salatlara əlavə edərək və ya yulaf sıyığı ilə birlikdə qəbul etmək mümkündür.

5. Faydalı yağlar

Avokado, zeytun yağı və qızılbalıq, alabalıq, sardina kimi yağlı balıqlar ürək sağlamlığı üçün faydalı yağların mənbəyidir. Kərə yağını zeytun yağı ilə əvəz etmək və yağlı qırmızı ət əvəzinə balıq seçmək doymuş yağların qəbulunu azaltmağa kömək edə bilər. Bu isə qanda “pis” xolesterinin səviyyəsinə müsbət təsir göstərə bilər.

Mütəxəssislər vurğulayırlar ki, xolesterinin nəzarətdə saxlanılması üçün ayrı-ayrı məhsullardan çox, ümumi qidalanma vərdişləri əhəmiyyətlidir. Liflə zəngin qidaların artırılması və doymuş yağların azaldılması sağlam qidalanmanın əsas prinsiplərindəndir. Xolesterin yüksək olduqda isə qidalanma dəyişiklikləri həkim məsləhətini və zəruri müalicəni əvəz etməməlidir.

Aydın