
Nikaraquada yerləşən aktiv Masaya vulkanının altında əvvəllər məlum olmayan iki maqma mənbəyi aşkar edilib. Alimlər hesab edirlər ki, bu kəşf vulkanın daxilində ərimiş süxurların hərəkətini daha yaxşı anlamağa və gələcək püskürmələri proqnozlaşdırmağa kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri məlumat yayıb.
Pensilvaniya Dövlət Universitetinin alimləri altı il ərzində peyk müşahidələrindən istifadə edərək Masaya vulkanı ətrafındakı relyef dəyişikliklərini araşdırıblar. 2018–2024-cü illəri əhatə edən məlumatlar göstərib ki, vulkanın kalderasında torpaq əvvəlcə çöküb, sonradan isə yenidən yüksəlməyə başlayıb.
Tədqiqatçılar bu dəyişiklikləri yerin dərinliklərindəki maqma ehtiyatının həcmi və təzyiqinin dəyişməsi ilə əlaqələndirirlər. Maqma rezervuardan çıxdıqda yer səthi çökə, yeni maqma daxil olduqda isə yüksələ bilər.
Lakin araşdırmanın ən maraqlı nəticəsi aktiv Santyaqo kraterinin ətrafında qeydə alınıb. Kalderanın digər hissələri sonradan yüksəlməyə başlasa da, kraterin yaxınlığındakı ərazi bütün altı il ərzində çökməyə davam edib.
Tədqiqatın aparıcı müəllifi Lizzi Consonun sözlərinə görə, bu fərq vulkanın yeraltı sisteminin düşünüldüyündən daha mürəkkəb olduğunu göstərir. Ehtimala görə, daha dərində yerləşən maqma mənbəyi əsas rezervuarı yeni ərimiş süxurlarla təmin edir, kraterin altındakı daha kiçik rezervuarda isə maqmanın həcmi azalır.
Alimlər bildirirlər ki, Masaya vulkanının yeraltı kanalları və maqma rezervuarları hələ tam öyrənilməyib. Buna görə də yeni müşahidələr vulkanik proseslərin izlənilməsi və mümkün püskürmələrin proqnozlaşdırılması baxımından əhəmiyyətlidir.
Tədqiqatçıların diqqətini çəkən digər məqam vulkanın ətrafında yaşayan insanların sayıdır. Masaya vulkanının 20 kilometr radiusunda təxminən 2 milyon insan yaşayır. Ərazi həm də turistlərin üz tutduğu məşhur milli parkdır.
Mütəxəssislərin məlumatına görə, vulkanda son böyük lava axını 1772-ci ildə müşahidə olunub. Bununla belə, Masaya daim qaz buraxır və bu proses təhlükəli səviyyədə kükürd dioksidin toplanmasına səbəb ola bilər.
Alimlər vurğulayırlar ki, yeraltı maqma sistemindəki dəyişikliklər avtomatik olaraq yaxın zamanda püskürmə baş verəcəyi demək deyil. Bununla belə, vulkanın fəaliyyətinin davamlı izlənilməsi ətraf ərazilərdə yaşayan insanların təhlükəsizliyi baxımından vacibdir.
Aydın