
Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli taekvondo federasiyasının prezidenti, iş adamı Slavi Binev öldürülüb.
Qaynarinfo xəbər verir ki, Bolqarıstan Milli Polis Baş İdarəsi məlumatı NOVA telekanalına təsdiqləyib. Hadisə paytaxt Sofiyanın Pavlovo rayonunda baş verib.
Polisə cinayət barədə məlumat saat 10:18-də daxil olub. Təcili tibbi yardım briqadası yeddi dəqiqə ərzində hadisə yerinə çatsa da, həkimlər Binevin həyatını xilas edə bilməyiblər.
NOVA-nın məlumatına görə, hadisə barədə hüquq-mühafizə orqanlarına Binevin evində işləyən fəhlə məlumat verib. Onun sözlərinə görə, evə bir neçə nəfər gəlib və atəş səsləri eşidilib. Hadisə yerinə yaxınlaşan zaman fəhlə Binevi öldürülmüş vəziyyətdə görüb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibi Lyubomir Nikolov bildirib ki, hadisə yerində bir giliz tapılıb, mərhumun baş nahiyəsində isə bir güllə yarası aşkarlanıb.

Üç nəfər magistral yolda saxlanıldı
Qətllə bağlı məlumat yayıldıqdan təxminən bir saat sonra hüquq-mühafizə orqanları Trakiya avtomagistralının 54-cü kilometrində, Trayanovi Vrata tunelinin yaxınlığında üç nəfəri saxlayıb. Onların üzərində iki silah aşkarlanıb. Silahlardan biri avtomobil saxlanılmamışdan əvvəl kənara atılıb, digəri isə saxlanılan şəxslərdən birinin çantasında tapılıb. Onlardan biri Bolqarıstan, ikisi Türkiyə vətəndaşıdır.
Nikolovun sözlərinə görə, saxlanılan şəxslər Binevin qonaqları olub və tikinti sahəsində fəaliyyət göstəriblər. Onların Sofiyada iki yaşayış kompleksinin tikintisini həyata keçirdikləri bildirilir. Bununla belə, Binevlə tikinti işlərini aparan şirkət arasında hər hansı əlaqənin olduğu hələlik müəyyən edilməyib.
Daxili İşlər Nazirliyinin baş katibi ilkin mərhələdə hadisəni sifarişli qətl kimi qiymətləndirmək üçün əsas olmadığını deyib. İstintaqın əsas ehtimallarından biri tərəflər arasında həll olunmamış maliyyə mübahisəsidir. Saxlanılan şəxslərin silah gəzdirmək üçün icazələrinin olduğu da açıqlanıb.
Sofiya Şəhər Prokurorluğu faktla bağlı cinayət işi üzrə icraata başlayıb. Saxlanılan şəxslərə rəsmi ittihamların irəli sürülməsi və onların 72 saat müddətinə həbsdə saxlanılması ilə bağlı qərarın növbəti gün açıqlanacağı gözlənilir.

Slavi Binev kim olub?
Slavi Binev Bolqarıstanın idman və siyasət sahəsində tanınmış simalarından biri olub. O, Bolqarıstan Taekvondo Federasiyasına rəhbərlik etməklə yanaşı, Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Şurasının üzvü və Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti vəzifələrini tutub.
Binev Dünya Taekvondo Federasiyasının 14 nəfərlik idarəetmə orqanına daxil olan ilk bolqar kimi də tanınıb.
Onun siyasi fəaliyyəti “Ataka” partiyası ilə başlayıb. Binev 2007-ci ildə Avropa Parlamentinin deputatı seçilib, 2009-cu ildə isə yenidən bu vəzifəyə qayıdıb. Sonrakı illərdə müxtəlif siyasi təşkilatlarda fəaliyyət göstərib.
2014-cü ildə Bolqarıstan parlamentinə deputat seçilən Binev həmin ilin dekabrında parlamentin Mədəniyyət komitəsinin sədri təyin olunub. Lakin bu qərar ölkədə etirazlara səbəb olub və o, dekabrın 8-də vəzifəsindən istefa verib. 2017-ci il parlament seçkilərində isə Hüquq və Azadlıqlar Hərəkatının namizədlər siyahısında yer alıb.

Taekvondo turnirində tədbirlər ləğv edildi
Binevin qətlə yetirilməsi Bolqarıstanda idman ictimaiyyətinə də təsir edib. Sofiyanın “Levski Sofiya” idman zalında keçirilməsi planlaşdırılan 13-cü Beynəlxalq Olimpiya Taekvondo Turniri ilə bağlı rəsmi mərasimlər ləğv olunub.
Yarış iştirakçıları və hakimlər mərhumun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bolqarıstan Taekvondo Federasiyasının vitse-prezidenti Dimitır Mixaylov iştirakçılara Binevin vəfatı barədə məlumat verərək onun yaxınlarına başsağlığı çatdırıb.
Aydın