
Dövrünün görkəmli alimləri Albert Eynşteyn və Mariya Kuri 20 il ərzində məktublaşıblar. Onların məktublarının səhifələrində radioaktivlik izləri aşkarlanıb. Bu izlər fransız alimin radioaktiv elementlərlə işləməsi nəticəsində yaranıb.
Qaynarinfo xəbər verir ki, Science-et-vie.com nəşrinin məlumatına görə, polşalı yazıçı Eva Labno-Falençka Eynşteyn və Kürinin 1911–1932-ci illərdə yazdıqları məktubları bir kitabda toplayıb. Uzun müddət geniş ictimaiyyətə az məlum olan bu yazışmalar indi alimlərin dostluğu, elmi maraqları və dövrün siyasi hadisələrinə münasibətləri haqqında daha çox məlumat əldə etməyə imkan verir.
Eynşteyn və Mariya Kuri 1911-ci ilin oktyabrında Brüsseldə keçirilən ilk Solvey Konqresində tanış olublar. Həmin tədbirdə dövrün aparıcı fizikləri bir araya gəlmişdilər. Eynşteyn Kürinin elmi dəqiqliyini yüksək qiymətləndirib, Kuri isə gənc alimdə istedadlı tədqiqatçı görüb.
Həmin dövrdə Fransa mətbuatı şəxsi həyatı ilə əlaqədar Kürini təqib edir, onu evli kişi ilə münasibətdə olmaqda ittiham edirdi. Eynşteyn həmkarına dəstək göstərərək jurnalistlərin hücumlarına məhəl qoymamağı tövsiyə edib. Bu dəstək onların uzunmüddətli dostluğunun əsasını qoyan hadisələrdən biri olub.
Alimlər məktublarında elmi məsələləri müzakirə edir, şəxsi xəbərlərini və gələcək planlarını bölüşürdülər. Eynşteyn Kürini ailəsinə qonaq dəvət edir, bəzən sərt ünsiyyət tərzinə görə ondan üzr də istəyirdi. Kuri isə peşəkar planları və gələcək səfərləri barədə ona məlumat verirdi.
Məktublarda elmi tədqiqatlar, o cümlədən rentgen şüalarının kristallarla qarşılıqlı təsiri də müzakirə olunurdu.
Məktublarda radioaktivlik izləri niyə qalıb?
Kitab üzərində işləyərkən Labno-Falençka müxtəlif ölkələrdəki arxivləri araşdırıb. Axtarışları onu Fransa Milli Kitabxanasına və Qüdsdəki Yəhudi Universitetinə aparıb. Eynşteynlə bağlı təxminən 85 min sənədin saxlanıldığı bu arxivlər alimlərin irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Arxiv materiallarının araşdırılması zamanı məktubların səhifələrində radioaktiv maddələrin izlərinin qaldığı müəyyən edilib. Mariya Kuri uzun illər digər tədqiqatçılarla birlikdə kəşf etdiyi radium və polonium elementləri ilə işləyib.
Onun elmi fəaliyyəti nəticəsində radioaktiv maddələrin izləri kağız üzərində qalıb. Bəzi sənədlər araşdırılmadan əvvəl radioaktiv tozun təmizlənməsi tələb olunub.
Davam edən radioaktiv çirklənmə səbəbindən Kürinin əlyazmaları xüsusi şəraitdə saxlanılmalıdır. Məsələn, onun laboratoriya dəftərləri daxili səthi qurğuşunla örtülmüş xüsusi qoruyucu qablarda mühafizə edilir.
Alimlər siyasət barədə də yazışırdılar
1920-ci illərdə Eynşteyn və Kürinin məktublarında siyasi hadisələr getdikcə daha çox yer almağa başlayıb. Hər iki alim Millətlər Liqasının beynəlxalq elmi əməkdaşlıqla məşğul olan komissiyasının fəaliyyətində iştirak edirdi.
Eynşteyn Almaniyada antisemitizmin güclənməsini getdikcə daha ciddi təhlükə hesab etdiyindən komissiyanı tərk etməklə hədələyirdi. Kuri isə onu fəaliyyətini davam etdirməyə inandırmağa çalışırdı.
Tarixçi Sabina Prezunun qeyd etdiyi kimi, məktublar Eynşteynin siyasi təhdidlərlə üzləşdiyi və tədricən Almaniyadan uzaqlaşdığı dövrü daha yaxşı anlamağa kömək edir.
1922-ci ildə Eynşteyn Uzaq Şərqə səyahətə çıxıb və fizika üzrə Nobel mükafatını şəxsən almaq üçün mərasimə qatılmayıb.
Dərc olunmuş yazışmalardakı son məktubdan bir il sonra, 1933-cü ildə Eynşteyn Almaniyanı birdəfəlik tərk edib və bir daha bu ölkəyə qayıtmayıb.
Aydın